Yeni İstanbul kanalı – Türkiyənin yeni iqtisadi və geosiyasi həmləsi

 

Türkiyə hökuməti nəhayət ki, uzun sürən müzakirədən sonra, iyun ayının axırında yeni İstanbul kanalının tikintisinə başlamağa qərar verdi.
Kanalın tikintisi və istifadəyə verilməsi Türkiyə tarixində çox mühüm hadisədir.
Türkiyənin illərdir arzusunda olduğu həmin kanalın tikintisi üçün bu vaxta qədər nə iqtisadi, nə də siyasi imkanı olmuşdur. Bu imkan yalnız, R. T. Ərdoğan başqa olmaqla, AKP iqtidarına qismət olmuşdur.
Kanalın uzunluğu 43 km, eni 150 m, dərinliyi 25 m olacaq. Qara dənizlə Mərmərə dənizini birləşdirəcək kanal Türkiyəyə nəyi qazandıracaq?
1936 – cı ildə bağlanmış Montre ( bəzən “Montrö” yazılır) sazişinə görə Türkiyə boğazdan keçən gəmilərdən heç bir keçid haqqı almaq hüququ yoxdur. Bundan başqa, Türkiyənin boğazdan keçən gəmilərə demək olar ki, nəzarət etmək hüququ da yoxdur.
Əsas isə, yeni İstanbul kanalı Türkiyənin geopolitik imkanlarını artırır.


Məsələn, Amerikanın hərbi təyyarə daşıyan gəmilərinin ( onların sayı onbirdir, hər gəmidə atom bombası daşıya bilən doxsan hərbi təyyarə var) Qara dənizə girə bilməsi üçün mütləq Türkiyədən icazə almalı olacaqdır, çünki indiki kanalın həm fiziki, həm də hüquqi cəhətdən belə imkanı yoxdur. Belə hərbi gəmilərin eni 10,3 metrdir və 150 metr eni olan yeni kanaldan bu gəmilər rahat şəkildə keçəcəklər.
Yeni kanalın tikintisi ilə Montre sazişi qüvvədən düşmüş olur.
Nəzərə alaq ki, Amerikanın hərbi gəmilərinin Rusiyaya, Ukraynaya, Qafqaza yaxınlaşması yalnız Qara dənizlə mümkündür ( Baltik dənizinin belə böyük hərbi gəmiləri keçirmək imkanı yoxdur). Beləliklə, yeni İstanbul kanalının Türkiyə üçün nə dərəcədə əhəmiyyətli, Krımı işğal edən Rusiya üçün isə nə qədər təhlükəli olduğunu görürük. Türkiyə yeni İstanbul kanalı vasitəsilə həm Qərbi (başda ABŞ olmaqla), həm də Rusiyanı özündən asılı vəziyyətə salır.
Kanalın layihəsi üzərində iki yüzə yaxın mütəxəssis işləmiş və həmin kanal vasitəsilə hər iki dənizin – Qara dənizlə Mərmərə dənizinin ekoloji vəziyyətinin yaxşılaşacağına rəy vermişlər.
Kanalın tikintisi üçün 10 milyard dollar xərclənəcəyi gözlənilir. Buraya kanaldan əlavə, kanalın hər iki sahilində hər biri üç yüz min nəfərlik olmaqla yeni yaşayış binalarının, bir çox körpülərin, ticarət, əyləncə, istirahət, tibbi və sosial obyektlərin tikintisi nəzərdə tutulur.

Kanalın iqtisadi gəliri də nəzərə alınmalıdır. Boğazdan keçmək üçün aylarla vaxt gözləyən gəmilər yeni kanaldan müəyyən məbləğ ödəməklə rahatlıqla öz yollarına davam edəcəklər.
Yeni yaşayış binalarının və ticarət obyektlərinin satışından əldə edilən gəlirlərlə kanalın tikintisinə çəkilən xərclər ödəniləcəkdir.
Tikintinin 2028 – ci ildə başa çatması gözlənilir.
Necə deyərlər, xeyirli uğurlu olsun, Türkiyəm!

Şahin Sirvanlı.

Bunu paylaş:

Bir cavab yazın