Yenə nələr olur?


Müharibə başlayandan bəri hamı- yəni xalq da, hakimiyyətə müxalif olanlar da Vətən və Dövlətçilik naminə birləşdilər, VƏHDƏT yaratdılar. Hətta məlum bəyanatdan sonra bəziləri bunu xəyanət, Azərbaycanın yenidən Rusiya tərəfindən işğalı kimi qiymətləndirsə də (əslində də belə idi) amma bir çox siyasətçilər belə çətin və həssas məqamda xalqı sakitləşdirməyi lazım bildilər. Çünki belə məqamda stabilliyi saxlamaq çox vacibdir. Və hamı ümid edirdi ki, İlham Əliyevin 17 illik hakimiyyəti dövründə etdikləri bütün günahlara göz yumub Qarabağa görə onu dəstəkləməliyik və dəstəklədik də. Bəs indi nə oldu? Kəlbəcərin azad olunması münasibətilə təbrik əvəzinə ağzına gələni danışır.

Və bir çox müəmmalar ortaya çıxır:
Nə üçün Türkiyə ordusu hələ də Azərbaycanda deyil?
Şəhərdə kimlər tərəfindənsə rus bayraqları qaldırılır. Rusa sevgisini göstərənlər kimdir və niyə buna göz yumulur?
Bir neçə yerlərdə Azərbaycan və Türkiyə bayraqları endirilib qırılır, niyə bunlar araşdırılmır?
Xankəndində bizim yox, erməni və rus bayraqları dalğalanır və “sülhməramlılar” tərəfindən provakasiya cəhdləri olunur.

İlham Əliyevin bugünkü çıxışı bu hadisələrin heç də təsadüfi olmadığını göstərir. Bəs biz bir xalq kimi neyləməliyik? Biz yenidən rusların işğalını qəbul etməliyikmi?
Unutmayaq ki, iyul ayında xalqın təpkisini görəndən sonra İlham müharibəyə başladı. Biz bu qədər şəhid verib qələbə qazanmışıq və indi yenidən işğala razı olmamalıyıq. İmkan daxilində öz etirazımızı bildirməliyik. 1993 -dəki kimi rus qoşunları burdan qovulmalı, qardaş Türkiyənin ordusu Azərbaycana gəlməlidir.

Yeri gəlmişkən deyim ki, İlham Əliyevin indi dünyanın gözünə soxduğu BMT-nin 4 qətnaməsini indi bəyənmədiyi mərhum Tofiq Qasımov XİN olanda mərhum Elçibəylə birlikdə hazırlamışdı. 27 illik əliyevlər hakimiyyəti dövründə isə bir dənə də qətnamə hazırlanmayıb.

Müharibəni deyə bilmərəm, amma mübarizə yenidən başlayıb davam edir.

Yaqut Xəlilova

Bunu paylaş: