Xaos yaşayan təhsilimiz

Sağlam təhsil sağlam cəmiyyətin əsasını təşkil edir. Lakin bu gün Azərbaycanda təhsil sisteminin çöküşdə olduğu hər kəsə məlumdur. Ölkədəki təhsil sisteminin bərbad olduğunu görmək və bilmək üçün heç də ekspert olmağa gərək yoxdur.

Artıq ikinci ildir ki, bütün dünyanı əhatə edən Covid-19 virusu Azərbaycandan da yan keçməmiş və ölkəni ağuşuna almışdır. Ümumdünya pandemiyanın təsiri onsuz da acınacaqlı durumda olan təhsilimizi daha bərbad vəziyyətə gətirib çıxarmışdır.

Pandemiya zamanı təhsilin distant rejimdə verilməsi ölkə təhsilindəki çatışmazlıqları daha da qabartmışdır. Dərslər distant rejimə keçmiş, lakin əksər tələbə və şagirdlər hələ də keyfiyyətli təhsildən yararlana bilmirlər. Ən əsas səbəblərdən biri kimi aztəminatlı, imkansız ailələrin övladlarının maddi baxımdan distant dərslərə qoşula bilməməsini göstərmək olar. Yəni daha dəqiq desək, aztəminatlı şagird və tələbələrin distant dərslərə qoşulması üçün sürətli internet və texniki avadanlıqlarla təmin olunmamasını göstərmək olar.

Təəssüflər olsun ki, hökumətin təmin etməli olduğu texniki avadanlıqları, əksər əhali almaqda çətinliklərlə üzləşir. Səbəb isə məlumdur. Maddi-sosial sıxıntı. Onsuz da ölkədə işsizlik azmış kimi, pandemiya zamanı bir çox iş yerlərinin bağlanması insanların maddi durumunu daha da ağırlaşdırmışdır.

Hökumət pandemiya dövründə təhsildən ayrı düşən övladlarımız üçün təcili hərəkətə keçməli, maddi-mənəvi dəstəyini əsirgəməməlidir. Təhsil nazirliyi bugünkü mövcud vəziyyəti nəzərə alaraq, distant təhsil prosesini daha da effektiv, hər şagird üçün əlçatan şəkildə təşkil etməli və keyfiyyətli təhsil verməyə nail olmalıdır.

Distant təhsildən hər bir vətəndaşın yararlanması üçün hökumət təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması üçün təcili-təxirəsalınmaz tədbirlər planı hazırlamalı və plana uyğun olaraq, hər bir tələbə və ya şagird texniki avadanlıqlarla təmin edilməlidir. Bunun üçün isə təhsil nazirliyi hökumətlə birgə, çıxılmaz durumda olan tələbə-şagirdlər üçün bütün gücünü səfərbər etməlidir.

Sonda Azərbaycan Respublikasının Təhsil nazirliyinə, şəxsən cənab Emin Eldar oğlu Əmrullayevə bir xatırlatma etmək istərdim:

Azərbaycan Respublikası Konstitusiyasının   42-ci maddəsinə əsaslanaraq:

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməli.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilməli.
IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlətin zəmanət verməsi.
V. Dövlət minimum təhsil standartlarını müəyyən etməli.

Əziz Əzizli

Bunu paylaş: