Xaliq Bahadır: Tutacağımız, Gedəcəyimiz Yol

Birinci Qarabağ savaşında Ukraynalılar bizə bacardıqca qardaş yardımı etdilər. Xalqımız bunu unutmadı, unutmur. Bu gün aqressor Putin Ukraynada Ukrayna boyda “bayram” tonqalı qalayıb, Ukraynanı darmadağın eləyir. Uşaq-böyük qırılır, adamlar doğma yurd-yuvalarında öldürülür, ev-eşiyindən olur. Rus-erməni ordusunun Qarabağda, Azərbaycanın başqa yerlərində etdiklərini işğalçı Rusiya ordusu indi qardaş Ukraynada edir.
Yaxşılığı unutmayan, qardaşlıq duyğularına bağlı qalan Azərbaycan xalqı, sosial şəbəkədən göründüyü kimi, qabaqcıl, humanist dünya ilə birgə bütünlüklə qardaş Ukrayna xalqının yanındadır. Bizi yalnız qan-qardaşlıq deyil, eləcə də işğalçı Rusiyadan qaynaqlanan çoxillik, çoxsaylı qırğınların, dağıntıların doğurduğu ortaq ağrı-acılarımız birləşdirir.
Nə yazıqlar, bizdəki hakimiyət bizim ağrı-acı ortağımız, qardaş olaraq dəyərləndirdiyimiz Ukrayna ilə deyil, işğalcı Rusiya ilə birlikdədir. Ukraynaya basqın qabağı Putinin çağırıb qollatdığı “müttəfiqlik” bağlaşmasına uyğun olaraq, ordudan tutmuş finansa, göy-göyərtiyədək Azərbaycan Putin Rusiyasına gərəkən bütün yardımları etməlidir. Qarabağa gecəylə ordu yeridən, soyqırım törətdiyi Xocalını əlində saxlayan, Qarabağdan gedən erməniləri geri qaytaran, ermənilərin ayın-şayın gedib-gəlmələri üçün onlara 5 km enində Laçın koridoru düzəldən Putin indiki “müttəfiqlik” bağlaşması ilə Batı yaptırımlarından qorunmaq üçün faktiki olaraq bütün Azərbaycanı Rusiyadan ərəb ölkələrinə doğru uzanan geniş koridora dönüşdürdü.
Biriləri, bir sıra rejim əlaltıları, hansısa saxta-qurama partiya boşqanı adı altında növbənöv bahalı kostyumlarıyla ölkə dışındakı Azerfreedomdan ölkə içindəki internet tv-lərədək dünyanı başlarına götürmüş, haray-həşir qoparmışdılar: “Ramiz Ənvəroviç! Ramiz Ənvəroviç!” Guya ölkədə “5-ci kolon” adına nə varsa hamısı Ramiz Mehdiyevə bağlıymış, buna görə Ramiz Mehdiyev “bir an belə yubanmadan” işdən uzaqlaşdırılmalı, cəzalandırılmalıymış. Belə əlaltılar aldıqları tapşırığa uyğun olaraq xalqı aldadanlardır. Onların dedikləri öz sözləri olmadığı kimi, başında durduqları qondarma partiyalar da gerçəkdə özlərinin deyil.
R. Mehdiyev 2019-cu ilin oktyabarından yetkisiz duruma gətirilib, Azərbaycanı faktiki olaraq Rusiyanın arxa bağçasına dönüşdürən “müttəfiqlik” bağlaşması R.Mehdiyev sonuncu iş yerindən- AMEA-dan da uzaqlaşdırılandan sonra bağlandı.

Ölkədəki, dövlət qurumlarındakı bütün çatışmazlıqları, qanunsuzluqları R.Mehdiyevin adına bağlamaq hakimiyəti xalqın gözündə doğrultmaqdan ötrüydü. Başqa sözlə, tapşırıqla xalqı aldatmaq idi. Nə oldu? Deyək, xalq bir ara aldadıldı. Sonra? Fəzail başda olmaqla 30 ilin nomenlkatur deputatları 30 illik rejim cinayətlərini R.Mehdiyevin boynuna yüklədilər. Yenə xalqı aldatmaqla hakimiyəti “təmizə” çıxarmaq, doğrultmaq üçün. Ramiz F.M.Dostoyevskinin bəlli romanında olduğu sayaq “alçaldılmış, təhqir edilmiş” birinə çevrilərək hakimiyətdən getdi.
Nə dəyişdi, nə dəyişə bilər? Dönə-dönə yazmışıq: başlıcası Ramiz kimilər deyil, Ramiz kimiləri dəyərləndirib başa çəkən, başa çəkib yetki yiyəsi eləməklə dəyərə mindirib xalqa görk eləyən politik sistem, politik rejimdir. Ən qatı cinasyətkar olsalar belə, Ramiz kimilər özbaşına deyil, rejimin cinayət ortaqlarıdır. Başqa dövlət qurumları bir yana, “Daxili işlər nazirliyində” (Hacı Məmmədov faktı) “Milli təhlükəsizlik nazirliyində, “Müdafiə nazirliyində”, “Müdafiə sənayesi nazirliyi” kimi istənilən ölkənin varlığının qarantı olacaq strateji qurumlarda baş verənləri- milyonlarla yeyinti-mənimsəmə, adamöldürmə, soyqırım faktlarını- bir kimsənin, hansısa Ramiz Mehdiyevin boynuna yıxmaqla toplum olaraq, dövlət olaraq nə qazana bilərik? Düşünək, görək nəsə qazana bilərikmi? Yox!
Bizim hamılıqla qurtuluşumuzun yalnız bir yolu var: Demokratik Hüquq dövlət qurmaq!
İstəsək də, istəməsək də bütün başqa yollar məhkəməsi olub bitmiş, eləsə də indi olan Hacı Məmmədovlara, Akif Çovdarovlara, Mövlam Şıxəliyevlərə, bir də indiyədək məhkəməsi olmayan Ramiz Mehdiyev kimi bir çoxlarına aparıb çıxarır, çıxaracaq…

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın