Xaliq Bahadır: Türkiyə avtoritarizmlə demokratiyanın yolayrıcında

Türkiyə İsveçlə Finlandiyanın NATO-ya girməsini istəmir.Adı çəkilən ölkələrin bu istəyinin gerçəkləşməsi üçün öz istəklərini önə çəkir, özümlü qoşullarla çıxış edir.
Türkiyənin dış işlər baxanı Mövlud Çavuşoğlunun bildirdiyinə görə, Türkiyə NATO-nun genişlənməyinə qarşı deyil, terrora yardımçı olan ölkələrin quruma girməsinə qarşıdır.Çavuşoğlu İsveçlə Finlandiyanın NATO-ya girməsinə “hə” demək üçün irəli sürdükləri qoşulları açıqlayıb:
1) İsveçlə Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə onun törəmələrinin terror örgütü adlandırılması;
2) Yaraq embarqosunun götürülməsi;
3) F-35 qırıcı proqramına yenidən girmək;
4) F-16 qırıcılarının yeni alış paketinin onaylanması;
5) S-400 hava saldırısından savunma sistemi ilə bağlı sanksiyaların götürülməsi.
Bunlar Prezident Ərdoğanla baxan Çavuşoğlunun birgə ortaya çıxardıqları istəklərdir.Türkiyədə də, Azərbaycanda da çoxları bu istəkləri düzgün sayır.Mən də bu istəkləri düzgün sayıram, ancaq başqaları kimi kəsinliklə yox. Nə üçün?
Bəlli olduğu kimi, Ərdoğan Türkiyənin iç politikasına korrupsiya, dış politikasına özgüdükçü axarda dəngəsizlik gətirmiş birisidr. Onun iç-dış politikalarında Türkiyənin dövlət çıxarları bağlı dərindən düşünülmüş sistemlilik yoxdur. Belə bir sistemlilik özünü yalnız onun özəl çıxarları ilə bağlı çalışmalarında göstərir.
NATO dövlətinin demokratik olması qurumun üyəlik qoşulları arasında başlıca yer tutur.Ərdoğan çoxillik hakimiyəti boyunca çeşidli manipulyasiyalarla Türkiyədə demokratik dəyərlərə sayğısız Tək adam rejimi qurub. Ərdoğanın Putinlə, İ.Əliyevlə ayrılmaz yaxınlığı da, istər bizdə, istər Türkiyədə bir çoxlarının düşündüyü kimi, Türkiyənin dövlət çıxarları üçün deyil, özəl çıxarlara, Tək adam ortaqlığına görədir.
Ortadakı faktlardan göründüyü kimi, 44 günlük Qarabağ savaşı da Tək adam rejimlərini oluşduran üçlüyün birgə projesi idi.Qarabağ bu gün geopolitik olaraq o üçlük arasında pay-püşk edilmiş durumdadır. Onlar üçü də uzun illərdən bəri başında durduqları ölkəni aldadıcı demokratiya ritorikasiyla avtoritarizmə gətirib çıxarıb. Bu gün də onlar başında durduqları avtoritarizmin birliyini oluşdurmaqla Ukrayna yönümlü bəlli dünya birliyinə qarşı çıxırlar.Ancaq… ortadakı güc balansına uyğun olaraq, belə desək, daha çox yumşaq dirəniş göstərməklə.Qurduqları, başında durduqları avtoritar rejim prinsiplərinə uyğun olaraq onları indiki Ukrayna birliyi-Ukrayna koalisiyası ilə yaxınlaşdıracaq, birrləşdirəcək ortaq bir dəyər yoxdur.Burada- Putin ortamında isə üst-üstə düşən çox “dəyərlər” var: ortaq avtoritarizm dəyərləri.
Ərdoğan çoxillik hakiomiyəti boyunca Batı dəyərlərinə sayğısızlıq sərgiləməklə Batıdan nələrsə almağa, əldə etməyə çalışıb.Bu gün başında Ərdoğanın durduğu Türkiyə istər politik, istər ideoloji baxımdan NATO sdandartlarından uzaqdır.
Sözsüz, biz İsveçin də, Finlandiyanın da PKK-ya yardımçı olmalarını pisləyirik, ancaq Ərdoğanın başında durduğu, yön verdiyi politikalardan ara saxlamaqla.
2002-ci ilin yanvarında Bakıya gəlmiş Ərdoğan çoxsaylı kameralar qarşısında demişdi: “Azərbaycan hakimiyətinin yuxarı qatında PKK-ya yardımçı olanlar var”.Sonra nə oldu? Sonra hansısa alver sonucunda Ərdoğan Bakıda dediyini Türkiyədə dandı.
Azərbaycanda baş verənlər daha Ərdoğanı ilgiləndirmədi.


Ərdoğanın Putin Rusiyası ilə göz önündəki arxadaşlıq-qardaşlıq bağlantılarına gəlincə, burada da Türkiyənin dövlət çıxarları deyil, özəl çıxarlar öndədir. PKK-nı Kremlin yaratdığı, Kremlin barındırdığı çoxdan bəllidir. Başqaları bir yana, rusiyalı jurnalistlərin indiyədək bir neçə yol yazdıqlarına görə, Moskvanın yaxınlığındakı “Solneçnaya” adlanan yerdə PKK-nın öyrətim-toplanış bazası var. Kreml yapma “erməni genosidi” ideyasının baslıca yaradıcısı, yayıcısı olaraq tanınsa da, bütünlüklə Türklüyə qarşı olan erməni terrorizminə arxa dursa da, bu faktlar Ərdoğanla Kreml arasındakı sıcaqlığa azacıq da soyuqluq qata bilmir…

Biz istəsək də, istəməsək də açun strateji olaraq yenidən biçimlənməkdədir, bunu görməzdən gəlmək gələcəyə göz yummaq kimidir.
Bizim üçün başlıcası budur: demokratiya yolçuluğu.Ərdoğanın da, onun indilikdə oluşdurduğu birliyin də yolu bu deyil.Ulusal çıxarlar, dövlət çıxarları onlara yaddır: onların çalışdığı nə yolla olur-olsun hakimiyətdə qalmaq, hakimiyətlərini qoruyub saxlamaqdır- bu üzdən onlar demokratiyanı, demokratik dəyərləri yağı gözündə görürlər.

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın