Xaliq Bahadır: “Müttəfiqlik” absurdu

Bildirildiyinə görə, “Rusiya Xarici İşlər Nazirliyi Türkmənçay bağlaşmasını saxtalaşdırıb, ora “Doğu Ermənistan” sözünü artırıb. Bu, dünən, yeni bağlaşma bağlanandan sonra baş verib.

Elə dünən “müttəfiqlik” bağlaşmasının ardından Az TV-lər aldıqları tapşırığa uyğun olarq yenə aldadıcı propaqandaya hız verdilər: sən demə, Putinin diktəsiylə qollanan o bağlaşma Azərbaycana hava-su kimi gərəkmiş, bağlaşmadan sonra Azərbaycan Rusiyanın ən yaxın “müttəfiqi” olaraq Güney Qafqazda ən güclü, başlıca dövlətə çevriləcək, “Ermənistan” isə ayaq altında qalıb itəcəkmiş. Az TV-lərin bildirdiyinə görə, o üzdən ermənilər qaralar bağlayıb göz yaşı axıtmaqdadırlar.

Bizdəki düşük düşüncəli birilərinin “müttəfiqlik” bağlaşması ilə bağlı 10 noyabrdakı (2020-ci il) sayaq sevincək olmaları “bircə elə bu “Doğu Ermənistanla” alt-üst olmalıdır. Olmalıdır, ancaq buradan qandıqları nəsə varsa…

Rusiya Güvənlik qurulunun sonuncu yığıncağında (21 fevral 2022-cui il) Putinin I Pyotrı önə çəkməklə etdiyi çıxış imperialist Rusiya tarixini bilənlər üçün çox qorxulu mesajlar deməkdir. Putin özünü I Pyotrun yerində görən aqressordur. I Pyotr (1689-1725) isə ANTİTÜRK yönərgə (instruktaj) ilə Avropadan Rusiyaya göndərilmiş çar-emissar idi. Onun missiyası o çağlar Türk ölkəsi olaraq tanınan Böyük çöl-Tartariya adlanan ölkəni ANTİTÜRK ölkəsinə-Rusiyaya dönüşdürmək idi. I Pyotra verilən yönərgədə belə bir uyarı da vardı: “Bir Türk bir alman bölüyü deməkdir; iki Türk bir alman alayı deməkdir; üç Türkün bir araya gəlməsinə yol vermək olmaz”.
I Pyotrun ağalıq-hakimiyət tarixi Türklüyü qırma, yoxetmə tarixidir. Ona aşılanan strategiya, gerçəkləşdirilməsi üçün ona verilən proje belə idi. Başlıca olaraq Vatikandan qaynaqlanan o projedə Türklüyü yoxetmə aləti olaraq erməniliyə üstünlük qazandırılırdı. Erməni din böyüyü İsrail Ori (1658-1711) lap çağında ortaya çıxmışdı. 1722-ci ildə Dəmirqapını (Dərbəndi) tutub Azərbaycandan ayıran I Pyotr, görünür, özünün istəyi, Orinin yardımı ilə Dəmirqapıya çoxlu erməni köçürmüşdü. I Pyotr erməni çoxluğu yaratmaqla yalnız Dəmirqapının deyil, bütün Azərbaycanın etnik kimliyini, başqa sözlə, Türk kimliyini dəyişmək stratejisinə yüklənmiş, projeni uyğulama politikasına Dəmirqapıdan başlamışdı.

Öz ölkəsi olmayan ermənilər bütün Yer üzünə səpələnmişdilər. Onları yalnız din birləşdirirdi. Onlar etnik-ulusal sorunlarını xristian birliyindən yararlanmaqla çözməyə çalışırdılar. Onlara gərəkən çağın yetişdiyini görən İsrail Ori ermənilərin üzünü Rusiyaya çevirdi. Rusiyaya köçmək üçün onlara çağırışlarda bulundu. Katolikos Ori İsraelyan Avropa ölkələrini gəzərək toparlanıb “erməni vilayəti” yaratmaq üçün erməniləri Rusiyaya çağırırdı. Ermənilər düşündükləri “erməni vilayətini” Rusiyanın ortalarında yaratmaq istəyirdilər. Ermənilərin bu istəyinin qarşısını Rusiyanın Qacarlar (İran) dövlətindəki elçibaşısı A.S.Qriboyedov (1790-1829) almışdı. Qriboyedov I Nikolaya məktubunda yazırdı: “Əlahəzrət, ermənilərin orta rus topraqlarında yerləşməsinə yol verməyin. Onlar elə yaranmışlardı bir neçə il keçəndən sonra bütün dünyaya bu topraqların ata-babalarından qaldığını bağıracaqlar”.

Qriboyedov Təbrizdə, Tehranda keçirdiyi illər içində erməniləri yaxından, başqa sözlə, içdən tanıya bilmişdi. Onun erməniləri yaxından tanıması Azərbaycanı böyük topraq itkisindən başqa bir də indiyədək sonu görünməyən qırğınlara uğratdı: Qriboyedov erməniləri Quzey Azərbaycana (başlıca olaraq İrəvan-Naxçıvan, Qarabağ bölgəsinə) köçürmə projesinin başında dururdu.

Başda katolikos Nerses olmaqla, erməni din böyükləri ilə Rusiya ordusunda qulluq edən erməni ordu yetkililəri köçürmə işində Qriboyedovla birgə çalışırdılar. Nerses polkovnik L.Lazaryana yazırdı: ”İndi bizim erməni millətinin sədaqətli qoruyucusu cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlarla bağlı mənim istəyimi unutmamasını, onları rus ağalığının güclü bayrağı altına gətirməsini istəyirəm… Mən eləcə də İranda olan bütün ermənilərlə bağlı zati-alidən (general İ.F. Paskeviçdən.- X.B.) istəkdə bulundum.

İndi cənaba (A.S.Qriboyedova.- X.B.) bununla bağlı yazaraq cənabınızdan da istəyirəm İvan Fyodoroviç Paskeviçi yönləndirəsiz İranın şəhərlərində, kəndlərində yaşayan ermənilərin barışıq çağı böyük Rusiya imperiyasının ağalığı altında özgür Ermənistana qayıtması ilə bağlı maddəni bağlaşmaya salmağı unutmasın”.
Burada saya bir erməninin deyil, erməni din adamının, din böyüyünün tülkülüyü, Rusiya gücündən yararlanmaq üçün nələrə əl atdığı, necə sırtıqlıq etdiyi sərgilənib. Ermənilərin gücü beləcə tülkülükdə, sırtıqlıqdadır. Ermənilər baş komandandan sınırların elə aparılmasını istəyirdilər “Ermənistan dövləti yaratmağa qarantiya” olsun. Paskeviç ermənilərin istəyinə baxmadı.

Nerses “əsir düşmüş xristianlarla bağlı istəyinin unudulmamasını” diləyir. O, bilərəkdən, “sarı simə” toxunmaq üçün erməni deyil, “xristian” anayışını işlədir. Əsir düşənlər kimlər idilər? Qacarlar dövlətinə dönük çıxaraq keçib Rusiya ordusunda yurddaşı olduğu dövlətə qarşı vuruşan ermənilər. O çağlar olanlar indi də olur: ordumuz erməni terrorçu-diversantlarını tutur, sonra onlar haralarınsa etkisiylə, nəsə olmamış kimi buraxılırlar…

“İrəvanla Naxçıvan xanlıqlarının Erməni vilayəti adlandırılması ilə bağlı“ 1821-ci il martın 21-də senata I Nikolayın (1796-1855) buyruğu göndərildi. Elə o gün çar buyruğu gerçəkləşdirildi. Erməni tanınmşları o çağlar böyük sevinc içində “Erməni vilayətini” Rusiyanın onlara “ödülü” adlandırırdılar. Bu, gerçəkdən belə idi: yüz illər boyunca İranda çağına görə geniş hüquqlarla yaşamış, bir çox üstünlüklər əldə etmiş ermənilər Rusiya-İran savaşlarında satqınlıq-dönüklük yolu tutmaqla Rusiyanın o savaşları udmasında önəmli rol oynamışdılar. Yeri gəlmişkən, oxşar görsənişlər ikinci dünya savaşı dönəmində də olmuş, İranda yaşayan ermənilər Sovet dövlətinə casusluq etmişdilər.
Türkmənçay bağlaşması 16 bənd idi. 15-ci bənd erməniləin Rusiyaya köçmələrini qarantiyalayırdı.

“Erməni vilayəti” adlandırılan qurum 1840-cı ildə aradan qaldırıldı. Onun yerində sonralar birgə ingilis-rus “xristian” projesi olaraq indiki qondarma “Ermənistan” yaradıldı. I Pyotrdan qalma Türk etnik kimliyini yoxetmə politikalarına uyğun olaraq, Türkləri qırıb-çatmaqla, terrora uğradıb doğma yurd-yuvalarından qovmaqla, çox keçmədən “Ermənistan” monoetnik ölkəyə çevrildi.
Rusiya XİN Türkmənçay bağlaşmasını saxtalaşdırıb “Doğu Ermənistan” yazıb-boşuna deyil:1) bu, Putinin 21 fevral çıxışıındakı mesajlardan irəli gələn strateji yönərgədir; 2) iki yüz, yüz il öncə olduğu kimi bu gün də Rusiyada imperialist güdüklərə geniş meydan verilməkdədir. Ermənilik də Rusiyaya eləcə gərəklidir. Rusiya ordusu isə Qarabağa boşuna yeridilməyib…

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın