Xaliq Bahadır: Bizim Muğam dilimiz (birinci yazı)

Ürəyimdə sevinc, qəm,
Muğamı dinləyirəm,- Əli Kərim.

Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm. Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik. Belədə muğamı dinləməyimiz gərəkir – onu biz yaratmışıq. Yalnız sevinclə bunalım (qəm) deyil, muğamda savaş da var, barış da. Bir də muğamda yerə-göyə böyük bağlılıq, yaşama sonsuz sevgi var.

Muğam bütöv bir akademiyadır – taysız musiqi akademiyası. Muğam bizim dünənimiz, bugünümüz, gələcəyimizdir. Anlayan üçün muğam demək Azərbaycan deməkdir. 13-cü yüzildə Azərbaycan musiqi teoriyası ilə birgə notu yaratmış Səfiəddin Urmulu, onun başladığı işləri 14-cü yüzildə daha da gəlişdirmiş, daha yüksəyə qaldırmış Əbdülqadir Marağalı, 20-ci yüzil Azərbaycanının ən böyük yetirmələrindən olan Üzeyir bəy Hacıbəyli, eləcə də bu sıradan olan bir çox musiqi uzmanlarımız muğamla gəlişmiş, muğama bağlılıqla Azərbaycana yeni-yeni musiqi yetənəkləri qazandırıblar.

Muğam Azərbaycanındır. Ancaq muğamın musiqi dili bütünlüklə bizim olsa da, filoloji olaraq, başqa sözlə, dil baxımından bizim deyil, başlıca oaraq farsın, ərəbindir. Burada adlarını çəkdiyimiz, eləcə də çəkmədiyimiz böyük musiqi yaradıcılarımızın hamısı Türkdür. Soruşulur: bəs niyə muğamlarımızın adları, onlardakı bölmə adları fars-ərəb dillərindədir? Bunun çox aydın nədəni var: Üzeyir bəy dönəminədək, demək olar, bütün böyük musiqiçilərimiz, musiqi yaradıcılarımız, musiqi uzmanlarımız saraylara, çağın elitar qatına bağlı olublar. Onlarda isə istər danışıq dili, istərsə də yazı dili başlıca olaraq fars-ərəb dilləri idi. Bu özünün olduqca anlaşıqlı, asan, aydın dilindən üz döndərib fars-ərəb dillərinə üstünlük verən Türkün, Türklüyün uğursuzluğu idi. Böyük materiklərə yiyəlik edən Türk hansısa çatışmazlığından dilinə yiyəlik edə bilmirdi.

Türk istəsəydi qılıncının gücüylə dilini bütün Yer üzünə yayar, ona planetar üstünlük qazandırardı. Ancaq böyük türkoloq Lev Qumilyovun dediyi kimi kültüründə, – demək, düşüncəsində! – irq ayrı-seçkiliyi olmayan Türk özgələrini özündən yüksək tutumaqla, ögələrinə özündən artıq dəyər verməklə gələ-gələ özü özünə özgələşdi. Özünün köklü dilindən üz döndərən Türk farsın qondarma dilinə (fars dili gerçəkdən qondarma-hibrid dildir) üz tutdu.

Dilçiliyimizdə ərəbcədən gəlmə “izafət tərkibi” deyilən anlayış var. Bunun başqa adı dilçiliyimizdə belədir: “təyini söz birləşməsi”. Ərəbcədən gəlmə bu söz bizim dildə bəlirləmə anlamındadır. Bizim bu gün Muğama musiqi faktı baxımından deyil, eləcə də dil faktı baxımından yiyələnməyimiz gərəkdir. Birinci olaraq da bəlirləmə söz birləşmələrindən başlamalyıq. Bunlar hansılardır? Uzun bir sıralama:

Bayatı-qacar. Bayatı bizim sözümüzdür. Qacar, Azərbaycan içində olmaqla, uzun illər İranda ağalıq etmiş Türk böylarından birinin adıdır. Ağa Məhəmməd şah Qacar dönəmində sarayda yalnız Türk dilində danışan Qacarlar sonrakı dönəmlərində doğma dillərini fars dilinə dəyişmişdilər (fars qızı almış, başkəndi Təbrizdən Tehrana köçürmüş şah Abbas farsməkandan başlayaraq Səfəvilərdə də belə olmuşdu). Beləliklə, QACAR bayatısı adlanmalı olan dönüb “Bayatı-qacar” olmuşdu. Eləcə də Bayatı-şiraz/Şiraz bayatısı; Bayatı-isfahan/İsfahan bayatısı; Bayatı-türk/Türk bayatısı; Bayatı-kürd/Kürd bayatısı. Bayatıların yalnız Türklərə özgü yaradıcılıq örnəyi olduğunu unutmamalıyıq.

Şikəsteyi-fars-Fars şikəstəsi olmalıdır.

Şədd-şahnaz. Şədd ərəbcədir, bizim dildə inci deməkdir. Şahnaz keçmişdə bir cür ipək parçaya deyilirmiş, sonralar özəl ad olub. Demək, belə: Şahnaz incisi.

Manəndi-müxalif. İkisi də ərəbcədir. Manənd bənzər, oxşar deməkdir. Yarımçıq çevirməsi belə olur: müxalifə bənzər. Açığı, mən bu söz birləşməsinin uyğun qarşlığını tapmaqda çıtinlik çəkirəm. Onun uyğun qarşılığını tapmaq üçün adını daşıdığı muğamın bilicisi olmaq gərəkir – mən muğam bilicisi olmaqdan çox uzağam. Nə etməli, bizdə belədir: musiqini bilən dili bilmir, dili bilən musiqini…

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın