Vahid Qazi: Bütöv şəxsiyyət olmadan böyük sənətkar olmaq mümkünmü?

 

 

Youtube kanalında Andrey Zvyagintsevin “Qayıdış” (“Возвращение”) filminin ardınca onun Poznerlə müsahibəsi gəlir. Elə oldu ki, çox maraqla izlədiyim filmdən sonra müsahibəyə də baxası oldum. İstər-istəməz Space TV-nin o günkü “Sadə həqiqətlər” proqramı yadıma düşdü.

Zvyagintsev müasir rus kinosunun öncülüdür, onu ikinci Tarkovski hesab edənlər də var. Açığı bu rejissoru İsveç kanallarından kəşf etmişəm, filmlərini həvəslə göstərirlər.

“Qayıdış”ın cazibəsi öz yerində, diqqətimi Poznerin Putinlə, hakimiyyətlə, ölkədəki vəziyyətlə bağlı suallarına rejissorun vətəndaş mövqeli cavabları xüsusən çəkdi. Oturub düşünürsən, Rusiya ictimai, siyasi, mənəvi durum, insanların psixoloji halı baxımdan bizdən çox da fərqlənmir, bəs niyə bizim sənətkar-şəxsiyyət tandeminə nümunə olası belə sənətkarlarımız yoxdur, yaxud daha qalmayıb! Niyə bir sənət adamımız “hökmdar hüzurunda” şəxsiyyət sınağına sonacan tab gətirə bilmir? Yarımçıqlıq mərəzi bizdə hardandır?

Tələbə vaxtımızın kino müzakirələrini xatırlayıram. Vaqif Mustafayevə kinomuzu SSRİ sərhədlərindən də uzaqlara daşıyacaq sənətkar kimi baxırdıq. İndi hakimiyyətə pişiklənir, yarınmaq üçün Cümhuriyyət qurucularına, Rəsulzadəyə belə dil uzadacaq qədər düşük düşüb. Bir vaxtlar zirvədə görəcəyinə ümid etdiyin birini “ağ yalan”a “sadə həqiqət” deyəcək qədər alçalmış görmək acı olduğu qədər də ürək bulandıran idi.

Ağır karantin günündə mən də bir yandan qanqaraldan söhbət eləməyim, Mustafayev hind fimləriylə baş-baş qalsın, siz Zivyagintsevin filmlərinə baxın.

Vahid Qazi.

Bunu paylaş:

Bir cavab yazın