Vəziyyət həqiqətən çətindir, bəs nə etməli?

Tovuz bölgəsində gərginlik davam edir və hamı vətən müharibəsinin astanasında olduğumuzu dərk edir. Bütün günü saysız hesabsız kanallar, efirlər bu barədə danışır, hətta elə kanallar var ki, vəziyyətlə əlaqədar olaraq günün çox hissəsini aktiv olur. Bu kanallarda əlbəttə günün əsas mövzusu olan Tovuzda baş verən hadisələrdən, xalqın mütəşəkkilliyindən, insanların mübarizə əzmindən, torpaqlarımızı azad etmək üçün müharibəyə can atmaqlarından, erməni-hayların haqsız və alçaq olmalarından, həmçinin yanaşı mövzulardan; məs. dərsliklərdə Qarabağ yerinə Arsak yazılmasından, erməni bayrağının verilməsindən, Tofiq Yaqubludan və s, və ilaxır danışılır. Soruşa bilərsiz ki, burda qəribə nə var ki, belə də olmalıdır da. Müharibə gedən ölkədə başqa cür ola da bilməz. Əgər biz normal ölkədə yaşasaydıq və əgər dövlətin başında duranlar, ölkəni idarə edənlər bizdən olsaydı və xalqa xidmət etmiş olsaydı mən sizinlə razılaşardım, amma bu belə deyil axı. Əzizlərim, unutdunuzmu elmar məmmədyarov, nəcməddin sadıqov, ramiz mehdiyev, ceyhun bayramov ..və s, saqqızları xalqın ağzına atıb çeynətdilər, başlarını qatdılar. Nə oldu bəs, niyə bu satqınların heç biri işdən uzaqlaşdırılıb məsuliyyətə cəlb olunmur? Ölkədə mövcud klanların xalqa heç bir aidiyyəti yoxdur və bu klanlara daxil olanlar xalqa düşmən kəsilib. İndi eşitdiyimizə görə məlum klanlar öz aralarında razılığa gəliblər və bundan sonra bütün günü efiri bu mövzuya həsr edən kanallar daha bu barədə danışmır. İNDİ ƏSAS MÖVZU MÜHARİBƏDİR ( daha doğrusu növbəti saqqız). Ölkənin idarəçilyində əsas postları tutanlar, xüsusilə ordunun başında duran düşmənə xidmət edirsə, həm döyüşə yollanan övladlarınız xəyanət nəticəsində məhv ediləcək və həm də torpaqlarımız azad olmayacaq. Lələtəpə döyüşü yadınızdadırmı? Yüzlərlə şəhid verdik, əvəzində qazandığımız nə oldu? Bəs neyləməliyik? Çox çətin situasiyadır; bir tərəfdən sərhəd bölgələrində gərginlik və təhlükəli vəziyyət, digər tərəfdən isə ölkədə əsas postların düşmənlərin əlində olması. Belə olan halda hansı axmaq bu hakimiyyətə inanar, onu dəstəlkəyər və qələbəyə inanar? Bu satqınlardan qurtulmasaq müharibədən danışmağa dəyərmi? Bəs niyə Qurban Məmmədovdan başqa demək olar ki, hamı müharibəyə çağırış edir, səfərbərlikdən, döyüş ruhundan, mütləq qələbə qazanacağımızdan danışır, bəziləri prezidenti dəstəklədiklırini bildirir, amma ilk növbədə daxilimizdəki satqınlardan qurtulmağımızı demirlər?
Uzun sözün qısası; sərhəddə yenə oyunlar gedir, yenə şəhidlər verəcəyik və yəqin ki, elə bir irəliləyişimiz də olmayacaq. İnsanlar övladını döyüşə yollayır, hansısa oyuna qurban yollamır, ona görə də ilk növbədə satqınların o postlardan uzaqlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb olunmasını və o postlara yoxlanılmış adamların təyin olunmasını tələb etmək lazımdır. Bütün kanallar bu barədə danışmalı, xalqa da bu barədə çağırış edib tələb irəli sürməlidirlər.

İmza; Yaqut Xəlilova

 

Bunu paylaş: