Ukrayna Rusiyanın “boğazında qaldı”

 

2014 – cü ildən Ukrayna Maydan hərəkatı ilə avtoritar rejimdən xilas olduqdan sonra Rusiyanın bir nömrəli düşməninə çevrilmişdir. Əsas səbəb odur ki, Rusiya qonşuluğunda demokratik dövlətlərin qurulmasından cin sancaqdan qorxan kimi qorxur. Vladimir Putin hesab edir ki, demokratiya Rusiya üçün və şəxsən onun üçün təhlükədir. Əsilində onun buna müəyyən qədər əsası da var. Avtoritar və totalitar rejimlər xalqlar üçün əsil məhbəsdir. Rejim zəifləyən kimi xalqlar öz müqəddəratını təyin etmək hüququndan istifadə edərək öz milli dövlətlərini yarada bilərlər. Sovetlər Birliyi göz qabağındadır.

KGB təfəkkürlü Putinin isə, nəinki Rusiyada demokratik dövlət qurmaq fikiri yoxdur, əksinə nəyin bahasına olursa – olsun keçmiş SSRİ – ni bərpa etmək haqqında düşünür. O, SSRİ- nin dağılmasını Rusiya üçün böyük faciə hesab edir.
Lakin Putin yaxşı başa düşür ki, bu iş Ukraynasız əmələ gəlməyəcək.
Krımın, Dombasın, Luqanskın işğalı da bu məqsədlə olmuşdur.

Son zamanlar Ukrayna ətrafında olan gərginlik də bu məqsədlə baş verir. Lakin Ukrayna məsələsində Amerikanın rolu isə çox vacibdir və həm də maraqlıdır.
Məsələ ondadır ki, Amerika hər vəchlə Rusiyanı hər hansı bir müharibəyə cəlb etmək istəyir. İstər Suriyada, istərsə də Liviyada Türkiyə ilə Rusiya arasında konflikt yaratmağa müyəssər olmadı. Lakin Ukrayna məsələsində Rusiya tələyə düşdüyünü hiss edir.
21 yanvarda Cenevrədə Rusiya və Amerika Xarici İşlər nazirlərinin görüşü nəzərdə tutulan müddətdən tez bitib. Əvvəllər yalnız iqtisadi sanksiyalarla hədələyən Amerika tərəfi, bu dəfə Rusiyaya sərt xəbərdarlıq edib ki, əgər Ukrayna sərhəddini bir rus əsgəri keçərsə, Amerika tərəfindən adekvat addımlar atılacaq, yəni hərbi müdaxiləyə məruz qalacaq. Artıq Rusiya tərəfindən: “biz heç vaxt Ukraynanı işğal edəcəyik deməmişik”,- kimi səslər gəlir.
Bu arada Rusiyada rublun sürətlə devalivasiyası (ucuzlaşması) baş verib. Əsilində Amerikanın əsas strateji məqsədi Rusiya – Çin iqtisadi birliyinin zəifləməsidir. Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının cəmi 1,8 – 2% – ni, onun da əsasını neft və qaz ixracatı təşkil etdiyini nəzərə alsaq, məlum olur ki, Amerika tərəfindən bilərəkdən gündən – günə artırılan Ukrayna- Rusiya gərginliyi Çin iqtisadi gücünü zəiflətməyə hesablanıb. Bu işdə iqtisadiyyatı dirçəlməkdə olan Ukrayna isə qurbanlıq seçilib. Son zamanlar Ukraynadan investisiya kapitalının çıxarılması müşahidə olunur və Ukrayna prezidenti Zelenski “müharibə olmayacaq” ritorikası ilə xalqa müraciət edib.
Belə görünür ki, son nəticədə Qərbin, xüsusilə də Amerikanın dəstəyi nəticəsində Rusiya Ukraynanı “uda bilmədi”.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın