Uşaq pulları nə zaman veriləcək ?

Bu gün söhbət açacağım mövzu Azərbaycan xalqının yaralı yeri olan və ən çox müzakirə olunan məsələlərdən biri – “uşaq pulu” haqqındadır. Bildiyimiz kimi dünyanın bir çox inkişaf etmiş ölkələri 18 yaşına qədər bütün uşaqların qayğısına qalır, müəyyən imtiyazlarla dəstək verir. Qanunla hər bir dövlət öz vətəndaşına sahib çıxmalı, gələcəyə yatırım kimi körpələrə, yetkinlik yaşına çatmamış uşaqlara dəstək verməlidir.  Xatırladım ki, Azərbaycanda “uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan “uşaq pulu”nun verilməsi dayandırılıb. Bundan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Təəssüflər olsun ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda bunlar tam tərsinədir. Hökümət 2006-cı ildə verdiyi, məbləği yüksək olmayan “uşaq pulu”nu ləğv etməyi qərara aldı. 2006-cı ilin yanvarın 1-dən uşaq pulları ləğv edildi. Uşaq pulunu “ünvanlı dövlət sosial yardımı” qanunu əvəzlədi. Ancaq bu unvanlı dövlət sosial yardım da digər qanunlar kimi yalnız kağız üzərində qaldı və icra edilmədi. Ünvanlı sosial yardımların verilməsində ciddi qanun pozuntuları, korrupsiya və rüşvət halları aşkarlandı. İndi də prosesin tam şəkildə şəffaf aparıldığını iddia etmək mümkün deyil. Hökümətin azyaşlı vətəndaşlarının sosial durumunu və yaşayış şəraitini yaxşılaşdırması, yüngülləşdirməsi üçün bü gün uşaqlara müavinətlərin ayrılması labüd və vacibdir. Ən azından bu istiqamətdə addımların atılması zəruridir. Son illər dövlətin imkanlarını və iqtisadiyyatın durumunu nəzərə alarsaq, tam əminliklə bildirə bilərəm ki, Azərbaycan höküməti rahatlıqla uşaq pulunu bərpa edə bilər. Bu gün ən həssas kateqoriya olan uşaqlar dövlət qayğısından məhrumdurlar. Qeyd üçün bildirim ki dünyanın bir çox inkişaf etmiş ölkələri gələcəyə yatırım kimi uşaqlara pul ayırır. “Save children” şirkəti uşaq pulları verən ölkələrin siyahısını dərc edib. Siyahıda ən çox uşaq pulu verən dövlətlər arasında ərəb ölkələri və Avropanın bəzi dövlətləri qərarlaşıb. Məsələn BƏƏ-də yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır və doğulan körpənin adına bank hesabı açılır və 18 yaşında 100.000$ pul verilir. Almaniyada birinci və ikinci uşaq üçün ayda 192 avro müavinət verilir, üçüncü uşağa 198 avro, dördüncü və sonrakı uşaqlara isə 223 avro ödənilir. Sonda yaşadığım ölkə Hollandiyada uşaq pulu nə qədərdir deyə araşdırma apardım və bu da dövlətin öz azyaşlı vətəndaşına olan qayğısı: 3 ayda bir dəfə olmaqla Niderland krallığı 0 ilə 5 yaş arasında 221,49 avro, 6 ilə 11yaş arasında 268,95 avro, 12 ilə 17yaş arasında 316,41 avro vətəndaşlarına yardım ayırır. Ölkələrin ayırdığı yardım siyahısını daha da uzatmaq olar, lakin buna lüzum görmürəm. Bu gün dövlətimizin gələcəyi olan körpələrini qayğıdan kənarda qoyan hökumət sabah nə üzlə onlardan vətənə xidmət etməyi tələb edəcək? Nə qədər qəribə səslənsə də, Azərbaycanda dövlətin uşaq üzərində heç bir haqqı yoxdur. Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bu meyara istinad edərək hökümətdən, yaşından asılı olaraq hər bir uşağa minimum 143 manat məbləğində uşaq pulu ödəməsini və körpələrimizim maddi rifahını, sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmağı tələb edirəm.

İmza; Əliəşrəf Məmmədov.

Bunu paylaş: