Tovuz hadisələri — xalqımızın taleyinin dönüş nöqtəsi

Tovuz hadisələri — xalqımızın taleyinin dönüş nöqtəsi

ALLAH şəhidlərimizə rəhmət eləsin.
Etdiyimiz hər əməli Allah rizası üçün edir və əvəzində Vətənimizin azad olmasını səbrlə Allahdan istəmişdik.
Budur, heç gözləmədiyimiz bir vaxtda öz taleyinə biganə hesab etdiyimiz xalq dünyanın hər yerində bir yumruq kimi ayağa qalxıb “Qarabağ, Qarabağ” haykırır.
Bu, başda Qurban Məmmədov olmaqla başladığımız Vətən mücadiləsinə Allah tərəfindən göndərilən lütfüdür.
Allah xeyir versin, İnşallah.
Tovuz hadisələri ordumuzda necə qeyrətli general, zabit və əsgərlərimizin olması ilə bərabər, xəyanətkar yüksək çinli zabitlərin olduğunu da göstərdi. Artıq küçədəki uşaq da orduda satqın deyəndə bunların Nəcməddin Sadıqov, Elbrus Orucov olduğunu bilir. Bunu təkcə bizim Ali baş komandan postunu tutan zat “bilmir”.
Bütün dünya bildi ki, düşmənə bizim yüksək çinli zabitlərimizin olduğu yer dəqiq verilmişdir. Bunu general Aydəmirov da təsdiqlədi.
Baş qərargah rəisi xəyanətkardır və onu o vəzifədə saxlayan İ. Əliyev isə bu əməli ilə ikiqat xəyanətkardır.
Orduya zülm edən hərbi prokuror Xanlar Vəliyev də o xəyanətkarların sırasındadır. Ordudan olan maliyyə fırıldaqları, köhnə rus silahların alınması isə başqa bir xəyanətin mövzusudur.
Vaxtı ilə Ə. Elçibəyin ordu quruculuğunda başladığı NATO – Türkiyə vektorunu Rusiya istiqamətinə doğru dəyişmənin acı nəticələri göz qabağındadır. Milyardlarla dollar pul silinən orduya bu gün yenidən Türkiyə silahlarını, Türkiyənin verdiyi kreditlə almaq məcburiyyətində qalmışıq. Hakimiyyətin oğurladığı, Rusiya silah senayesinden “obkatka” elədiyi milyardlarla dollar artıq ofşor banklardadır. Onlara dəymək olmaz.
Bu pulları 190 manata möhtac olan xalq ödəməlidir.
Tovuz hadisələri bizə dost və dost olmayanları da göstərdi.
Hadisələrin ilk günündən başlayaraq bizə dəstək verən qardaş Türkiyə və Pakistan oldu.
Təmənnasız olaraq bizə dəstək verən bu ölkələrə bu gün təşəkkür etmək lazımdır ki, bu hadisələr tarixə düşsün. Yoxsa bir müddət sonra Araz Əlizadə kimi satqınlar Nuru Paşaya hədyan söylədiyi kimi, R. T. Ərdoğana da qara yaxmasın.
İranlı generala yas tutanlardan sormaq lazımdır ki, İran bizim generalın şəhid olması ilə əlaqədar onlara heç olmasa baş sağlığı verdimi?
Tovuz hadisələrinin ən böyük nəticəsi isə o oldu ki, Rusiyanın regionda oynadığı ikibaşlı oyuna son qoyuldu. Rusiya öz tərəfini açıq – aşkar seçdi – o təcavüzkar Ermənistandır. Bundan sonra Rusiyanın regionda arabulucuğu kəsinliklə mümkün deyil.
Tovuz hadisələri göstərdi ki, Türkiyə və Pakistan bizim təbii müttəfiqlərimizdir və bu yoldan sapan hər kəs Vətən xainidir.
Rusiya ilə hərbi sahədə heç bir əməkdaşlıq mümkün deyil. Bu əməkdaşlıq hakimiyyətə yalnız pul qazanmaq və maxinasiya üçün lazımdır.
Tovuz hadisələri Türkiyə üçün də yetərincə güclü bir siqnal oldu.
Türkiyə Rusiyanın xəyanətini, Azərbaycan hakimiyyətinin isə necə bivecliyini, ölkənin bu rəhbərliklə hər an işğal oluna biləcəyini göstərdi
( İ. Əliyev deyirdi ki, biz Tovuzdan bu təcavüzü gözləmirdik. Ona görə də orada ancaq Sərhəd qoşunları saxlamışdıq).
Tovuz hadisələri müxalifəti və müxalifət internet blogerlərini də imtahana çəkdi. Bu imtahandan kim keçdi, kim kəsildi – bu barədə növbəti dəfə…

Şahin Sirvanlı

Bunu paylaş: