Tarix təkrar olunur

 

Tarix təkrar olunur, zaman fərqi ilə. Bu, doğru fikirdir. Çünki bənzər tarixi ən pis və ən yaxşı halda yaşadan Allah bəndəsidir — insandır. Uca Tanrı bəşər övladını bir dəfə eyni strukturda, eyni əzada və eyni biçimdə olan şüur səviyyəsində yaradıb; yalnız ölçülər, cizgilər və rənglər fərqlidir. Nə qədər “başqa xarakter”, “başqa cür insan”, “başqa dünyagörüşlü”, “başqa təbiətli”, “başqa əqidəli” və s. “başqa”məziyyətli adam ifadələri işlənsə də, bəndənin vur – tut bir xisləti var – közü öz qabağına çəkmək. Nə qədər mərhəmətli, humanist insanpərvər görünən biri olsa da, adam son anda xislətini ortaya qoyur; fərq etməz, istər maddi, istərsə mənəvi və ya fiziki maraqları olsun, bu çərçivədə özünü büruzə verməyə başlayır.Gizlətməyə çalışsa da, xislətindən irəli gələn əməlləri onları ört-basdır etməyə imkan vermir… Niyə? Ona görə ki, şüurun ölçülərini dəyişmək olmur. Ulu Yaradan nə veribsə, odur.

Fb-də ümumiyyətlə, uzun yazmaq da naşılığın bir əlamətidir, həcmli yazını 5-6 nəfər oxuyur. Amma elə mövzular var ki, onları qısaltmaq olmur. Mahiyyəti təfsilat, müfəssəl izahat tələb edir. İndiki mövzu da bu qəbildən olanlara aiddir. Ancaq uzatmaq olmur. Oxumayacaqlar — bu millət həm də oxumağı sevmir, necə ki, öyrənməyi və acı həqiqətlərdən dərs almağı, nəticə çıxarmağı sevmir.
Bəli, tarix təkrar olunur, tarixin qaranlıq, ləkəli səhifələri isə təlxəklər tərəfindən təkrar olunur; saxta, süni, sintetik şəkildə. Və qaldırıb yerə çırpmaq istədikləri qızıl teşt yekununda öz başlarını yarır. Görə-görə, oxuya-oxuya, bilə-bilə gəlirik…
P.S. Çalışıram sadə dildə yazam ki, oxuyan dostları yormayım.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın