Taleyimizi saxta yazanların rahat yazmaları üçün altlarında stul əvəzi poza almağı sevən millətik!!!

Əgər atmosferin təsirinə düşsək onda Puritanlar kimi qara geyinib gərək evdən bayıra çıxmayaq…
Deməyə sözümüz, dik tutmağa başımız, açıq olmağa anlımız, utanmamağa qara üzümüz, qırpmamağa iri kiprikli gözlərimiz və sairlərimiz olmasın gərək.
Gərək hamımız lal-dinməz, müəyyən proseduralardan sonra süstləşən ruhi xəstə kimi boynu bükük, yaxud başı sallaq halda olaq.
Çünki bu gün də dünənkilərin eyniylə təkrarıdır. Çünki illərdir ehkamlaşmış məsələlər hər gün şablon şəklində xatırlanır. Hətta yaltaqlıq üçün də istifadə olunan kəlmələrin bircəciyi dəyişilmir, yalmanmaq naminə bir yeni söz belə ortalığa çıxmır. “Köhnə hamam köhnə tas”dır.
Yeknəsəq, üzücü, boğucu, nimdaş, səfil mühitdə iradəsizlik göstərsən onun burulğanına düşüb boğula bilərsən…
Amma burada yüksək materiyadan danışmağa, ideyalar buketi bağlayıb onları gerçəyə çevirməyə də mənəvi cığır qoyulmayıb qalsın…
Burada xiyar da, pomidor da qışda yaydakından dadlı olur. Torpağı da saxtakarlığa öyrətdiyimiz məmləkətdir bura.
Övladıyla belə acımasız rəftarımıza görə təbiət də üz çevirib bizdən.
Allah bir gün bizləri hər şey kimi saxtalaşdırdığımız torpağa gömüldəndə onun tərəfindən həzm olunmayacağıq. Torpağın qəlbi paramparça olacaq, ürəyi bulanacaq, qaytarıb murdar yerlərə səpəcək cəmdəyimizi.
İtə, qurda yem olmalı qövmük.
Taleyimizi saxta yazanların rahat yazmaları üçün altlarında stul əvəzi poza almağı sevən millətik!!!

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın