Tərtər1767- İndi söz İlham Əliyevindir: o özünü harda görür?

 

Nəhayət, ilk dəfə 2017-ci ilin dekabrında, ardınca isə 2018-in mart-aprel aylarında bloqumda dərc etdiyim “Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır?” başlıqlı yazılarımda Tərtər qətliamı barədə dəyərləndirmələrim son 2 gün ərzində öz təsdiqini tapdı. Bu dəfə yüksək rəsmi şəxsin açıqlamalarında.

2020-ci ildə sağlıq durumu barədə saxta həkim rəyi əsasında (İlahi, görəsən hər şeyin ucdantutma saxtalaşdırıldığı iknici bir ölkə də varmı bu dünyada?!) ordudan tərxis olunmuş mayor Fərid Qəribov “Azerfreedom” kanalına müsahibəsində bütün “qaranlıqlara” aydınlıq gətirdi.

Öncə Fərid bəyin özü haqda bir neçə kəlmə: Fərid bəy adi hərbçi zabit olmayıb, peşəkar hərbi kəşfiyyatçı kimi xidmət göstərib, MN-nin Kəşfiyyat Baş İdarəsinin yüksək rəsmisi olub, bütün varlığı ilə xalqına, dövlətinə xidmət göstərib. 2020-ci ildə cinayətkar Nəcməddin Sadıkov tərəfindən hərbi xidmətdən kənarlaşdırılıb.

MN sistemindəki dostlarımdan onun barəsində çox eşitmişdim, Vətəni sevən, ağıllı, intellektual, təmkinli və cəsarətli bir zabit olduğunu bilirdim. Qısası, dövlət və xalq üçün dəyərli bir kəşfiyyatçı. Amma etiraf edim ki, müsahibəsinə baxdıqdan sonra fikrimi dəyişdim. Anladım ki, bu insanı layiqincə dəyərləndirməmişəm.

Fərid bəy kimi, işgəncələrə məruz qoyulmuş Vaqif Abdullayev kimi, Elmar Allahverdiyev kimi yüzlərlə zabitimizi görəndə müdafiə nazirliyində kök salmış xain çətənin son 25-30 ildə nə qədər belə zabitlərimizi müxtəlif yollarla səradan çıxardığını anlayırsan. Aydın olur ki, niyə bizim torpaqlarımız onilliklər boyu işğal altında qalıb.

Mayor Fərid Qəribov nələri dedi? Öncə o, ordudakı korrupsiyanın miqyasını və mexanizmlərini detallı şəkildə açdı. Fərid bəy Azərbaycan Ordusunun rəhbərliyinə yerləşdirilmiş xəaynətkarların ölkənin silahlı qüvvələrini necə dağıtmasının mexanizmlərini göstərdi. Həmin müsahibələrin linklərini şərhdə paylaşıram.

Amma ən dəhşətlisi isə bu oldu: keçmiş yüksək kəşfiyyat rəsmisi bildirdi ki, Tərtər qətliamı ilə bağlı təhqiqata şəxsən rəhbərlik edib və həmin təhqiqat zamanı Azərbaycan Ordusunun bir nəfər də olsun hərbçisinin düşmənlə əməkdaşlığı təsdiqlənməyib. Təhqiqatın nəticələrilə bağlı arayışı isə MN-nə və Baş Qərargaha şəxsən təqdim edib.

Beləliklə, ilk gündən israrla dediyim kimi, Tərtərdə vəhşiliklərə məruz qalmış, saxta ittihamlarla uzun müddətlərə məhkim olunmuş və xainlər tərəfindən qəddarcasına qətlə yetirilmiş hərbçilərimizin birinin də günahı olmayıb. Bəs Tərtər qətliamında cinayətkar, satqın və xəyanətkar heç olmayıb?

Olub, əlbəttə və onların da adlarını ilk gündən yuxarıda göstərdiyim yazılarımda açıqlamışam. Bu gün yaddaşları təzələmək üçün həmin xainlərin aparıcı rollarda olanlarının adlarını bir daha xatırladıram: Zakir Həsənov, Nəcməddin Sadıkov, Xanlar Vəliyev, Zakir Qaralov, Rüstəm Usubov, Ramiz Rzayev, Hikmət Həsənov və onlarla başqaları.

İndi söz İlham Əliyevindir: o, özünü harada görür – Vətənə xəyanət etmiş, onun ordusunu dağıtmış, hərbçilərini yoxsulluğa, işgəncələrə, şərə-böhtana məruz qoymuş bu, xain cinayətkarların yanında yoxsa xəyanət qurbanı olmuş minlərlə günahsız hərbçilərimizin Ali Baş komandanı kimi onların önündə? Seçim haqqını buraxaq onun özünə…

Bizim isə cəmiyyət və xalq kimi ikincilərin yanında olmaqdan başqa seçimimiz yoxdur, çünki onlar bizə təkcə torpaqlarımızı yox, düşmənin iyrənc cinayətlərinin qurbanı olmuş minlərlə həmvətənimizin ruhunun rahatlığını yox, həm də qürurumuzu qaytarıblar. Buna görə onlara ömrümüz boyu borcluyuq!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın