Tərtər qətliamının qarşısı zamanında alına bilərdimi?

 

Tez-tez dostlarla bu haqda fikir mübadiləsi aparırıq. Bu günlərdə dostlardan biri deyir: “Tutaq ki, ilk günlər hərbçiləri kütləvi işgəncələrə məruz qalan komandirlər nə baş verdiyini anlamamışdılar. Amma 10-15 gündən sonra başa düşməliydilər ki, bir orduda bu qədər satqın, xain, casus ola bilməz. Axı 2017-ci il may ayının 10-da işgəncə verilənlərin sayı artıq yüzlərlə idi, azı 5 nəfər də öldürülmüşdü.

Təbii ki, indi komandirlərin çoxu əmrə tabe insanlar olduqlarını deyib, özlərini təmizə çıxarmağa çalışırlar, halbuki, onların əsas vəzifələrindən biri də tabeliyində olan hərbçiləri qorumaqdır. İndi gəlin, təsəvvür edək ki, yüzlərlə hərbçisi ağlasızğmaz vəhşiliklərə məruz qoyulan bir komandir əlinə silah alıb işgəncə verənlərin və işgəncələrə rəhbərlik edənlərin heç olmazsa 10-15 dənəsini (onları insan kimi nəfərlə saymaq olmaz) güllələmiş olardı.

Nə baş verəcəkdi? Həmin komandir qaçıb gizlənsəydi və videomüraciət yayaraq hərəkətinin səbəblərini, motivlərini danışsaydı heç nə olmayacaqdı. Hakimiyyət onu axtaracaqdı, amma eyni zamanda da cinayətin detalları və miqyası haqqında ölkəyə məlumat çatacaqdı. Daha mediada, sosial şəbəkələrdə Tərtər qətliamı ilə bağlı dezinformasiya yayan muzdlu savadsız soysuz-köksüzlər insanları aldada bilməyəcəkdi.

Amma təəssüf ki, komandir heyətinin daxilində bircə nəfər də beləsi olmayıb ki, məsələn, işgəncə məkanında insanların vahiməli ah-nalələri altında oturub mürəbbəli-limonlu samovar çayı içən qatil Hikmət Həsənovu, satqın Hilal Nəcəfovu, casus Rüstəm Usubovu törətdikləri əmələ görə yerindəcə cəzalandırsın.” Bunları hadisələrdən ətraflı məlumatı olan bir dostum deyir.

Mən hadisələrin bu cür cərəyan etməsini istəməzdim və xoşbəxtlikdən də bu, baş verməyib. Çünki Tərtər qətliamının hüquqi yollarla ifşa olunması bizə ölkənin hüquq müstəvisinə qaytarılması üçün vacibdir. Zorakılıq isə rasional deyil, çünki bu halda qanunçuluğun bərpası mümkün olmazdı və onun ziyanı xeyrindən qat-qat çox olardı.

Yadınızdadır, Rüstəm Usubov (baş prokurorun o zamankı birinci müavini) pensiyaya göndəriləndə hələ mətbuatda “umu-küsü” də eləmişdi ki, işsiz qalıb. Xatırladım ki, Azərbaycanda bütün saxta ittihamların, ən alçaq cinayətlərin arxasında onun imzası dayanır. Alkaqolik, baş prokuror olduğu dövrdə öz əməkdaşları tərəfindən “Qaramalov” adlandırılan Zakir Qaralov bu gün də öz milyardlıq qanlı sərvətini idarə etməkdə və ondan bəhrələnməkdədir.

Mən hələ xain Nəcməddin Sadıkovu, onun bacısı oğlu Ramil Əkbərovu, nəhayət, bütün bu qətliama göz yuman və illərdir lal-kar-kor olan Zakir Həsənovu demirəm. Xalq və dövlət olaraq bizə bütün bu, cinayətkarların layiqli cəza alması və həyatlarını həbsxanada başa vurması lazımdır. Yalnız bu halda biz dövlətimizi onu ələ keçirmiş cinayətkar dəstənin əlindən almış olarıq.

Amma hələlik buna nail olmaq üçün apardığımız mübarizə yetərincə deyil. Əgər qatil Xanlar Vəliyevin bu günlərdə səlahiyyətləri hətta artırılırsa, baş nazirin sərəncamı ilə bundan sonra orduya müqavilə ilə qəbul olunanların yoxlanılması casus yuvası olan hərbi prokurorluğun kadrlar idarəsinə tapşırılırsa, başqa sözlə, Əyyubov daha bir pullu yeri öz nəzarətinə götürürsə deməli, mübarizəmiz hələ yetərincə deyil.

Əgər bu gün təyin olunmuş təkrar “istintaqa” Azərbaycanda son illərin ən çirkli böhtan-şər işlərini aparmış, o cümlədən Hilal Məmmədovu talış separatçısı, NİDA-çıları təxribatçı, Rauf Mirqədirovu erməni casusu, vətəndaş cəmiyyəti nümayəndələrini korrupsioner çıxarmış Qasım Məmmədov rəhbərlik edirsə demək, hakimiyyətə nə etməli olduğunu hələ anlada bilməmişik.

İzləyən hər kəs şahiddir ki, 4 ilə yaxındır mən bu cinayətin hüquqi yolla ifşasına çalışıram, amma qətliamı törətmiş cinayətkar çətə və onun siyasi hakimiyyətdəki havadarları var güclərilə məsələni zorakılıq müstəvisinə aparırlar.
Əgər məsələ zorakılıqla həll olunmalı idisə, dostumun dediyi kimi, elə əvvəldən bir komandir bunu həll edərdi.
Amma xoşbəxtlikdən bu olmayıb.

Məsələni ədavət və qisas yoluna çəkən isə hakimiyyətdir. Bunu etməklə o, (hakimiyyət), yəni İlham Əliyev dramatik səhvə yol verir. Ona görə ki, onun yuxarıdan aşağı bütün məmurları xalqa qarşı o qədər cinayətlər törədiblər, ona elə divan tutublar ki, linç başlasa ölkəni “yığıb-yığışdırmaq” mümkün olmayacaq.
Allah ölkəmizi, xalqımızı bundan saxlasın.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın