Tərtər qətliamı xeyli əvvəldən planlaşdırılmışdır

 

Əvvəllər də dəfələrlə dediyim bu fikri bir daha təsdiq edirəm: Tərtər qətliamı xeyli əvvəldən planlaşdırılmış, xırda detallarına qədər hazırlanmış və həyata keçirilmiş miqyaslı cinayətdir. Elə buna görə də onu “Əsrin cinayəti” adlandırmışam. Amma cinayətlə bağlı günbəgün daxil olan məlumatlar hətta məni də təəccübləndirməkdə davam edir.

İşgəncələrə məruz qalmalı olanların seçilərək, siyahılarının öncədən tutulması, işgəncə verənlərin hazırlanması, işgəncə məkanlarının təhcizatı, şahidlərin aradan götürülməsi, işgəncələrdə iştirak edən bir qrupun “gözdən itirilməsi”, öldürülənlərin sayının gizlədilməsi, ölüm səbəblərinin saxtalaşdırılması, öncədən şaiyələrin dövriyyəyə buraxılması və ayrı nələr, nələr…

Amma hələ detallı yazmadığım bir məqam da var: cinayətə hazırlıq ərəfəsində Baş Qərargahda, Müdafiə Nazirliyində və … Preziden Administrasiyasında baş verənlər, xüsusilə də kadr yerdəyişmələri. Hər şey, hər kəs bu cinayətə aylarla hazırlaşıb və bir daha israrla deyirəm ki, bu, cinayət Azərbaycanda hazırlanmayıb, ölkədə ancaq icra olunub.

Ona görə ki, Zakir Həsənovdan, Nəcməddin Sadıkovdan tutmuş Xanlar Vəliyevədək hamısının “qabiliyyəti” ortadadır və belə cinayəti nə onların, nə də Kamran Əliyev kimilərinin “ağlı” ilə hazırlayıb həyata keçirmək mümkünsüzdür. Belələrinin “ağlı” sərsəm bəyanatlar verib sonra da qaçıb gizlənməkdən o yana keçə bilmir.

Hələlik bircə fakt: vəhşicəsinə qətlə yetirilmiş MAXE Elçin Quliyevin anası Validə Əhmədovaya Şəki Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynovun dedikləri: “Ay anam, ay bacım, bilin da ki, bu işi siz dediyiniz kimi aparası olsaq, onda iki dövlət arasında gərək müharibə ola”.

Belə çıxır ki, nəinki ölkənin başçısı və digər yüksək rəsmiləri, hətta Şəki Apellyasiya Məhkəməsinə sədrlik edən Mirbahəddin kimisi də Tərtər qətliamının haradan sifariş olunduğunu yaxşı bilirmiş, sadəcə özünü kənara çəkmək üçün ağzına və olmayan ağlına gələni danışıb. Sağ olsun (və ya olmasın) ki, edib bunu.

Bu gün Xanlar Vəliyevi, Hikmət Həsənovu və digərlərini qorumaq missiyasını üzərinə götürənlər Nəcməddin Sadıkovun məqsədli olaraq unutdurulduğunu iddia edənlər öz məntiqlərilə guya, əks-hücuma keçirlər, spekulyasiya edirlər və ağ yalan danışırlar.

Çünki məsələn, elə mən ilk yazımdan başlayaraq bu cinayətin təşkilatçısı kimi Rusiyanı göstərmişəm və yerli təşkilatçı-icraçıları kimi də 3 nəfərin adını çəkmişəm: Nəcməddin Sadıkov, onun bacısı oğlu Ramil Əsgərov və Xanlar Vəliyev. Bu gün də həmin fikirdəyəm və bunu növbəti yazımda daha ətraflı görə biləcəksiniz.

Həmin ətraflı yazımda həm də cinayətin törədilməsi ərəfəsində həmin 3 nəfərlə bağlı baş verənləri geniş şəkildə təqdim edəcəyəm. O cümlədən də dövlət başçısının onlarla bağlı verdiyi qərarlarla tanış ola biləcəksiniz.

Ərəstun Oruclu.

Bunu paylaş: