Tərtərə sussaq bütün ölkəni Tərtərə döndərəcəklər

 

Nə müdafiə nazirliyindəki yerdəyişmələr, nə Allahşükür Paşazadənin yuxarıdan sifariş olunmuş uzaqgedən bəyanatı, nə də başqa dedi-qodular gündəmi dəyişə bilməz. Qaldırdığımız bütün məsələlər öz həllini tapanadək gündəm Tərtərdə həyata keçirilmiş “Əsrin cinayəti” və Azərbaycan Ordusuna qarşı törədilmiş digər cinayətlərdir.

Bu gün bəzi insanlarımız deyir ki, həmin cinayəti törədənlərdən heç kəs vəzifəyə gətirilmədi və bunu bir növ irəliləyiş kimi təqdim edirlər. Əsla, əvvəla, həmin cinayətkarların hamısı zamanında “xidmətlərinə” görə artıqlaması ilə mükafatlandırılıblar və mütləq əksəriyyəti də bu günədək yüksək vəzifələr tutmaqdadır.

İkinci, bu gün ölkənin MN elə bir vəziyyətdədir ki, Tərtər qətliamına, HDQ-nin darmadağın edilməsinə görə vəzifə tutanların hamısı, vəzifəyə gətirilənlərin də əksəriyyəti məsuliyyət daşıyırlar. Məsələn, Baş Qərargah rəisi təyin olunmuş general Kərim Vəliyev Nəcməddin Sadıkovun bandasının üzvü olmasa da, amma həmin cinayətlərə qarşı bircə dəfə də səsini çıxarmayıb.

Halbuki həmin cinayət törədiləndə ilk etiraz etməli olan əsas şəxslərdən biri idi. Xatırladım ki, general Kərim Vəliyev 14 may 2014-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Başqa sözlərlə, o, şəxsi heyətdə olan hər bir hərbçiyə görə başı ilə cavabdeh olub. Olub, amma təxribata, işgəncələrə, saxta ittihamlara məruz qalmış hərbçilərin birini belə müdafiə etməyib. Dərinə getmək istəmirəm, hərçənd əlavə edə biləcəyim faktlar da az deyil. Təəssüf ki, seçimimiz budur: ümidimiz pislərdən bir az yaxşısınadır.

Ona görə ki, Azərbaycan Ordusuna qarşı 28 il ərzində aparılmış xəyanətkar fəaliyyət öz bəhrəsini verib, özü də hələ azı bir on il də gələcəyə. Necə? Çox sadə, MN-də kök salmış xain çətə xidmət etdiyi xarici kəşfiyyatın sifarişi ilə Azərbaycan Ordusunda sağlam milli kadrların yetişməsinə imkan verməyib.

Elə Tərtər qətliamı zamanı işgəncələrə, vəhşiliklərə, ardınca da tərxisə məruz qalanları tanıdıqca buna dönə-dönə əmin olursan. Əmin olursan ki, xəyanətkarlar qurbanlarını bircə-bircə seçiblər. Məsələn, 2025-30 illərdə polkovnikə və ya elə generala qədər yüksələ biləcək kapitanları, mayorları 2017-də kütləvi şəkildə sıradan çıxarıblar.

Amma öz cinayətkar əməllərilə həmin qətliama zəmin yaratmış Birinci Ordu korpusunun keçmiş komandiri Nizam Osmanov bu gün müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Maraqlı bir fakt: Nizam Osmanov həmin idarənin rəisi vəzifəsini icra etməyə hələ 8 iyun 2020-ci il tarixdə təyin olunmuşdu.

Yəni, Ermənistanın Tovuz istiqamətində təxribatından 1 ay əvvəl. İndi isə başqa bir fakt: Osmanovun tərcümeyi-halında yazılıb ki, 23 iyul 2021-ci ildə Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Belə…

Belə çıxır ki, Osmanov həmin vəzifənin icrasından nə zamansa kənarlaşdırılıbmış, amma İlham Əliyevin Moskva səfərinin ardınca yenidən geriyə qaytarılıb, özü də artıq icra edən kimi yox. Əlbəttə, görünür, qardaşının Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli zabiti olması da bu təyinata öz təsirini göstərib.

Xatırladım ki, Osmanovun təyin olunduğu vəzifə ən strateji əhəmiyyətli postlardan biridir, çünki orduya dair bütün müqavilələr, alınan müasir silahlar-sursat, texnoloji avadanıq və s. həmin qurumdan keçir. Amma tək buna görə yox, həm də ona görə ki, təhcizat istənilən ordunun taleyini həll edən əsas amillərdən biri, müharibə dövründə isə birincisidir.

Söz verdiyim kimi, bütün bu məsələr haqda yaxın günlərdə yayım açaraq ətraflı danışacağam, amma bu gün hələlik bir məqamı bir daha xatırlatmağı özümə borc bilirəm: gündəm Tərtərdir, ona görə ki, Tərtərə sussaq bütün ölkəni Tərtərə döndərəcəklər.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın