Siyavuş Novruzov bu təklifinə görə “Nobel” mükafatına layiq görülməlidir

Bir müddət əvvəl Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovun təhsil və tələbələr barəsində dediyi sözlər ölkədə böyük səs-küyə səbəb olmuşdur. O, bəzi təhsil haqlarının baha olmasından şikayətlənən tələbələrə özünə layiq cavab vermişdir. Siyavuş Novruzov Amerika Birləşmiş Ştatlarını misal gətirərək, orda tələbələrin dərsdən sonra gedib işləmələrindən ürəklə bəhs etmişdir.Milli Məclisin belə deputatından belə bir cavab gözləmək normaldır.

Novruzovun Amerikada iş yerlərinin olmasından və iş saatının 20 dollara yaxın olmasından xəbərsiz olduğunu desək, özümüzü aldatmış olarıq. Milli Məclisin deputatının cavabı bu hakimiyyətin kimlərin əlində olmağının göstəricisidir. Başqa dövlətlərdə tələbələrə subsidiya verildiyi halda, Azərbaycanda demək olar ki, bu, yoxdur. Bu durumda aztəminatlı ailələrə dövlət tərəfindən yardım olunmalıdır və bu məsələni deputatlar müzakirə etməlidirlər. Amma görünən odur ki, Azərbaycan Milli Məclisinin deputatları yalnız özlərini və yaxınlarını düşünürlər.


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Siyavuş Novruzov deputatların tətil pullarının artırılmasını istəmişdir. Bu suala cavab olaraq demək istəyirik ki, deputatlar da istəsələr Amerikadakı kimi , işdən sonra restoranlarda çalışa bilərlər. Onsuz da xalq anlayır ki, İlham Əliyevin yaratdığı Milli Məclisin deputatları xalqa yox, özlərinə xidmət edirlər. Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının aylıq maaşları 5000 manatla 7000 manat arasında dəyişir və əlavə bayram pulları, yanacaq pulları, tətil pulları da üzərinə gəlir. Dövləti təmsil edən bir məmur hər cəhətdən Amerika ilə Azərbaycanı bir səviyyədə tutursa, buna yalnız gülmək lazımdır.

Mikayıl Əsədov.

Bunu paylaş: