Sistemin işi bizi məhv etməkdir

 

Tərtərdə törədilmiş “Əsrin cinayətinə” laqeydlik hər birimizin gələcəyini (gələcək isə hökmən illər sonra deyil, sabah da ola bilər) təhlükə altına qoyur. Tərtərdə törədilən cinayət bir məsələni çılpaq şəkildə üzə çıxardı: ölkədə antimilli cinayətkar sistem mövcuddur və həmin sistemin başında duran şəxs İlham Əliyevdir.

Məhz buna görə də 4 ildir bu cinayəti görmək istəməyən, cinayətkarları cəzalandırmağı ağlına belə gətirməyən İlham Əliyev israrla susur. Ona görə susur ki, onu bu sistemin başında saxlayan özünün yetişdirdiyi həmin cinayətkarlardır. Buna görə də onların nəinki heç biri cəzalandırılmır, əksinə, hamısı mükafatlandırılır.

Cinayətkar bütövlükdə sistemdir və bunu anlayana qədər hamımız onun qurbanları olacağıq. Hansı qurbanı nə zaman və necə məhv etməyi də sistem özü seçəcək. Biz isə xalq olaraq bunu anlamadıqca həmin sistemin qarşısında acız qalacağıq. Amma bunu anlayanda, gücümüzü dərk edəndə sistem yox olacaq. Özü də xalqın ayaqları altında.

Hələlik isə xalq yadelli cinayətkar sistemin ayaqları altında inildəyir. Kimisi məruz qoyulduğu haqsızlıqdan, kimisi yoxsulluqdan, kimisi xəstəlikdən, kimisi də xüsusi vəhşiliklə tətbiq olunan işgəncələrdən. Sistem isə həmin iniltiləri eşitmir, eşitmək belə istəmir, çünki o, öz işini görür. Onun işi bizi məhv etməkdir.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın