Sizin qədrinizi bilmədik, Ulu Öndər

Hörmətli oxucular, bugünkü tarix- 22.08.2020-il Azərbaycanın görkəmli oğlu, Əbülfəz Elçibəyin rəhmətə getdiyi gündür. Azərbaycanın demokratik yolla seçilmiş ilk və son prezidenti 20 il bundan əvvəl, Türkiyədə- müalicə olunduğu xəstəxanada rəhmətə getmişdir.
Bu gün bir qrup Elçibəysevənlər, Azərbaycan Xalq Hərəkatının üzvləri, başda Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəli oğlu olmaqla, Əbülfəz Elçibəyin məzarını ziyarət etmişlər.
Ə. Elçibəyin 11 aylıq prezidentliyi dövründə Azərbaycan xalqı üçün etdikləri- Qarabağın düşməndən azad olunması, Rusiya qoşunlarının Azərbaycandan çıxarılması, test üsulu ilə qəbul imtahanlarının keçirilməsi, əmək haqlarının birdən – birə 300% artırılması, rüşvətin və korrupsiyanın kökünün kəsilməsi və s. – xarici və daxili düşmənləri çox narahat etdiyi üçün 4 iyun 1993 ci ildə hərbi çevriliş edərək Milli hökuməti devirdilər. Nəticədə həm dövlətimiz, həm də torpaqlarımız düşmən əlinə keçdi.
Azərbaycan xalqı Ə. Elçibəy rəhmətə gedərkən sanki qəflətən diksindi və bir zamanlar düşmən təbliğatına uyub, taleyinə biganə qaldığı öz Böyük Oğlunun dəfninə yüz minlərlə insan gəldi. Xalq Bəyi son mənzilə -Rəsulzadə qəsəbəsindən Fəxri xiyabana qədər həmin qızmar avqust ayında çiynində apardı.
Bu gün Rusiya hökumətinin qarşısında dimdik duran Ə. Elçibəyin fonunda, Tovuz döyüşlərində Rusiya tərəfindən xaincəsinə öldürmüş şəhidlərinin qırxı çıxmamış, Rusiya hərbiçilərini zurna – qavalla qarşılayan İ. Əliyev iqtidarı çox miskin, çox cılız görünür.
Ürəklərdə yaşayan Əbülfəz Elçibəyin yoxluğu zaman keçdikcə daha çox hiss olunur. Elçibəyin simasında Azərbaycan müxalifəti ağsaqqalını, liderini, Azərbaycan xalqı isə M. Ə Rəsulzadə hökuməti dönəmindən sonra yetişmiş bir siyasət adamını, böyük bir oğlunu itirdi.
Allah rəhmət eləsin, məkanın cənnət olsun, Ulu Öndər.

İmza; Şahin Şirvanlı.

Bunu paylaş: