Səhər öyülən, axşam söyülən, əsgəri işgəncə verilib öldürülən Ali Baş Komandan

 

Tərtər qətliamınının artıq 9- cu aydır ki, Azerfreedom TV- də ictimai istintaqı gedir. Cəmiyyətimizdə olan naqis idarəetmənin daha naqisi Azərbaycan Ordusunda baş verir. Müharibə şəraitində olan ölkənin ordusu demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir. Seçmə əsgər və zabitlərimizə verilən ağlagəlməz, dəhşətli işgəncələrin isə sayı – hesabı yoxdur. Haqlı olaraq qeyd edirlər ki, əgər bir Ali Baş Komandanın əsgəri zorlanırsa, demək həmin komandanın özü zorlammış hesab olunur. Belə bir vaxtda ordunun Ali Baş Komandanı olan İlham Əliyevdən səs çıxmır.
Bunun əvəzinə internet şəbəkələrində son zamanlar, xüsusilə ikinci Qarabağ müharibəsindən sonra yaradılan saytların bayağı, şit xəbərləri ilə doludur. Onlar da ancaq “Müzəffər Ali Baş Komandana” “bəy tərifi” söyləməklə ictimai rəyi daim manipulyasiya etməklə məşğuldurlar.
Yadıma Sovet hakimiyyəti dövründə Azərbaycanın aldığı Keçici Qızıl Bayraqlar düşdü.

Hər gün axşam televiziya Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın “iqtisadi müvəffəqiyyətlərindən” danışıb, gurultulu alqışlar altında qırmızı bayraqlar alırdı, ərzaq mağazaların rəfləri isə boş idi. Ermənistan və Gürcüstan isə bayraq yox, SSRİ- dən ərzaq alırdı. Bizim əhalimiz isə ərzaq məhsulları almaq üçün Gürcüstana və Ermənistana ( sərhədə yaxın olan Qafana) gedirdi. Əslən Ermənistandan olan qonşumuz deyirdi ki, ermənilər ərzaq məhsulları almaq istəyən azərbaycanlılara baxıb gülüb, deyirdilər ki, nə oldu:

axşam çapan,
gündüz Qafan.
Sovetlər birliyi dağıldıqdan sonra rəhmətlik professor Aydın Məmmədov Heydər Əliyevin Milli Məclisdə canlı yayımda üzünə dedi ki, hanı o qırmızı bayraqlar?
Sovetlərdən bizə zəhərlənmiş pambıq çölləri, kasıb ölkə, 20 yanvar faciəsi və Xocalı soyqırımı qaldı.
Belə görünür ki, bizim də taleyimizə, öz iradəmizdən asılı olmayaraq, bizə sırınan ikiüzlü Əliyevlər sülaləsinin idarəçiliyi düşüb – yenə çapan, yenə yalan, yenə talan.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın