Səfər Mehdiyev də getdi, dəyişən nəsə olacaqmı?

Son günlər Azərbaycan Gömrük Komitəsinin başını qara buludlar almaqdadır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar nəticəsində GK generallarının, yüksək rütbəli üzvlərinin həbsi buna bir sübutdur. Təxminən iki həftə əvvəl GK-nin sədri Səfər Mehdiyev də keçirdiyi iclas zamanı vəziyyətin gərgin olduğu barədə işarələr vermişdir.

Bildirmək istərdik ki, İlham Əliyevin əmrinə müvafiq olaraq GK – nin sədri Səfər Mehdiyev də vəzifəsindən azad edilmiş oldu. Hələlik Azərbaycan hökuməti tərəfindən sabiq nazirin işdən azad olunması ilə bağlı heç bir açıqlama verilməmişdir.
Veriləcəyi barəsində heç bir ümid də yoxdur. Sadəcə, adını korrupsiya, rüşvətxorluq, qanun pozuntuları qoymaqla kifayətlənəcəklər.

Hörmətli oxucular, sizlərə Azərbaycan Gömrüyündə baş verən özbaşınalıq barəsində dəfələrlə xəbər vermişik. Düzdür, Səfər Mehdiyevin gedişi orada olan qanunsuzluğu dəyişməyəcəkdir. Əksinə, artıracaqdır. Guya bundan əvvəlki nazirlər nəyi dəyişmiş ki, bundan sonrakılar da dəyişsin!

Səfər Mehdiyevin işdən azad edilməsi ilə bağlı araşdırmalarımız iki məsələnin üzərində durmaqdadır.
İlk olaraq hər zaman olduğu kimi “Qara Kassa” ya əl uzadılmışdır. Yəni Əliyevlər ailəsinin gəlirlərinə sadiqlik göstərilməmişdir.

İkinci problem isə, dəfərlə sizlərə Türkiyə sürücülərinin Azərbaycan gömrüyündən narazılığını təqdim etmişdik. Hətta İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşlərində bu məsələ dəfələrlə qaldırılmışdır. Görünür, İlham Əliyev qardaş ölkədən gələn etirazlardan təngə gəlmiş və problemləri kökündən həll etmişdir.

Sonda qeyd etmək istərdik ki, Səfər Mehdiyevi vəzifədən azad etmək, gömrükdə olan problemlərindən yaxa qurtarmaq demək deyil. Xalqımız bilir ki, ölkədə hər şey İlham Əliyev və onun yaxınları tərəfindən idarə olunur. Bundan əvvəl neçə neçə nazirlər dəyişmiş , ölkədə yaxşılığa doğru heç nə dəyişmədi. Bu gün də Səfər Mehdiyevin işdən çıxarılmasının xalqımıza heç bir isti – soyuğu olmayacaqdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın