Rəhbər belə olar

 

Təyinatla bir dağ kəndində işləyərkən yaşlı bir müəllimənin mənə danışdığı hadisəni heç vaxt unutmayacağam.

Hadisə belə olmuşdur:
İkinci dünya müharibəsi zamanı bütün ölkə ərazisində qıtlıq olsa da, hətta bir çox insanlar acından ölsələr də, Sovet hakimiyyəti müəllimlərə xüsusi qayğı göstərirdi.
Onlara hər ay un, şəkər, neft, sabun ( “payok”) verirdi. Hətta həmin qayğının əlamətlərini Xruşov dövründə olan qıtlıq zamanı öz gözümlə görmüşəm və öz uşaqlıq hafizəmdə saxlamışam. Çörək qıtlığı zamanı kəndə gətirilən un, birinci növbədə, “xalq müəllimlərinə” paylanırdı.
Yaşlı müəllimənin dediyinə görə, müəllimlərə çatan həmin “payok”u
kəndin ərzağın tədarük edən “selpo” sədri təmin edirdi. Lakin bir müddət müəllimlərə çatacaq həmin “payok” naməlum səbəbdən verilmirmiş. Yerli və rayon miqyasında olan şikayətlər heç bir nəticə vermədiyi üçün müəllimlər M. Bağırova şikayət edirlər.
Müəllimə danışır ki, bir gün məktəbə gələrkən müəllimlər otağında əynində qara dəridən şinel, eynəkli bir naməlum kişinin olduğunu gördüm. Naməlum adam ayaq üstə dayanmışdı. Zahirən ötkəm və zəhmli idi. Müəllim yoldaşlarımdan bu adamın kim olduğunu soruşduqda, onlar astaca:
Bağırovdur – deyə pıçıldadılar.
Birdən Bağırov – şikayətiniz nədəndir? – deyə müəllimlərə müraciət etdi.
Müəllimlərdən səs çıxmadı.
Bağırov ikinci dəfə soruşanda müəllimlər arasında ən gənc olan mən, “selpo” sədrinin müəllimlərin “payok”unu kəsdiyini dedim.
Bağırov ötkəm bir səslə “selpo” sədrinin çağırılmasını tələb etdi.
Bir an içində “selpo” sədri müəllimlər otağında peyda oldu. O, orta yaşlı qadın idi. Bənizi ağarmış, əlləri titrəyirdi.
Bağırov qadını başdan ayağa qədər süzdü və bir qədər səsinin tonunu qaldıraraq soruşdu:
– bu kəndin “selpo” sədri sənsən?
Qadın güclə eşidiləcək səslə cavab verdi:
– bəli.
– bəs nə üçün müəllimlərin “payok”unu vermirsən?
– …
Bağırov sualı bir də təkrar etdi:
– deyirəm, nə üçün müəllimlərin “payok”unu vermirsən?
– …
– Allah üzünə baxıb ki, qadınsan.
Kişi olsaydın, saçından maşının arxasına bağlayıb buradan rayon mərkəzinə qədər sürüyərdim.
Anladın?
– bəli.
– get bir də səndən şikayət eşitməyim.
– baş üstə.
O gündən sonra heç vaxt müəllimlərin “payoku” kəsilmədi və hətta, dediyim kimi, Xruşov dövründə də Bağırovun qoyduğu qayda pozulmadı.
Müəllimlər də Bağırovdan çox razı qaldılar və hər yerdə, “rəhbər belə olar” dedilər və hər yerdə minlərlə günahsız insanı repressiya etmiş Sovet hakimiyyəti beləcə təbliğ olundu.
Həmin kənd əhalisi ətraf kəndlərdən fərqli olaraq ictimai – siyasi hadisələrə biganə deyildi və 1988 – ci ildə başlayan Milli azadlıq hərəkatında fəal iştirak edirdilər.
Eşitdiyimə görə, indiki hökumətin yüksək səlahiyyətli nümayəndələri, hətta birinci şəxs belə, həmin kəndə tez – tez gedir və orada aparılan abadlıq işlərinə xüsüsi diqqət ayırır.
Bu yaxşıdır, arada kənd və onun əhalisi, böyük miqyasda isə Azərbaycan udur.
Yəqin ki, bir vaxt Milli azadlıq hərəkatında fəal iştirak edənlərin yeni nəsli belə deyir: rəhbər belə olar.
Bəli, xalq uşaq kimidir. Kim ona nəsə verirsə onu sevir.

PS: Azərbaycanda nə vaxtsa hakimiyyətə gəlmək, millət vəkili seçilmək istəyənlər, xalqı təşkilatlandırmaq istəyənlər xalqa tərəf getməlidir. Heç nə etməsələr belə dərdinə şərik olmalıdır. Heç nə verməsələr belə ÜMİD verməlidirlər.

Onlar Bakıdan gələn hər bir partiya sədrinə, siyasi liderə ümid yeri kimi baxırlar.
Özü də bu gediş seçki dövründə deyil, məhz indi olmalıdır ki, sabah həmin adamlardan seçkidə səs istəməyə, yaxud təşkilatına üzv olmağa çağrmağa üz yeri olsun. Yadda saxlamaq lazımdır ki, xalq heç nəyi unutmur və heç kimə də borclu qalmır.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın