Rüşvətin kökü hardadır?

“Şuşada bir dənə də olsun bina tikməyiblər.Özləri üçün villa tikiblər, o da rüşvətxor məmurlara aiddir” , – bu sözləri Azərbaycan prezidenti çıxışında bildirib…Dostlar, fikrinizi doğma Şuşamıza yönləndirmək niyyətim yoxdur. Maraqlı məqam, rüşvətxor məmur cümləsidir. Vallah, gic gülmək tutur məni. Elə bil tək ermənilərdədir korrupsionerlər. Biz süddən çıxmış ağ qaşığıq, eləmi?
Mənə maraqlı deyil hansı ölkədə hansı məmur nə iş görür, nə talayır, nə oğurlayır.! Hərə öz etdiyinin cəzasını gec-tez, ya xalq tərəfindən, ya da dövlət tərəfindən alacaq. Ancaq bizdə tam tərsinə, rüşvətxor, xain, korrupsioner, dələduzlar göstərişlə tutulur, bir müddət sonra azad olunur və digər vəzifəyə yüksəlir. Prezident İlham Əliyev, bizdə bu kimi məmurlar azdımı?
Konstitusiyamıza əsaslanaraq deyirəm ki, məmurlar biznes qura bilməz və üzərinə düşən vəzifəni yerinə yetirmək öhdəçiliyi var. Lakin hansı yüksək vəzifəlini “silkələyirsən”, altından holdinqlər, şirkətlər, otellər, restoranlar və s.çıxır. Birindən sormusunuzmu, bu qədər mülk, para sizə hardandı?

Əlbəttə, xeyr. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılır, 1-2 icra məmuru ( sifarişli “vurmaq”), “Baku Steel Company” -nin müdirü tutulur (gözdən pərdə asmaq üçün), bu da olur güya rüşvətə qarşı mübarizə idarəsi. A kişi, kimə gəlirsən?
İndinin bu günündə belə Şəhid ailələrindən, Qazilərimizdən rüşvət tələb edirlər. Vermədikləri üçün ya şantaj olunur, ya da sənədlərinə yüngül yaralı damğası vurulur. Hanı sizin ədalətiniz, hanı rüşvətə qarşı mübarizə idarəsi?


Niyə bu qurum ölçü götürmür bu barədə?
Polisi, həkimi, müəllimi (istisnalar var) rüşvət alır. Elə mənim üzümə bu sözü: “Polis rüşvət alar da”,- deyən, polis zabiti olub. Bir az sonra TV- lərin birində işlədiyimi bildirsəm də. Polis üzərimə gələrək məni həbslə hədələdi.Psixoloji olaraq hiss olunan budur ki, xalqda hakimiyyətin təzyiqi nəticəsində böyük xof yaranıb. Hər kəs haqsız təqib, təzyiq və həbs olunmağından qorxur.

Mənimlə belə tərzdə danışan sadəcə polis zabiti idi. Görün yuxarıda oturan o hampa- zompa məmurlar ortalıqda nə kimi korrupsiya işləri görürlər. Axı sizin xəbəriniz var hər şeydən, İlham Əliyev. Ölkə üzərindən razılığınız olmasa, icazəsiz quş da uçmaz. Rüşvətxorluğun aradan yığışdırılmasının açarı siizin əlinizdədir. Şübhəsi olan varsa, cavabı qısa və konkret : “Balıq başdan iylənər”..

Rəşad Şıxəliyev.

Bunu paylaş: