Qurbanqulunun dərdi

 

Bir neçə ay öncə Türkiyənin rəhbərliyi ilə, türk dövlətlərinin başçılarının iştirakı ilə, Türk Konseyi, yəni Türk dövlətlərinin birliyi elan edildi. Dostu sevindirən, düşməni isə rahatsız edən bu aksiyada bütün türk dövlətlərinin başçıları təşkilatçı kimi, lakin Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov isə müşahidəçi statusu ilə iştirak etdi. Nə üçün “müşahidəçi?”
Əvvəlcədən, Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində olan neft və qaz yataqlarına görə olan soyuq münasibət Türkiyə prezidentinin sayəsində həll olmuşdu. Bəs Türkmənistanın “müşahidəçi statusunun” səbəbi nə idi? İlk ağıla gələn səbəb Türkmənistanın Rusiyadan çəkinməsi ola bilərdi.
Lakin məlum olub ki, Türkmənistanın əsas şərti Türkiyə və digər türk dövlətlərində olan Türkmənistan müxalifətinin həmin ölkələrdə fəaliyyətinə izin verməməkdir.
Bəli, diktatorları ölkənin taleyüklü məsələləri yox, birinci növbədə öz kresloları maraqlandırır. Tanış səhnədir, əziz həmvətənlər?

Bütün təbii sərvətlərlə, o cümlədən dünyanın ən zəngin qaz yataqlarına malik olan dövlətlərdən olan Türkmənistanda, insanlar çörək almaq üçün gecə saat dörddən növbə tutmalı olurlar və bir nəfərə dükandan 11 ədəddən artıq yumurta almaq qadağandır. Totalitar idarəetmə sistemi qardaş Türkmənistan xalqını dilənçi gününə salmışdır. Ölkə Şimali Koreya üslubunda idarə olunur.

Təmtəraqlı həyat tərzi keçirən Türkmənistan prezidenti isə, Azərbaycanda olduğu kimi, hakimiyyəti konstitusiyaya zidd olaraq atadan oğula ötürməyə hazırlaşır.
Doğrusu bu qurbanqululara, ilhamlara baxanda “Türk dövlətlərinin birliyi” ideyası bir qədər utopik gəlir. Bu feodal, meşşan, manqurt təfəkkür ilə bu dövlətlərin birliyi yalnız instinktiv, yəni öz hakimiyyətlərinə təhlükə qarşısında yarana bilər.
Hər halda, arzu edək ki, Allah bu işləri xeyirlisindən eləmək üçün əvvəlcə bu dövlət başçılarını ADAM etsin. Amin.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın