Qatil leylək və xarab xiyarların hekayəsi

 

Azerfreedom TV – də Tərtər qətliamının müzakirəsi başlayandan sonra, bir çoxları kimi, mənim də beynimdə həmin hadisələr dərin iz buraxıb. Hara gedirəmsə, nəyə baxıramsa, Tərtər qətliamını görürəm…

Məsələn, televiziyada heyvanlar aləminə aid veriliş gedir. Bir leylək yuvasında körpə balalarını yemləyir. Ana leylək yem verərkən ayrı – seçkilik edir. Balalardan bəzilərinə yemək verir, bəzilərinə isə vermir. Bu azmış kimi, bir müddətdən sonra ana leylək daha amansız hərəkət edir – yem vermədiyi körpə leyləkləri dimdiyi ilə götürüb yuvadan çölə tullayır və öldürür. Bir ailənin başçısı öz övladlarını qətl edir.
Yadıma Tərtər qətliamı düşür: bir tərəfdə hər cür naz – nemət içində bəslənən prezident, məmur övladları, digər tərəfdə isə yaşamaq hüququndan məhrum edilmiş, amansız işgəncələrlə öldürülmüş Tərtər şəhidləri – Validə xanımın övladı Elçin Quliyev, işgəncə verirləndən sonra pəncərədən atılaraq vəhşicəsinə qətlə yetirilmiş polkovnik Saleh Qafarov və başqaları.
Əsilində əsəbləri sakitləşdirən heyvanlar aləminə aid olan veriliş məni daha da sıxdı.
Keçirəm mətbəxə və mətbəx işlərinə kömək etməklə fikirimi yayındırmaq istəyirəm. Turşu bağlamaq üçün hazırlıq görmüşük: xiyar, kök, gül kələmi, kərəviz, şüyüd, sarımsaq və s. hazırdır.
Bunları bir balona doldurub üzərinə duz, qara bibər, dəfnə yarpağı əlavə edirik. Balonu su ilə doldurub ağzını bağlayıb üç gün gözləməliyik…
Üç gündən sonra balonu açırıq. Sən demə, xiyarların içərisində bəziləri xarab imiş. Həmin o xarab xiyarlar suyu bulandırmışdır. Aman Allah, nə qədər xarab xiyarlar var imiş və onlar Tərtər qətliamını törətmiş cinayətkarlara necə də oxşayırlar: içərisi xarab, şişmiş xiyar Hikmət Həsənova oxşayır. Elə bil bu dəqiqə ördək kimi yanlarını basa – basa gəzəcək. Bu saralmış, bir qədər də büzüşmüş xarab xiyar Xanlar Vəliyevə, içinə hələ gül vaxtında qurd düşmüş xiyar isə xain Nəcməddin Sadıqova necə də oxşayır.

Xarab xiyarlar içərisində Zakir Həsənovun, Qiyas Abbasovun, Ramil Əsgərovun, Şəfaət İmranovun, Fuad Ağayevin, Ülvi Əhmədovun, Rövşən Qəribovun

Cəfər Seyidovun və başqalarının oxşarlarını da tapmaq mümkündür.
Xarab xiyarları rədd edirik və bir həftə sonra balonu açırıq.
Bəh – bəh…
Maraqlıdır ki, balondakı xiyarın da, kökün də, gül kələminin və sairənin də dadı eynidir – hamısı ətirli, dadlı, saf – müxtəlif millətlərdən olan Azərbaycan xalqı kimi.
Bəs zamanında xarab xiyarları rədd etməsəydik, nə olardı?
Əlbəttə ki, safları da korlayıb, bütün balonu məhv edəcəkdi.
Bəli, Azərbaycanımızın vəziyyəti bu gündədir, əziz həmvətənlərimiz.
Azerfreedom TV – də bu barədə hər gün həyəcan təbili çalınır.
Vaxt gözləmir, axı hələ də həmin leylək yuvanın başında, xarab xiyarlar isə balonların içindədir.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın