Qarabağda və Ermənistanla sərhəddə nələr baş verir

Qarabağda və Ermənistanla sərhəddə nələrin baş verdiyini şərh etməyim xahiş olunur.

Qısa bir şərh verim hələlik. Təəssüf ki, yayılan şaiyələr və rəsmi məlumatlar hər iki mövqedə gərginliyin artacağını deməyə əsas verir.

Ona görə təəssüf ki, bu gün istər Qarabağda, istərsə də Ermənistanla sərhəddə hərbi qarşıdurma Azərbaycanın əleyhinə işləyə bilər. Özü də həm Rusiya, həm də Qərb tərəfindən.

Yeni Azərbaycan-Ermənistan savaşı Qərbə Azərbaycana təzyiq etməyə (sanksiyaların tətbiq olunmasınadək), Rusiyaya isə bölgəyə ordusunu yeritməyə bəhanə verə bilər.

44 günlük müharibənin yekunları haqqında demişəm ki, Rusiya öz hədəflərinə qismən çata bildi, növbəti müharibə isə ona öz planlarını tam reallaşdırmaq imkanı yarada bilər.

Rusiyanın Ukraynadakı üzücü müharibəsini əsas gətirərək onun Azərbaycana qoşun yeritmək imkanının olmadığını iddia etmək çox aldadıcıdır. Rusiya üçün belə məhdudiyyət yoxdur.

Lazım olduqda azı yüz min insanı da səfərbər edərək silahlandıra bilər. Formal olaraq səbəb kimi də “sülhməramlılara” təhlükə yaradılmasını və Ermənistanla hərbi tərəfdaşlıq müqaviləsini əsas gəritə bilər.

Qərb bu məsələdə bu gün yekdil olmaya bilər, amma hətta bir neçə Avropa ölkəsinin də mövqeyi Azərbaycana qarşı ümumi yanaşmanın ortaya qoyulmasına səbəb ola bilər.

Başqa təhlükəli bir nəticə də Cənubi Qafqaz bölgəsində Rusiya-Türkiyə hərbi qarşıdurması ola bilər ki, bu halda da NATO ölkələrinin birmənalı Türkiyəni dəstəkləyəcəyini söyləmək asan deyil.

Hətta bu, olsa belə həmin qarşıdurma bölgənin böyük müharibə meydanına çevrilməsi demək olardı. Fikrimcə bu gün Azərbaycan üçün ən əhəmiyyətli vəzifə hələlik ölkənin təhlükəsizliyi olmalıdır.

Bunun üçün də əvvəl də dediyim kimi, Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməklə Rusiyanı Azərbaycana qarşı təcavüzdən çəkindirmək olmalıdır, ona rəvac vermək yox.

Bu məqsədlə atılması zəruri olan təxirəsalınmaz addımlardan biri də Rusiyaya bağlı ordu rəhbərliyinin dəyişdirilməsi olmalıdır.
Hələlik qısaca bu qədər.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbər.

Bunu paylaş:

Bir cavab yazın