Qadınlar, həmrəy olun!

Siz də fikir vermisiz? Ya yox? Bizim cəmiyyətimizdə rüsvayçılıq bütün hallarda qadının payına düşür, xüsusən də boşanma və boşanmadan sonrakı ərəfədə. Hətta onun boşandığı əri narkoman, əyyaş və alçaq biri olsa belə. Hətta onun ucbatından bu qadın sağlam uşaq dünyaya gətirə bilməyibsə və ya ümumiyyətlə ana olmaqdan məhrum olmuşsa belə. Onsuz da hamı və həmişə, qadının öz fiziki əyər-əksikləri ucbatından uşaq dünyaya gətirə bilmədiyini, əri ilə yaşaya və onun azğınlıqlarına dözə bilmədiyini güman edəcək. Çünki bizim adətlərimizə görə, boşanmış qadın demək olar ki, bədnam qadın sayılır, onun boşanma səbəblərini isə itirib-axtaran olmur. Bizim lənətə gəlmiş adətlərə görə, istənilən qadın, xüsusən də boşanmış qadın, əgər o, birisi ilə görüşməyə cəhd edərsə, fahişə hesab ediləcək. Olmaz! Madam ki, ilk ərinlə alınmadı, evdə otur və öz rüsvayçılığına yas saxla. İkinci dəfə ərə getmək olar, amma heç kimlə görüşmək olmaz. Bizim kişilərin əqidəsinə görə, boşanmış qadının nazı ilə oynamaq artıq işdir. Onlar onu dərhal yatağa çəkməyə çalışırlar, ya da əgər qadın imkanlı ailədəndirsə, həmin ailəyə yol tapmaq üçün onunla evlənməyə cəhd edirlər. Belə hallarda onları qadının maddi vəziyyəti onun özündən qat-qat artıq maraqlandırır. Bizdə boşanmış qadın, bir növ, “ikinci sort” mal, çürüntüsü olan matah sayılır ki, onu daha ucuz qiymətə əldə etmək olur.

Bizim kişilər “boşanmışa” baş qoşmaqla, ona hədsiz böyük lütfkarlıq göstərdiklərini düşünürlər. Bax, belə iyrənc psixologiya mövcuddur cəmiyyətimizdə. Amma bu zərərli psixologiyanın yaranmasının ən böyük səbəbkarlarından biri elə yenə də öz qadınlarımız, analarımızdır. Onlar öz oğullarına boşanmış qadını, onların təbirincə desək, “işlənmiş malı” rəva görmürlər, hətta oğulları həmin qadının dərdindən dəli-divanə olsa belə. Artıq elə bir vəziyyətdəyik ki, boşanmış və dul kişilər belə boşanmış dul qadınlarla evlənmək istəmirlər, bakirə qız axtarışına çıxırlar. Və bu yolda onların ən böyük dəstəkçiləri yenə də öz analarıdır. “Nəyimə lazımdır oğluma ikinci əl arvad alım, düz-dünya doludur qızla, elə gedib bakirə qız alaram da” -deyib, öz həmcinslərini alçaldan, yerdən-yerə vuran yenə də öz qadınlarımız, öz analarımızdır. Bizim cəmiyyətdə qadın həmrəyliyi olmazkən, qadın-kişi hüquqlarının bərabərliyindən söhbət açmaq belə mənasızdır…

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın