Ordumuz işini bitirəndən sonra görüləsi çox işimiz var

İşğala son qoyan kimi min illik biganəliyimizə də son qoyarıq. Bu biganəliyin ağır nəticələrindən tarixi dərs almaq üçün. Qafqaz Albaniyasına aid bütün abidələrə – ən ucqardakına, ən xırdasına qədər – yiyə durarıq, Qarabağın şəhər və kəndlərinin bərpası ilə paralel, onların da bərpasına başlayarıq.

Ərəb istilasından sonra islamlaşma nəticəsində baxımsız qalan bu xristian abidələrinə 1828-ci ildən buralara köçürülən ermənilər sahib çıxdılar, öz adlarına saxtalaşdırdılar. 1836-cı ildə rus çarı I Nikolayın fərmanı ilə Alban Həvarı Kilsəsi erməni Qriqorian Kilsəsinə tabe etdirildi. Beləcə, ermənilər bu torpaqların tarixən onların olduğunu bu xristian abidələrlə sübut etməyə çalışdılar. İnternet onların bu ağ yalanları ilə doludur.

Demək istədiyim odur ki, Qarabağ müharibəsi bitsə də ermənilərlə Qarabağ münaqişəmiz uzun illər sürəcək!

Tək Qarabağdakıları yox, Qafqaz Albaniyasının Gədəbəy, Tovuz, Zaqatala, İsmayıllı, Şamaxı, Quba və s. yerlərdəki abidələrini də bərpa edərik. Buraları turist məkanlarına çevirərik. Sənədli filmlər, kitablar, kataloqlar, internet resursları hazırlayarıq.

Azərbaycan xristian sivilizasiyasının beşiklərindən biridir! Eramızın 313-cü ilində xristianlıq qəbul olunub Qafqaz Albaniyasında. Bunu dünyaya təqdim etmək üçün hər cür tarixi dəlilimiz, imkanımız var.

Udinlərin yaşadığı Nij kəndini qədim Albaniya mədəniyyətinin mərkəzinə çevirərik, muzeylər açar, hotellər tikərik. Elə edərik ki, ölkəyə gələn hər turist bura can atar.

Udinlərlə məsləhətləşərik, bəlkə elə Alban Həvari Kilsəsinin adını özünə qaytarmaq da olar. Bir prezident fərmanı ilə I Nikolayın fərmanı da dəyişdirilə bilər. Niyə də yox!

Bir sözlə, görüləsi çox işimiz var. Ordumuz işini bitirsin Böyük Bərpaya başlayaq!

Tanrı ordumuza, xalqımıza, dövlətimizə yar olsun!

 

Vahid Qazi

Bunu paylaş: