Ona görə ki, bu cinayətin hədəfə aldığı məqamlar İlham Əliyevin də şəxsi maraqları ilə tam üst-üstə düşür

 

Davamı…

Beləliklə, açıqca görünür ki, istər Tərtər qətliamında, istərsə də Azərbaycan Ordusuna qarşı törədilmiş Əsrin cinayətinin digər mərhələlərində ən fəal iştirak etmiş şəxslər İlham Əliyevin özünün sərəncam və fərmanları ilə mükafatlandırılıblar, vəzifədə böyüdülüblər. Niyə?

Bu suala cavabı 2 gün əvvəl barəsində özünün çəkdirib yaydığı videonu paylaşdığım polkovnik Vüsal Ələsgərovun nümunəsində cavab tapmağa çalışaq. Yeri gəlmişdən, keçən ilin dekabrında YouTubea yerləşdirilmiş həmin video burada paylaşılandan 2 saat sonra silindi (və ya gizlədildi).

Niyə Ələsgərov, axı o Tərtər qətliamında xüsusi canfəşanlıq etmiş onlarla cinayətkardan biridir? Çox sadə: çünki onu cinayətkar edən təkcə Tərtər qətliamı olmayıb, polkovnik Ələsgərov buna qədər artıq yetirşdirilib hazırlanmış cinayətkar idi və elə buna görə də cinayət ərəfəsində 1-ci ordu korpusuna briqada komandiri vəzifəsinə göndərilmişdi.

Bundan əvvəl isə Ələsgərova qarşı azı iki dəfə iş açılıb, amma hər dəfə o, təkcə cəzasız qalmayıb, həm də vəzifədə böyüdülüb, Xanlar Vəliyevin (ona iş açan hərbi prokurorluğun rəhbəri) köləsinə çevrilib. Bu məxluq havadarlarına o qədər arxayın olub ki, hətta cəbhə xəttindəki mövqelərdən belə hərbçiləri kütləvi çıxararaq işgəncələrə yollayıb və mövqeləri tam müdafiəsiz buraxıb.

2020-ci ildə Vüsal Ələsgərov İlham Əliyevin fərmanı ilə mükafatlandırılıb. İlham Əliyev bunun da cinayətkar olduğunu “bilməyib”. Halbuki, sağlam məntiq Tərtər qətliamından sonra İlham Əliyevdən ordu ilə bağlı atdığı hər bir addımını yüz dəfə ölçüb-biçməyi tələb edirdi. Sağlam məntiq, əlbəttə.

2020-ci ilin iyul ayının 8-də Ermənistanın Tovuz təxribatı ərəfəsində Müdafiə naziri, şou generalı Zakir Həsənovun əmri ilə ordunun digər bir üz qarası Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.

1-ci ordu korpusunun komandiri olduğu dövrdə törətdiyi əməllər haqda əfsanələr dolaşan H. Osmanovun Əliyevə şəxsən Putin tərəfindən tapşırıldığını nəzərə alsaq, belə bir təyinat anlaşılandır. Xüsusilə də Azərbaycan Ordusuna Türkiyədən, İsraildən və digər ölkələrdən müasir texnoloji silahların gətirildiyi bir dövrdə…

Onlarla belə misallar gətirmək olar ki, onların da hamısı İlham Əliyevin Əsrin cinayətində iştirakını birbaşa təsdiq edir. Çünki təkcə cinayətkar fəaliyyət deyil, baş verənlərin qarşısının alınmaması da cinayət sayılır və buna hüquqda “cinayətkar fəaliyyətsizlik” deyilir. Bu da hələ ən yaxşı halda baş vermiş hadisədir.

Ümumiyyətlə, Tərtər qətliamını araşdırdıqca onun necə xirda detallarınadək hazırlanmış kəşfiyyat əməliyyatı olmasından dəhşətə gəlməmək mümkün deyil. Bu isə Azərbaycandakı hakimiyyət adlanan çətənin ağlının məhsulu deyil və ola da bilməzdi. Əvvəllər də qeyd etdiyim bircə fakt planın nə qədər dərindən işlənildiyindən xəbər verir.

Tərtər qurbanları xeyli əvvəldən adbaad seçiliblər və onların seçilməsində əsas kriteriyalar bunlar olub:
– 2016-ci ilin aprel döyüşlərində fəal olanlar;
– ayrılmış və ya başçısını itirmiş ailələrdən olanlar (atası olmayanlar);
– sosial müdafiəsi zəif olan ailələrdən çıxmış hərbçilər;
– əsasən ucqar kənd və rayonlardan olanlar və s.

Cinayətkarlar xırda yanlış hesablamalara da yol veriblər ki, bunlardan da ən əhəmiyyətlisi cinayətin bu qədər ictimailəşəcəyini görə bilməməkləri olub. Elə buna görə də bu gün müdafiələri olduqca zəif təşkil olunub, amma əsas müdafiəçiləri olan İlham Əliyev onları cəzalandırmamaqda hələ də israrlıdır.

İndi də Tərtər qətliamının əsas təşkilatçılarından olan Nəcməddin Sadikovun bugünkü statusu haqda: Sadıkov bütün şaiyələrə rəğmən, Bakıdadır, tam sərbəst fəaliyyət göstərir, onun bütün komandası iş başındadır və hətta bu gün MN-də boş olan 10-15 vəzifəyə can atanlar belə onun qəbuluna düşməyə çalışırlar. Maraqlıdır, elə deyilmi?

Xeyr, maraqlı deyil, çünki faktlar deyir ki, Nəcməddin Sadıkov hələ də iş başındadır, çünki onun vəzifədən azad edilməsi haqda yeganə məlumat Vikipediya səhifəsində əks olunmuş bu cümlədir: 2021-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.

Deyək ki, Müdafiə nazirinin belə səlahiyyəti var, hərçənd ki, yoxdur, amma necə olur ki, Nizam Osmanovun və digər daha aşağı vəzifəlilərin təyinatının dəqiq tarixləri və əmr nömrələri göstərildiyi halda, bu boyda Baş Qərargah rəisi haqda yayğın bir “məlumat” ortaya atılır? Ümumiyyətlə, ölkədə nə baş verir və ölkə qalıbmı?

Bütün bu sualların ünvanlanmalı olduğu isə həm de jure, həm də de facto bircə nəfərdir – İlham Əliyev. Çünki Azərbaycanda hakimiyyət İlham Əliyevdir, çünki ölkənin hüquq müstəvisindən tam kənara çıxmasının səbəbkarı İlham Əliyevdir, çünki ölkə vətəndaşlarının həyatına və təhlükəsizliyinə cavabdeh olan bir nömrəli şəxs İlham Əliyevdir.

Amma İlham Əliyevə əxlaqlı, düzənli və ölkəsini sevən əsl generallar lazım deyil. Onun üçün prioritet vəzifə ölkənin, onun vətəndaşlarının, dövlətin yox, özünün və ailəsinin, onların topladıqları kriminal sərvətin və zəbt etdikləri hakimiyyətin təhlükəsizliyidir. Bunun üçün isə cinayətkarlar lazımdır.

Polkovnik Ələsgərovun nümunəsi göstərir ki, qana batmış cinayətkarları təkrar-təkrar cinayətlərə yollamaq daha asandır, çünki onlar artıq cinayət törədiblər, artıq “qırmızı xətti” keçiblər və onların başının üzərində tutulmaq təhlükəsi hər an qalmaqdadır. Belələri çox rahatlıqla bir şəhərə və hətta bütövlükdə bir xalqa da divan tuta bilərlər. İlham Əliyevə də elə bu lazımdır. Bizə isə bunun tam əski…

Son olaraq: Tərtər cinayəti təkcə bizim ordu üzərində keçirilmiş sınaq deyil, o gələcəkdə başqa ölkələrin ordularına da tətbiq oluna bilər və bu baxımdan, həm də mahiyyətinə və miqyasına görə Hərbi Cinayətlərə dair Beynəlxalq Məhkəmənin predmetidir. Ona görə də bu gün qaydalı, düzənli dünya bu cinayətə çox diqqətlə yanaşmalıdır ki, sabah o, başqa ölkələrdə təkrarlanmasın və böyük miqyas almasın. Belə təhlükə isə var və çox realdır.

Ərəstun Oruclu.

Bunu paylaş: