Mütləq nəsə etməliyik !

 

Cəmiyyət olaraq, xalq olaraq inkişaf etməyimiz üçün, öz gələcəyimiz, övladlarımızın gələcəyi üçün, dövlətimiz, xalqımız, ölkəmiz, torpağımız, mədəniyyətimiz, incəsənətimiz, tariximiz üçün hər birimiz nəsə etməliyik. Bəli, mütləq nəsə etməliyik. Xaricdən heç kim gəlib, bizə nəsə öyrətməyəcək, bizə doğru yol, işıqlı gələcək, ideal cəmiyyət qurmayacaqlar. Bunu hakimiyyət də etməyəcək. Biz hər birimiz bu ölkədə, Azərbaycanda yaşamaq istəyiriksə, arzularımızı, xəyallarımızı bu torpaqlarda görmək istəyiriksə,​ addımlarımızı, istədiklərimizi öz ailəmizdən, dostlarımızdan, ətrafımızdan, məhləmizdən, çevrəmizdən başlamalıyıq. Avropanı bu torpaqlara gətirməliyik. Soruşa bilərsiniz ki, sadə vətəndaş neyləyə bilər axı? -Ay gözəl xalqım, dövlətdən, hakimiyyətdən tutmuş, ən sadə məişət qanun qaydalarına qədər hər şeyi sadə vətəndaş, xalq qurur və formalaşdırır. Bunun üçün biz ən əziz ailəmizdən, ən yaxın dostumuzdan, yaxınımızdan belə, lazım gələrsə, keçməliyik, bəli sərt, qəddar olmalıyıq. Qanunun aliliyi naminə, cəmiyyətin, xalqın gələcəyi naminə…
Sən rüşvət vermə, nə də alma, oğlun maşınla adam vurursa belə, qoy onu həbs etsinlər. Məhkəməyə 50 min, 100 min evini-eşiyini satıb, vermə. Pis adama, yaltaq, gözə girən adamla, rüşvətlə 100 minlik maşın alan insanla dostluq etməyin, yeri gəlsə, salam verməyin, hörmət etməyin elələrinə. Toplum halında həkiminə, polisinə, müəlliminə heç kim rüşvət verməsə. O peşə sahibləri 200-300 manat maaşa işləməyəcəklər, çıxıb etiraz edəcəklər ki, maaşları qalxsın. Və ya sən o sahədə o maaşa işləmə. De ki, mən rüşvət ala bilmərəm. Maşını yolun kənarında saxlama, get 100, 200 metr kənarda saxla, yeriyərək get. Qanunsuz parklanma olan yerdə maşın saxlayana birinci polis deyil, sən özün etiraz et. Çək videoya, şəkil at DİN saytına. Qarşında kimsə avtoxuliqanlıq edirsə, qayda pozursa, nömrəsin yaz, polisə ver.
Gözləmə ki, kimsə gəlib onu cərimələyəcək, bunu sən polisə xəbər ver. Həyətinizdə kimsə ağac kəsirsə, gecə vaxtı səs salırsa, toplum halında etiraz edin, haqqınızı tələb edin. Ətrafınızda kimsə bayağı axmaq musiqidən tutmuş, videoya qədər baxırsa, onu o zövqdən uzaqlaşdır, başa sal, daha yaxşı şeyləri ona göstər, təbliğ elə. Atanız rüşvətlə sizə paltar, yemək alırsa, bunu onun üzünə deyin, bunun doğru olmadığını hər gün ona deyin. Öz mənafeyiniz, gözəl yaşayışınız naminə susmayın. Seçkiyə gedin, səs verdiyiniz qutunun başında lazım gəlsə, sutkalarla dayanın, kiminsə saxta bülleten atmağına sərt reaksiya verin, savaşın bu yolda, haqqınızı heç kimə yedirtməyin. Homofobiyadan tutmuş, irqçiliyə qədər ailənizdə, ətrafınızda, dost-tanışınızda kimsə yalnış fikir səsləndirsə, onu başa salın, tənbeh edin. Yanınızda biri uca səslə danışanda, qapalı yerdə siqaret çəkəndə, qayda pozanda, qadına-qıza sataşanda, energetik içki içəndə, rüşvət alanda ya verəndə, vergidən yayınanda, kimisə təhqir edəndə, oğurluq edəndə, yalan danışanda, yaltaqlıq edəndə, pul qarşılığında düzə əyri deyəndə, ağa qara deyəndə o insan sizin ən əziziniz olsa belə, onun səhvini üzünə deyin, lazım gəlsə, onu utandırın. Kimsə növbəni pozanda onu tənqid edin, utandırın, kimsə kimisə aldadanda susmayın, qonşu kişidən tutmuş, yoldakı yada qədər yanındakı qadını, qızı döyəndə susmayın, kənddəki qohumunuz belə becərdiyi pomidora, qarpıza çox gübrə, insan səhhətinə ziyanlı maddələr vuranda, ona qarşı çıxın, lazım gəlsə, o qohumunuzu polisə şikayət edin. Yanınızdakı insan sərxoşdursa, o sizin ən yaxınınız belə olsa, polisə deyin. Və s… və s… və s. saymaqla bitməz. Alman, İsveç, Norveç deyirsiniz. Onlar yaşadıqları cəmiyyəti belə qurublar.
Bizim hər birimiz nə vaxta qədər ki, istənilən məsələlərdə “Məəəənnn nəyimə lazımdı eeeee”, “Məəəəənlik deyil”, “Məəəəəən siyasətə qarışmıram”, “Şükür Allahın verdiyinə”, “Başını bəlaya soxma”, “Uzaq dur”, “Səəəəən işin-gücün qurtarıb eee” və.s bu kimi vecsiz, laqeyd təfəkkürə sahib olacağıqsa, bundan da betər gündə yaşayacağıq…

Xatirə Cəbrayılova

Bunu paylaş: