Mumiyalanmış meyit… və ya siyasi meyit

 


“Xalq cəbhəsi və Musavat” adını tez-tez hallandırmaq mumiyalanmış meyitin aradabir çıxarılıb dərmanlanması prosesi kimi bir şeyi xatırladır. Yəni meyiti təqdim edirlər ki, xalq görsün ki, tarixdə belə adlar altında təşkilatlar olmuş və onlar haqqında kifayət qədər danışılası söhbətlər, lətifələr də vardır…. Ленин жил, Ленин жив, Ленин будет жить…. Camaat bu temaya meylli olduğundan (hər halda xalqın qəlbində azadlıq, hürriyyət deyə bir nisgil vardır) bu mövzunu həvəslə müzakirə edir, tartışır, aşağı – yuxarı ələk-vələk edir və sonda ortadakı siyasi meyitləri görüb həvəssiz geri çəkilir. Bu meyitlər artıq heç kimə gərək deyillər, ələ-ayağa dolaşırlar, sadəcə. Amma hakimiyyətə lazımdır, hakimiyyət öz məqsədləri üçün onları mumiyalayıb saxlayır və arada çıxarıb dərmanlayır da. Hakimiyyət ehtiyat edir ki, xalq birdən bu meyitləri unuda bilər, yəni aparıb onları beton plitələrin altında dəfn edər və qayıdışı qeyri-mümkün olar və özünə yeni bir təşkilat qurmaq fikrinə düşə bilər, o üzdən zaman – zaman “xalq cəbhəsi və Musavat” terminlərini efirə buraxıb camaatın başını qatır, söhbət eləsinlər, günlər keçsin, dəyirman da bildiyini eləsin.

Bəşir Səfəroğlu deyirdi ey, “ölünün də qıdığı gələr?” Ölünün qıdığı da gələr, hələ desən xortlayıb kəfəni yırtmaq fikrinə də düşər. Amma nə fayda, meyitin üstünə düzülmüş beton plitələr onu qəbirdən çıxmağa imkan verməz, çünki molla haqq-hesabını alıb və əzrayılın da prosentini verib ki, bu ölü bir daha geri qayıda bilməz. “Tak çto” , bu ölü geri qayıdası deyil, gözləyənlər “bəlkə də qaytardılar” ümidi ilə ömürlərini başa vurmalı olacaqlar.

“Ax!.. necə kef çəkməli əyyam idi”. Amma idi, qaldı keçmişdə, indi deyinmələr, gileylənmələr, mübahisələr, qısası boş-boş sayıqlamalar heç nəyi geri qaytarası deyil. Cəmaət, bir şeyi qəbul etmək lazımdır ki, bu deyinmələr, donquldanmalar, giley-güzar, tənqid, təhqir, etiraf, “timsahın göz yaşları” və sairə beton plitənin altında kəfəni yırtmış ölünün qurcalaxlanmasından, qəbri deşib çıxma cəhdlərindən başqa bir şey deyildir.

Yoldaş Dadaşov demişkən, “yaman deyirdin ey orda, yenə o bağ oleydı, yiyib-içmey oleydı, ondan de bir qulaq asaq da”.


Sözardı; o adamı, o qurumu, o təşkilatı tənqid edərlər ki, o işini yarıtmaz görsün, işinin öhdəsindən gələ bilməsin və sən də onu tənqid edərsən ki, işində buraxdığı səhvləri düsəltsin və müsbət dəyişikliklərə nail olunsun. Başa düşmək olmur, bizim bu hakimiyyəti gecə – gündüz tənqid edənlər nə istəyirlər? Hakimiyyət təşkilat olaraq və ayrı-ayrı şəxslər olaraq hər kəs öz işini mükəmməl icra edir axı. Hakimiyyətin bir dənə də olsun səhvi yoxdur ki tənqid olunsun. Tənqid niyə lazım imiş bəs onda? Həə, ondan ötəri lazım imiş ki, camaat səni, yəni tənqidçini tanısın, “xalq artisti” kimi və ya sirk ustası kimi məşhur olasan, “əə bu filankəsdir eey” desinlər, avam kütlənin arasında xətir-hörmətin olsun, səni də bir insan sansınlar. Bu yerdə bir əfsanə yada düşür; Əjdaha suyun qabağını kəsib bir kopooluya bir damcı su vermirmiş, suyun əvəzində hər gün bir insan qurban verilməsini tələb edirmiş. İndi duraq biz əjdahanı tənqid edək ki, niyə belə edirsən?! Əjdaha öz işini görür, sənin tənqidini isə külək aparır. “Filan partiyanın sədri yaman deyir ey, pryamoy əjdahanın atasını yandırır”, “filan təşkilatın rəhbəri əjdahanın bütün eyiblərini açdı tökdü ortalığa, gizli bir şeyi qalmadı, sən ööl” – əjdaha isə öz dəmindədir, hər obedə bir insan gətirirlər, yeyir və üstündən də bulaq suyu içib “oxxaay” deyir,… “bu gün də belə keçdi, sabah da allah kərimdir” deyir, beləcə həyat davam edir.
Həə, burdan beləsini daha özünüz bilərsiniz, o əjdaha, o da siz. İşiniz avand olsun! Amma tənqid etməklə gözə kül üfürüb mənim kimi avam insanları aldatmayın, “kişi olun, kişisiz əəə”.
Aldı görək aşıq nə dedi :
O orda Divandan danışır,
Bu burda divandan danışır,
Bəzisi divandan danışır,
Ölmüş qurdmu leşisiz əə?
Kişi olun, kişisiz əə.

Nurəddin Kaqan.

Bunu paylaş:

Bir cavab yazın