Böyük Mirzə Cəlil bu günümüzə baxıb nə deyərdi görəsən?

Allah Mirzə Cəlilə rəhmət eləsin. Bir çoxları onu qınayırdı ki, xalqı aşağılayıcı şəkildə tənqid etmək olmaz. O rəhmətlik qələmini qamçıya çevirib xalqı cahilliyə, nadanlığa sürükləyən kəsləri (nakəsləri) qamçılayırdı. Böyük Mirzə Cəlil bu günümüzə baxıb nə deyərdi görəsən? Dünən Generalımızın, Tovuz şəhidlərinin 40 günü idi və gözlənilirdi ki, bütün kanallar bu haqda danışacaq. Amma…. Qaranlıq aləmin tanınmış simalarından birinin dəfn mərasimi canlı efirləri məşğul etdi və hətta jurnalistikada öz sözünü demiş, xalqın ziyalı saydığı şəxslər yaxasında mərhumun şəklini gəzdirdi. Əslində şəhidlərimizin və Generalımızın 40 gününü efirlərdə verməklə, onlara sayğımızı bildirməklə yanaşı həm də vətənpərvərlik təbliğatı aparırsan. Cavanlarımız belə efirləri görüb nə düşünür görəsən? Sabah onlar da şəhid olsa eyni taleyi yaşayacaq: efirlərin baxış sayını artırmaq üçün şəhidini yox, maraqlı hadisələri göstərəcəklər. Yazıqlar olsun bizə. Xahiş edirəm, məni düzgün başa düşəsiz. Mən qətlə yetirilən şəxsə rəhmət diləyirəm amma efirlərin, ziyalı sayılan kəslərin şəhidlərimizdən qabaq lotulara rəğbət göstərməklə kimə və nəyə xidmət etdiklərini bilmək, anlamaq istəyirəm. Başa düşmürlər ki, bu hərəkətləriylə lotuluğu təbliğ edirlər? Mirzə Cəlil haqlıymış; qamçılamaq lazımdır.

İmza; Yaqut Xəlilova.

Bunu paylaş: