Milli Onkologiya Mərkəzi üçün büdcədən ayrılan pullar hara xərclənir?!

Azərbyacanda hər sahədə olduğu kimi, səhiyyə sahəsində də özbaşınalıqlar və rüşvət baş alıb gedir. Bu gün söhbət açacağım mövzu rüşvət məngənəsində sıxılan ölkə səhiyyəsidir. Ölkə səhiyyəsinin necə acınacaqlı gündə olduğu hər kəsə gün kimi aydındır.

Bildiyimiz kimi, ölkədə minlərlə onkoloji xəstəmiz mövcuddur. Lakin onkoloji xəstələrimizə nəinki hökümət tərəfindən maddi-mənəvi dəstək olunur, tam əksinə olaraq həkimlər tərəfindən xəstələrdən həyasızcasına rüşvət alınır və pulsuz təmin edilməli dərman preparatları ödənişlə satılır.

Heç kəsə sirr deyildir ki, Respublika Milli Onkologiya Mərkəzi xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Rüşvət almaqla bərabər, yanlış müalicə, yanlış dərmanlar xəstələrin sağlıq durumunda daha ağır fəsadlara gətirib çıxarır. İş o həddə gəlib çatıb ki, çəkinmədən çox zaman sağlam insana belə onkoloji xəstə diaqnozu qoyulur və xəstə bilavasitə soyulur. Əbəs yerə Milli Onkologiya Mərkəzi xalq arasında “qəssabxana” adlandırılmır.

Dəfələrlə xəstələrin şikayətlərinə baxmayaraq,bu gün də bu mərkəz xəstələrdən rüşvət almaqda davam etməkdədir.

Ölkə tərəfindən, onkoloji xəstələr pulsuz dərman preparatları ilə təmin olunmur, xəstələr pulsuz müayinədən keçirilirmir və müalicə olunmur. Xəstəyə rüşvət  alındıqdan sonra tibbi xidmət göstərilir. Onkoloji xəstələr dövlət qayğısı ilə əhatə olunmaq əvəzinə, əksinə hökumət tərəfindən soyulur.

Bütün bu özbaşınalıqlar, rüşvət olayları dəfələrlə mediya tərəfindən  işıqlandırılmasına baxmayaraq, problem hələ də öz həllini tapmamışdır. Bu haqda səhiyyə naziri olan Oktay Şirəliyevə ünvanlanan suallar isə cavabsız olaraq qalmaqdadır.

Səhiyyə nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən rüşvət, cinayət əməllərini ört-basdır etməsi, nazirliyin bilavasitə onkologiya mərkəzi ilə əlbir olduğunun göstəricisidir.

Naşı, savadsız, ixtisaslaşmamış həkimlərin qoyduğu yanlış diaqnozlar, yanlış müalicələr xəstələrin həyatı ilə oynamaq və xəstələrdən açıq şəkildə rüşvət tələb etmək cinayət deyil də bəs nədir?

Bütün bu qanunsuzluqların və rüşvətin hökm sürdüyü səhiyyənin bərbad şəraitdə olmasından dolayıdır ki, hər il xərçəngdən əziyyət çəkən on minlərlə onkoloji xəstə vətəndaşlarımız müalicə almaq üçün xaricə üz tuturlar.

Bu gün mən tam əminliklə söyləyə bilərəm ki, Azərbaycan Milli Onkologiya Mərkəzində bir nəfər də olsun pulsuz müayinə və müalicə olunmur.

Bu mərkəzin bir tibb ocağı olaraq ağır durumda olan və yaşamaq şansı daha az olan xəstələrə qarşı həssas və qayğı ilə yanaşmaqdansa, həyasızcasına vicdanını pula sataraq xəstələrdən rüşvət tələb etməsi ağlasığmaz cinayət əməlidir. Bu cinayət əməllərini törədənlər qanun önündə cavab verməlidirlər!

Təəssüflər olsun ki, bu gün Azərbaycan Səhiyyəsi “pulunu ver – müalicəni al, pulun yoxdursa – öl” prinsipləri ilə işləyir!

Əziz Əzizli.

Bunu paylaş: