Milli adlanan antimilli elm məbədi (2 ci hissə)

 


Yadigar Türkel

Məhəmmədəminin yeni-yeni kitablarını çağdaş dilimizə çevirib çap etdirmək üçün Yadigar bəy durmadan işləyirdi. Onlar Yeni Yasamalda bizim binadan yuxarıda, həkimlərin binasında olurdular. O, mənim “gözlərimi qorumaq üçün” belə yol düşünmüşdü: tezdən xanımını maşınla xəstəxanaya aparır, qayıdan baş birlikdə onlara gedirdik. Onun ucadan oxumasıyla, birlikdə kitabın dilini çağdaş Türkcəmizə uyğunlaşdırırdıq. Belə demək asandır: “uyğunlaşdırırdıq”. Söz-söz dartışırdıq, sonda yerinə daha uyğun sözü tapıb, uzlaşırdıq. Beləcə “”Milli birlik”dən sonra Məhəmmədəminin 5 kitabını (“Qafqaz Türkləri”, “İran Türkləri”, “Çağımızın Siyavuşu”, Panturanizm”, “Azərbaycan cümhuriyəti”, kitablarını, bir də Əlimərdan bəy Topçubaşının “Azərbaycan cümhuriyətinin yaradılması” kitabını birgə işlədik.
Qabaqkı illərdə onun başqa kitabları çıxmışdı:
“İnsan, təbiət, cəmiyət”, “Biləsuvar”, “Dünyanın mahiyəti və dərki haqqında”, “İnsan, təbiət, cəmiyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)”, “Yazışma və kargüzarlıq” (1997, 1999, 2007), “Demokratik cəmiyətin milli-mənəvi problemləri”, “Azərbaycan və Azərbaycançılıq”, “Politologiya (açıqlamalarla sözlük)”, “Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri)”, “Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları”.

Bunlardan başqa o, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərini bitkinləşdirib çap etdirmişdi. Onun arxivlərdə çalışmaqla üzə çıxarıb çap etdirdiyi son kitabları bunlardır: “Doklad o spornıx kavkazskix territoriyax, na kotorıe imeet prava azerbaydjanskie tyurki” (A.Şepotyev), “İstoriya vozniknoveniya azerbaydjanskoy respubliki” (M.E.Rasulzade). Azərbaycanın bəlli bir dönəm tarixini öyrənmək baxımından bunların ikisi də olduqca dəyərli, mən deyərdim, taysız qaynaqdır.

“Məhsul” stadionunda keçirilən mitinqlərə onunla birgə gedirdik. Onu stadionun qapısı ağzında qoyulmuş kamaredan tanımışdılar. Bu tanışlıqdan sonra onun qara günləri başladı. Onu (AMEA-nın aparıcı elmi işçisini, fəlsəfə elmləri doktorunu!) 29-cu polis bölməsinə çağırıb sorğu-suala tutmuş, bir daha mitinqlərə getməyəcəyi ilə bağlı polis qarşısında öhdəlik götürməsini istəmişdilər. O isə: “Mən aliməm, elmlər doktoruyam, hara getməyi, harda olmağı özüm bilərəm”, demişdi. Bundan sonra bir neçə saatın içində onun Bakıdan Biləsuvaradək bütün yaxınlarını işdən çıxarmışdılar – hardasa santexnik işləyən qardaşını belə!

Onu saat 16-17 arası polisə çağırmışdılar. Çağrıldığını zəng vurub mənə demişdi. “15 dəqiqəliyə” çağırmış, axşam saat 9-dək bölmədə saxlamışdılar. Bölmədən çıxandan sonra, saat ona işləmiş, mənə zəng vurdu: “Bölmədən indi çıxdım, ora gəlirəm, aşağı düş, danışaq. Gəldi, olduqca üzüntülü idi. Onu bölmədən buraxanadək, dediyim kimi, Bakıdan Biləsuvaradək bütün yaxınlarını işdən çıxarmışdılar. Yaxınlarının bir-birinə qarışmış acıqlı zəngləri onu ölümcül duruma salmışdı, qəhərdən boğulur, özünü ağlamaqdan güclə saxlayırdı. Arada, dili söz tutanda, deyirdi: “Mən bacıma, qardaşıma neynəmişəm, nə yamanlıq eləmişəm- tökülüşüblər üstümə. Mən illərlə yorulmaq bilmədən ulusum, dövlətim üçün çalışmışam. Mən bu ulusun aydınıyam, alimiyəm, aydın kimi, alim kimi borcumu yerinə yetirirəm. Gör bu ulusu, bu ölkəni nə günə qoydular!”. O danışdıqca məni də qəhər boğurdu… olduqca ağrılı durum idi.. O anlarda biz, iki arxadaş, bir Ulusun, bir Ölkənin, bir Dövlətin faciəsini yaşayırdıq. Bu, çəkilməz bir acı idi – anlamaq acısı!

Ertəsi gün axşamüstü o yenə zəng vurub gəldi. İşdən çıxarılmış yaxınları o gün tökülüşüb onun evinə gəliblər. Başlıca çığır-bağır, ən ötə qınaq bu olub: “Sən bizim balalarımızı ac qoydun!”
Bir neçə gün sonra o mənə yaxşı işdə işləmiş, ona görə işdən çıxarılmış qardaşının səs yazısını göndərdi. Telefonda ağlaya-aylaya danışırdı: “Bunlar qardaşı qardaşa yağı eləyirlər!”. Səs yazısını dinlədikcə məni də ağlamaq tuturdu: qardaş qardaşa, (Özü də hansı qardaşa!) necə də yağıcasına qarğış eləyərmiş, eləyə bilərmiş! O səs yazısı mənim bilgisayarımda indi də durur…

Bir sıra rejim əlaltıları çıxıb dövlətdən, dövlətçilikdən danışır, “dövlət, dövlətçilik” ritorikasına bürünərək rejimə qulluq edirlər. Yapma-yalan dövlət ola bilər, ancaq gerçək dövlət, gerçək dövlətçilik belə olmur, belə olamaz!

Dediyinə görə, atası 37-lərdə qurama suçlama ilə tutulub on il iş almış, onlar bu üzdən çox ağrı-acı çəkməli olmuşdular. Soruşulur: biz indi hansı dönəmi yaşayırıq? İndi nə Sovet var, nə də qaniçən Stalin. Belədə olan nədir: Etibar Məmmədov kimi qondarma liderlərin istədiyi “milli diktatura” görsənişləri: Tərtərdən Yadigar Türkelədək…

2016-ci ildə direktor İ.Məmməıdzadə onu qondarma suçlamalarla işdən çıxardı. İ.Məmmədzadə Y.Türkeli formal olaraq “günlərlə işə gəlməməklə əmək intizamını pozmaqda” suçlayaraq işdən çıxarmışdı. Araşdırmaçı alim Y.Türkelin 30 ildə çap etdirdiyi kitabları burada sadaladım. İ.Məmmədzadənin uzun illərdən bəri başında durduğu institutda, bəlkə də, belə göstəriciləri ilə tanınan ikinci bir alim tapmaq olmaz. Bunu o özü də bilməmiş deyil.

Yadigar bəy hansısa sözün türkcəsini, yerinə görə daha uyğun olanını öyrənmək üçün mənə tez-tez zəng vururdu.Ən çox da iki yerdən: arxivdən, evindən. Öz düşüncəsindən çıxış eləyən İ.Məmmədzadədən soruşmaq gərəkir: araşdırmaçı alim nəyə görə bütün günü iş yerində oturmalıdır? Araşdırmaçı alim ( bizim dildə – bilgin, İ.Məmmədzadə bizim dili çətin anladığı üçün mən “alim” yazmalı oluram) bütün gününü işdə keçirərsə, onun “araşdırmalarının” hansı dəyəri ola bilər?!

Dediyim kimi, Yadigar bəy mənə tez-tez zəng vururdu, ən çox da hansısa arxivdən. Bir çox zənglərində o, yana-yana danışırdı: “Bəy, bilirsən burda ulusumuz üçün necə gərəkli, dəyərli materiallar var? Ən azı daha önəmli olanları işləyib ortaya çıxarmaq gərəkdi, çatdıra bilmirəm”.

“Çatdıra bilmirəm…” – bu onun çox dediyi sözlərdən idi. Üstəlik, onun bir sıra xəstəlikləri vardı: ağrıyırdı. Ağrıyırdı, ancaq ağrılarını İ.Məmmədzadənin yaratdığı yaltaqlıq-yaramazlıq, dedi-qodu ortamından uzaqlarda, tozlu arxivlərdə unutmağa çalışırdı. Onun arxiv qaranlığından tapıb çıxardığı son iki materiala – M.Ə.Rəsulzadənin “İstoriya vozniknoveniya Azerbaydjanskoy Respubliki” eləcə də A.Şepotyevin “Doklad o spornıx kavkazskix territoriyax , na katorıe imeet prava Azerbaydjanskie tyurki” əsərlərinə görə necə sevindiyini, arxivdən çıxmadan onlarla bağlı necə sevinərək danışdığını mən görmüşəm, mən bilirəm. O sevinirdi, məni də sevindirirdi: bilirdi kimə zəng vururdu, bilirdi arxiv qaranlığından tapıb işığlığa çıxardığı o dəyərli tapıntılara görə özü təki kimi sevindirə bilər.

Arada mənə deyirdi: “Gözlərin elə olmasaydı, arxivlərə birlikdə gedərdik, birlikdə çalışardıq. O, yaxşı bilirdi, mən də yaxşı bilirdim: onu çox sevindirən arxiv tapıntıları, – ən çox da M.Ə.Rəsulzadə ilə bağlı olanlar, – İ.Məmmədzadə üçün də, “Milli” Akademiyada yüksək görəv yiyəsi olan bir çoxları üçün də qanqaraldıcı bilgidən savayı nəsə deyil. Yadigar bəy o sayaq tapıntıları ilə onlarda yalnız acıq-qıcıq doğururdu.

Burada adını çəkdiyim sonuncu kitaba gəlirəm. Yadigar bəy faktiki olaraq bu kitaba görə işdən çılxarılmışdı. Y.Türkel İ.Məmmədzadənin onu yalanla, qondarma suçlamalarla işdən çıxarmasını sosial şəbəkdə yayandan sonra ikinci özünün “işgüzar nüfuzunu qorumaq üçün” mediada “müraciət” yaymışdı. O yenə də Yadigar bəyi tez-tez işə gəlməməkdə suçlayırdı, ancaq Y.Türkel kimi bir tanınmış bilginlə bağlı bu düşük “arqumentin” ona uğur gətirməyəcəyini bilən direktor başlıca gerçəyi açıb deməli olmuşdu. Qondarma-yalançı suçlamalarının ardınca o deyirdi: “Bundan başqa, Aleksandr Şepotyevin “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə” kitabının AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkel Sahibəli oğlu tərəfindən yazılmış “Ön sözündə “Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyətə gəlməsi” ifadəsinin işlədilməsi ilə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin şərəf və ləyaqətinin ləkələnmə və alçaldılması əməlinə yol vermişdir”.

Bundan sonra o, CM-nin 278-ci, 15.5, 216.2 maddələrini uyğun bilməklə Y.Türkelə üst-üstə 20-ilədək iş “oxumuşdu”. Özünün dedikləri azmış kimi, o, sevimlisi, “AMEA-nın Fəlsəfə və Hüquq İnstitutnun şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşər” (“Moderator. Az saytı onu belə tanıdırdı) adlı plagiat-dələduzu qabağa vermişdi. Y.Türkelin “cinayət” maddələrinin sayını daha da artıran bu antibəşər X.Əhmədzadə deyir: “Onu dəfələrlə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, şəxsiyyətinə böyük hörmət etdiyim, ziyalı, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə otağına çağırdı. Y.Türkelə bir neçə insanın iştirakı ilə səhvini anlatmağa çalışdı. Bu, təxminən 3-4 dəfə baş verdi. Əvəzində Y.Türkel hər çağırışda İ.Məmmədzadəni, məni və digərlərini jarqon ifadələrlə təhqir edib qapını çırpıb çıxıb getdi. Hesab etdi ki, öz mövqeyində düzgündür. İ.Məmmədzadə və Fəlsəfə və Hüquq İnstitutunun rəhbərliyi qərara aldı ki, kollegial iclas çağırılsın, Y.Türkelin əməlinə mənəvi-hüquqi və elmi qiymət verilsin. Bu barədə stenoqramlar və çəkilişlər var, hansı ki, artıq Respublika Prokurorluğuna və AMEA rəhbərliyinə göndərilib. Y.Türkelin məsələsinə bir neçə nəfəri çıxmaq şərti ilə, yəni şöbə müdiri, Milli Şura üzvü Əli Abbasov istisna olmaqla, hamı yekdilliklə səs verdi və onun əməlini pislədi”.

Birincisi, tanıyanlar bilir: Yadigar bəy söyüş-təhqirlə, jarqonla danışmaqdan çox uzaq idi. İkincisi, İ.Məmmədzadə, X.Əhmədzadə cütlüyü Y.Türkelə etmədiyi “səhvi anlatmağa” çalışırkən o, nə etməliydisə, onu edirdi. X.Əhmədzadənin geniş söyləməsindən bilindiyinə görə, şöbənin 30-dək əməkdaşından (çoxu “elmlər doktoru”) yalnız biri – Milli şura üyəsi Əli Abbasov başında direktor İ.Məmmədzadə ilə X.Əhmədzadənin durduğu kriminal kampaniyaya qol qoymayıb. Kişi belə olur, kişilik belə olur! Sağ olun, KİŞİ adam!

(ardı var).

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın