Milli adlanan antimilli elm məbədi (1ci hissə)

 

Yadigar Türkel

Onunla ilk tanışlığımız 19 fevral 1988-də olmuşdu. Ermənilərin Qarabağdakı “Miatsum” qışqırıqları, Əskəranda, Kərkicahanda suçsuz gənclərimizin öldürülməsi bizdəki hakimiyətin bütün bunlara soyuqqanlı qalması xalqda, ən çox da tələbə gənclik arasında böyük acıq doğurmuşdu.

Bütün bunlar, ən başlıcası, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəkləri M.S.Qorbaçovun ekonomik danışmanı A.Aqanbekyanın Paris çıxışından başlamışdı. Aqanbekyan Parisdə, erməniliyin güclü olduğu Fransada, demişdi: “Dağlıq Qarabağ sosial-ekonomik baxımdan Ermənistana bağlı olduğundan Ermənistanın yurisdiksiyasına verilməlidir. Bu, Dağlıq Qarabağ ermənilərini ayağa qaldıran mesaj olmuşdu.

O çağlar Dağlıq Qarabağa gedib-gələnlər orada ermənilərin necə üstləndiklərini, bizdən qat-qat yaxşı yaşadıqlarını görür, bilirdilər. Buna baxmayaraq, ermənilər hüquqlarının tapdanması, sosial-ekonomik baxımdan Bakının onları gözardı etməsi ilə bağlı Moskvaya çoxlu giley məktubları göndərirdilər. Moskva sonda Dağlıq Qarabağın sosial-ekonomik gəlişməsi yönündə qərar verdi. Daha böyük istəklərə yol açmaqla bu qərar erməniləri daha da qudurtdu.

Başlanğıc bunlar deyildi. 80-ci illərin başlanğıcından Moskva basınında Qarabağın “tarixi erməni toprağı”, Şuşanın “tarixi erməni şəhəri” olması ilə bağlı yazılar görünməyə başlamışdı. Demək, işin kökündə Kremlin oyunları dayanırdı. Azərbaycan KP MK-nın Mərkəzi komitəsi, hökumətin başında duranlar bütün bu baş verənlərə yad planetdə baş verirmiş kimi səssiz qalırdılar. Bu fakt sinirləri daha çox tarıma çəkir, adamları daha çox acıqlandırırdı.

Aqanbekyanın Paris çıxışından bir neçə gün sonra Radionun otaqlarının birində mənə yaxın jurnalistləri yığıb yığıncaq keçirdim. “Qarşıda bizi çox böyük çaxnaşmalar, sarsıntılar gözləyir, – dedim, – Ermənistanda, ermənilərdə xalqla hakimiyət, xalqla intelligensiya birdir, bizdə necə olduğu hamımıza bəllidir. Gəlin biz də yığışıb bir iş görək, ən azı xalqımızın yanında olmaqla az-çox gərəkənləri edək”. Dediklərimi hamı bəyəndi, ertəsi gün yenidən yığışmaq istəyi ilə dağılışdıq.

Ertəsi günü Komitə sədrinin Radio üzrə ⁶müavini Aqşin Babayev məni yanına çağırdı. Bizim redaksiya Radio binasının sonuncu – beşinci qatında idi. Bizdən altda, dördüncü qatda, A.Babayev otururdu. Məni acıqlı-acıqlı qarşılayan keçmiş KQB polkovniki elə acıqlı-acıqlı da soruşdu: “Dünən harda yığışmışdız?” Çaşqınlıqla soruşdum: “Nə yığışmaq?” Komitədə bütün otaqlar nömrəli idi, o, yığışdığımız otağın nömrəsini bildirməklə dedi: “Orda nə danışılıb hamısını bilirəm. Çəkilin, oturun yerinizdə, bizim dövlətimiz var, hökumətimiz var, nə lazımsa hamısı ediləcək, – onun gündoğana baxan pəncərəsindən KQB-nin binası görünürdü, barmağını binaya tuşlayıb, dedi: – səni ora göndərərəm”. İşimi bildim. O gündən sonra çalışmalarımı daha çox Komitədən qıraqda sürdürdüm.

O gün iş yerimdə idim. Şəhərdən gələn xanım jurnalist tələbələrin “Qarabağ!” çağırışları ilə Ali sovetin binasının qarşısından keçib üzüaşağı getdiklərini dedi. Bizlər – işin içində olanalar – bu başlanğıcı hər gün gözləyirdik. Tez işimi qurtarıb, kimsəyə nəsə bildirmədən Komitədən çıxdım. (O gün İrəvanda kütləvi mitinqlər başlamışdı. Sözsüz, bu fakt aşağıdan yuxarıya bizdə də öz etkisini göstərməli idi).

Oçağkı Lenin, indiki Azadlıq meydanına getdim. Aktiv universitet tələbələrinin hamısı məni tanıyırdı. Tribunaya mikrofon qoyulmuşdu, ancaq aşağıdan çıxıb danışan yox idi. Danışmaq üçün pilləkənə doğru yönəldim. KQB əməkdaşları qabağımı kəsib: “Olmaz!” dedilər. Teleradio verilişləri komitəsinin qırmızı vəsiqəsini çıxarıb göstərdim. Məni hökumət adamı bilib geri çəkildilər. Qalxıb çıxış elədim. Sonra: “Burda durub danışmaqla iş aşmayacaq”, deyə, MK-nın qabağına getməli olduğumuzu bildirdim. Getdik. Orada meqafonla çıxış elədim. NK katibləri bir-bir çıxıb gəlir, meqafonu almağa çalışırdılar. Aşağıdan gələn güclü qışqırıqlar, mənim dirənişim onların geri çəkilməsinə nədən olurdu.

Çıxışımı bitirib: “Bugünlük bəsdir, – dedim, – gəlin sonra daha çox olmaqla daha böyük güclə yığışmaq üçün indi dincliklə dağılışaq”. Bu arada “layka” plaşda hündürboy, idmançı görkəmində yaraşıqlı bir oğlan yaxınlaşıb məni qucaqladı: “Çox sağ ol, eloğlu, qəhrəmanlıq elədin, böyük iş gördün”. KQB əməkdaşı olduğunu düşündüyümdən ona yanaşmam soyuq oldu.

Sonralar dediyinə görə, o gün baş verənləri yazıb ondakı “Azərbaycan” qəzetinə aparıb. Qəzetdə mənim adım yazıdan çıxarılıbmış. Gedib niyəsini soruşmuş, “belə gərək oldu” demişdilər. Sonrakı illərdə “belə gərək oldu” qarşılaşmalarından yenə olacaqdı: istər hərəkat, istər partiya dönəmində. Bu görsənişin özümlü “fəlsəfəsi” var: mən qorxub qabağa çıxa bilmirəmsə, sən niyə çıxmalısan?! Başqa sözlə, mənim yiyələnə bilmədiyimə sən niyə yiyələnməlisən?! Burası illərin bərisində bəlli oldu: arxadakı yönətici gücə “öz liderləri” gərəkmiş. Demək, biz illərlə bizi yenməyə yönəlik iki başlıca güdüklə qarşılaşmalı olmuşuq: 1) özəl mənəmlik (özəl ambisiya) güdükləri; 2) ötədəki gücün güdükləri…

Aradan neçə günsə keçmiş işdə dişimdən ağrı tutdu. Yoldaşlar yaxınlıqda, Ali sovetin böyründə stomatoloji poliklinika olduğunu dedilər. Getdim. Qapıdan içəri girəndə bir sola, bir sağa koridor vardı. Bir az o üz, bu üzə baxıb sağa yönəldim. Qarşıdakı kabinetə çataçatda qapı açıldı, içəridən ağ xalatda hünüdrboylu bir həkim çıxdı. Baxışdıq. O idi. Məni içəri çağırdı, dişimə baxıb: “Müalicə olunmalıdı, – dedi,- başlayaq”. İşini qurtarandan sonra pul verdim, götürmədi. Mənim “ogünkü” çıxışımdan söz saldı: “O, çox yaxşı başlanğıc oldu, – dedi, – adamalarda qorxu vardı, sən o qorxunu götürdün”. Bir az söhbət eləyib ayrıldıq. Gedəndə mənə dedi: “Biz bundan sonra tez-tez görüşməliyik, görək neyləyirik, ermənilərdə aşağısı-yuxarısıynan hamı birdi, bizim xalqımız başsızdı”.
Orda-burda yığıncaqlar, gizli-açıq görüşlər çox çağ apardığından görüşə bilmədik. Sonra mən tutuldum. Çıxandan sonra daha gərgin çalışmalarda bulundum. Biz bir də 89-cu il mayın 28-də görüşdük, o da qaçaraq.

“Çənlibel” yığıncağında mənim 28 mayla bağlı hərəkatı dirçəltmək çağırışıma biriləri qorxaqcasına qarşı çıxdılar. Biz, bir qrup adam, üzü Mərkəzi komitəyə doğru yürüşə başladıq. Yürüşün, demək olar, başlanğıcında Yadigar bəy gətirib mənə Azərbaycan SSR-nin üç boyalı ADR bayrağına çevrilmişini verdi. Bayrağı götürüb qabağa düşdüm. Milislərlə dartışma içində hərəkatı yenidən başlatdıq.

AXC hakimiyəti gəldi, getdi. O hakimiyətdə Yadigar Türkel kimi çoxlarına yer olmadı. Nədən? Hakimiyətdə elə dəyərli kimsələrə dəyər verib qabağa çəkəcək strateqlərin-uzaqgörənlərin yoxluğu üzündən. Yadigar bəy cəbhəçi deyildi, hərəkatçı idi. O çağlar Cəbhədə çoxlu sayda dəyərli adam var idi, ancaq onları gərəyincə seçib yerləşdirəcək kimsə yox idi. Elçibəyin sevimlisi olaraq AXC hakimiyətində baş kontraba⁶sa çevrilmiş Pənah Hüseynov, yanılmıramsa, 92-nin avqustunda dövlət qəzetində demişdi: “Komunistlər sözəbaxan olduqları üçün mən kadr seçimində cəbhəçilərə deyil, komunistlərə üstünlük verirəm”. Günü bu gün də demokratik dəyərlərdən uzaq olan P.Hüseynova onunla polemikaya girəcək, gərəkirkən işin yararına ona dirəniş göstərəcək prinsipial adamlar deyil, onun dəyərli-dəyərsiz, gərəkli-gərəksiz bütün göstərişlərini “bəli”, “baş üstə” ilə yerinə yetirəcək, ardından da, sonralar bəlli olduğu kimi, saman altından su yeridən komunistlər gərək idi. Bəlkə də, onlar Pənaha gələcəyə köprü atmaq, sonrakı uğurlu dialoq bazarlığı üçün gərəkmiş…

Yadigar bəy sonralar həkimlikdən uzaqlaşıb AMEA-nın Fəlsəfə, hüquq, sosiologiya institutunda işləməyə başladı. Çox keçmədən fəlsəfıə elmləri doktoru adını aldı. Bu adı o, çoxları kimi tapşırıqla, pulla deyil, gərgin əməyi ilə qazanmışdı. Yadigar bəy azacıq da əyrilik bilməyən doğru-düzgün adam idi. Onda Türklərə özgü ayrıca bir açıqürəklilik, kimə desən tez inanma vardı. O, institutun Siyasi nəzəriyələr şöbəsində aparıcı elmi işçi idi.

Hə, açıqürəkli idi, gördüyü çatışmazlığı qarısındakı kim olsa üzünə deyirdi. Bu isə onun iş yerindəki ortamla tutmurdu. Orada çox az gerçək bilim adamı var idi. Akademiyanın bir sıra başqa institutlarında olduğu kimi, orada da bir çoxları başqa yerlərdə özünü tutandan sonra gəlib dinc daldalanacaq tapanlar idi. Yadigar bəy yorulmaq bilməyən çalışqanlığı, özü-özünü gəlişdirmə yoluyla qabaqcıl düşüncəyə yiyələnməklə qalmayıb, düşüncəsini başqalarına da aşılamaq baxımından aşağıdan yuxarıya çoxları üçün dözülməz adama çevrilmişdi. Onun dönə-dönə dediyi nə idi: “Biz bir ulus olaraq başqalarından çox geri qalırıq, əl-ələ verib hamılıqla irəli getməliyik”. O özü bundan ötrü çox çalışırdı, elə o “hamılıqla” çalışmalarıyla da istər işdəki, istərsə də işdən qıraqdakı yaxın çevrəsində çoxlarını bıqdırırdı. Sözsüz, o, düzgün düşünürdü, düzgün yolda idi, ancaq, nə etməli, politik sistemə bağlı gerilikçi yönətim üzündən bizdə qabaqcıl düşüncələri gerçəkləşdirmək çalışmaları, ən başlıcası, bu yöndə dirəniş göstərmə çabaları yalnız ağrılı bumeranq effekti doğura bilir. Burada uğursuzluq qarantiyası çox yüksək, mən deyərdim qaçılmaz olur. Yadigar bəy belə bir nədənlə 2016-cı ildə “Milli Elmlər Akademiyası” adlanan daha çox antimilli xarakterli “elm məbədindən” uzaqlaşdırıldı. O, düşüncələri, davranışları ilə çox, lap çox MİLLİ idi!

Bizim Yadigar bəylə yaxın, ardıcıl ilişkilərimiz Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” kitabından başladı. Bir gün Yadigar bəy kitabın bilgisayarda yazılmış variantını mənə gətirdi. Bəlli olduğu kimi, Məhəmmədəmin mollxanada oxuyub, ərəb-fars dillərini yaxşı bilib. Sonralar o, texnikumda oxumasını yarımçıq qoyub politik yaşama atılıb. Bir sıra çağdaşları, politik çarpışma yoldaşları kimi yüksək oxul bitirməsə də, öz üzərində gərgin çalışmalarla, çağının ən böyük intellektuallarından birinə çevrilib. Bunu onun çoxyönlü parlaq yaradıcılığından aydın görmək olar. Bu gün üçün onda çatışmayan yalnız ərəb-fars sözlərinin çoxluğu üzündən yazı dilinin indiki gənclik üçün anlaşılmaz olmasıdır.

Yadigar bəylə danışığımız belə idi: bugünkü, gələcək soylara anlaşıqlı olması üçün Məhəmmədəmin bəyin daha güncəl olan yaradıcılıq örnəklərini çağdaş dilimizə uyğunlaşdıraq. Yadigar bəy “göz sorunumla bağlı” kitabı mənə bir həftəliyə verdi. Mən “Milli birlik” kitabını bir həftəyə oxuyub gərəkənləri etməklə geri qaytarmalıydım. Gözlərim məni çox incitsə də, 174 səhifəlik kitabı bir gecəyə oxudum, dilinin üzərində işləyib geri qaytardım. Düzünü desəm, mən o çağadək Məhəmmədəmin bəyi yetərincə oxuyub öyrənməmişdim. Mənim onunla yaxından tanışlığım 2009-cu ildən – “Milli birlik” kitabı ilə başladı. Məndə bu kitaba vurğunluq bir də bir sıra baxışlarımızın üst-üstə düşməsi ilə bağlıydı.

Onlardan biri millətçilik, o biri milli demokratiya ilə sosial demokratiyanın birgəliyi ideyası idi. O çağadək mən iki ideologiyanıın birliyi platformasında dövlət qurmalı olduğumuzu bildirir, bu yöndə çoxlu təpkilərlə üzləşərək, duruxmalı olurdum. Oxşar ideya ilə “Milli birlik”də qarşılaşdıqdan sonra düz yolda olduğumu kəsdirdim.

Kitabı çap etdirmək üçün nə mənim pulum var idi, nə də Yadigar bəyin. Buna görə o, pul ayrılması üçün kitabı aparıb işlədiyi institutun direktoru İlham Məmmədzadəyə vermişdi. Direktor yoldaş kitabı bəyənsə, institutun büdcəsindən pul ayırmağa söz vermişdi. Aradan aylar keçir, Yadigar bəy soruşanda direktor kitabı “hələ oxumadığını” bildirirdi.

Üç ay sonra Yadigar bəy acıqlanıb kitabı götürməyə gedəndə direktor demişdi: “Kitabın çapına bir şərtlə pul ayırıram: ora Heydər Əliyevin adını salasan”. Yadigar bəy şaşaraq soruşmuşdu: “Bu kitabı yüz il qabaq Məhəmmədəmin bəy yazıb, mən ora necə Heydər Əliyevin adını yaza bilərəm?” Direktor: “Onu etməsən, pul buraxmayacam”, demişdi. Dediyinə görə, direktoru acılayıb kabinetdən çıxmış, o çağdan onların arasında konflikt yaranmışdı.

Bundan sonra Yadigar bəy kitabı nisyə çap edəcək nəşriyat axtarmağa başladı. Tapdı. Danışdı. Qabaqcadan bir az verməklə pul aybay ödənməli idi. (1994-ün mayında Televiziyadan gedəndən, demək olar, işsiz idim, çətinliklə dolanırdıq. Mən də azacıq yardım eləməklə qabaqcadan veriləsi pul çatdırıldı. Kitab çıxdı. İkimiz də çox sevinirdik – elə bil əlimizdəki öz kitabımız idi.

(ardı var)

Xaliq Bahadır.

Bunu paylaş:

Bir cavab yazın