Mən dövlətə qarşı deyil, dövləti idarə edən hakimiyyətə qarşı təbliğat aparıram

 

Bəzən mən hakimiyyəti tənqid edərkən yaxın ətrafımda olan insanlar deyirlər ki, sən dövlət əleyhinə çıxırsan, dövlət əleyhinə təbliğat aparırsan, səni həbs edəcəklər. Bu yaxında həmin hadisə bir daha təkrarlandı, yaxın bir dostum söhbət əsnadında yenə mənə irad tutdu.. Söhbət qızışdı və mən ona dövlətlə hakimiyyətin bir – birindən fərqli olduğunu anlatdım. Bizim aramızda belə bir dialoq oldu:

O: — Sən dövlətə qarşı təbliğat aparırsan..

Mən: — Mən dövlətə qarşı deyil, dövləti idarə edən hakimiyyətə qarşı təbliğat aparıram, özü də haqlı olaraq. Hakimiyyətlər gəldi – gedərdi, dövlət isə yerində qalır. Ümumiyyətlə, dövlətə qarşı əks – təbliğat aparmaq, dövlət əleyhinə çıxmaq necə olur? Əgər mən öz dövlətimin ərazi bütövlüyünü tanımasam, onu parçalamağa, dövlətimin zəifləməsinə çalışsam, bəli, dövlətə qarşı təbliğat aparmış, dövlətə qarşı çıxmış oluram. İndi keçək əsas məsələyə — kim bu dövlətin zəifləməsinə, parçalanmasına çalışır, mən, yoxsa bu hakimiyyət?

1. Bildiyimiz kimi korrupsiya istənilən bir dövləti zəiflədir, dağıdır, məhv edir. Dövlətimizdə korrupsiyanı, rüşvəti kim yayır, kim bununla məşğuldur, mən, yoxsa bu hakimiyyət?
2. Korrupsiya nəticəsində inhisar (monopiliyası) yaranır. İnhisarla məşğul olan kimdir? Mən, yoxsa bu hakimiyyət?
3. Yüz milyardlarla büdcə pulunu mənimsəyib xarici banklara çıxaran, xaricdə daşınmaz əmlaklar alan kimdir? Mən, yoxsa bu hakimiyyət?
4. Orduda korrupsiya mühiti yaradan, korrupsiya ilə məşğul olan və bunun nəticəsində Ordunu zəiflədən kimdir? Mən, yoxsa bu hakimiyyət?

5. Yerlibazlıq, qohumbazlıq, tayfabazlıq idatəetmə üsulu ilə dövləti idarə edən kimdir? Mən, yoxsa bu hakimiyyət?
6. Korrupsiya qanunsuzluq mühiti yaradır, qanunsuzluğun nəticəsində isə Tərtər faciəsi kimi faciələr baş verir. Kimdir bu qanunsuzluğu yaradan? Mən, yoxsa bu hakimiyyət?
6.. Dostuma bir çox faktlar (hamının bildiyi) sadaladım. Hamısını yazsam, bir kitab alınacaq.. Məncə bəs edər..
P.S. Göründüyü kimi bu dövlətə qarşı əks – təbliğat aparan, onun hərtərəfli zəifləməsinə çalışan və bunun nəticəsində dövləti uçuruma, parçalanmağa, məhvə aparan mən və mənim kimilər deyil, bu hakimiyyətdir.
P.P.S. Burada bir məsəl yada düşdü: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”.. Oğru deyərkən hakimiyyəti nəzərdə tuturam.

İbrahim Azər.

Bunu paylaş:

Bir cavab yazın