Məmmədov Qurban Cəlal oğlu cavabdeh Abbasov Namiq Rəşid oğluna və qeyrisinə qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

Azərbaycan Respublikası adından
Qərardad
Bakı Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyası
Bakı şəhəri 2(103)-4185/2022 01.06.2022-ci il
Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova
Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə,
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-884/2022 saylı, 28 mart 2022-ci il
tarixli qərardadından iddiaçı Məmmədov Qurban Cəlal oğlu tərəfindən verilmiş şikayətə

Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq,
Müəyyən etdi:
İddiaçı Məmmədov Qurban Cəlal oğlu cavabdeh Abbasov Namiq Rəşid oğluna və
qeyrisinə qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə
müraciət etmişdir.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-884/2022 saylı, 28 mart 2022-ci il
tarixli qərardadı ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır.
Qərarddadda göstərilmişdir ki, iddiaçı cavabdeh N.Abbasovun ünvanının Bakı şəhəri,
Şıxəli Qurbanov küçəsi 50 olduğunu göstərsə də, bu halı təsdiqləyən hər hansı sənəd
iddia ərizəsinə əlavə etməmişdir.
İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, 04 aprel
2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya
Məhkəməsinə göndərilmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlərdən biri olan AR Dövlət
Təhlükəsizliyi Xidmətinin ünvanı rəsmi olaraq Səbail rayonu ərazisində olduğu üçün iddia
ərizəsi də məhz AR MPM-in 35.1 və 36.2-ci maddəsinə əsasən Səbail rayon
Məhkəməsinə verilmişdir, yəni aidiyyətin müəyyən edilməsində hər hansı problem yoxdur.
Bundan əlavə, AR MPM-in 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum
olmadıqda, onun məhkəməyə çağırılması, cavabdehin məlum olan axırıncı iş yeri üzrə
məhkəmə bildirişini çatdırmaqla həyata keçirilir. Cavabdeh N.Abbasovun sonuncu iş yeri
isə hamıya məlum olduğu kimi, AR Xarici İşər Nazirliyində olub-Özbəkistanda səfir
işləyibdir. AR XİN-nin rəsmi ünvanı isə “Dövlət Xidmətləri Portalında” Bakı şəhəri, Şıxəli
Qurbanov küçəsi, 50 kimi göstərilmişdir. Qeyd olunmuşdur ki, qanunvericilikdə cavabdehin
ünvanını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsi nəzərdə tutulmamış, bununla
bağlı hər hansı norma mövcud deyil, buna görə də qərardadın ləğv edilərək sonrakı
prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş olunmuşdur.

Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir
ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, iddia ərizəsinin mümkünlüyünə
baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,
iddia ərizəsində cavabdeh Abbasov Namiq Rəşid oğlunun ünvanı kimi Bakı şəhəri, Şıxəli
Qurbanov küçəsi, 50 kimi göstərilsə də, iddiaçı tərəfindən bu halı təsdiqləyən hər hansı
sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da iddia ərizəsinin aidiyyət qaydalarına
riayət edilməklə Səbail Rayon Məhkəməsinə verilməsini müəyyənləşdirmək mümkün
olmadığından, iddia ərizəsi geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)
149.2.2-ci maddəsinə əsasən  iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini
nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və
məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi
şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış
yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların
aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o
cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən
digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya
VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların
nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir.
MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu
maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia
ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehin
ünvanını təsdiq edəcək sənədin iddia ərizəsinə əlavə edilməsi ilə bağlı hər hansı göstəriş
yoxdur və iddiaçının üzərinə belə bir vəzifə qoyulmamışdır.
Yəni MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılması üçün
cavabdehin ünvanı barədə sənədin olmaması əsası müəyyən edilməmişdir.
Bundan əlavə, iddia ərizəsindən görünür ki, digər cavabdeh Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətidir və birinci instansiya məhkəməsi iddia
ərizəsinin icraata qəbulunun mümkünlüyünü AR DTX-ya münasibətdə isə ümumiyyətlə
yoxlamamışdır.
Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci
instansiya məhkəməsi qeyd olunan əsasla iddia ərizəsini qeyd olunan əsasla geri
qaytarmaqda haqlı olmamışdır. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia
ərizəsinin icraata qəbulu və mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə məsələlərin
yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv
edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər
tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı Məmmədov Qurban Cəlal oğlu tərəfindən verilmiş şikayət təmin edilsin.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-884/2022 saylı, 28 mart 2022-ci il
tarixli qərardadı ləğv edilsin.

Mülki iş iddia ərizəsinin icraata qəbulu və mahiyyəti üzrə baxılmasının mümkünlüyü
barədə məsələlərin həlli üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.
Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev
Hakimlər: Şərafət Məmmədova
Rafael Eyvazov

 

4_5837215246548209081-1-1-1 (2)

Bunu paylaş:

Bir cavab yazın