Müzəffər ( 2-ci hissə)

 

O, açıq pəncərənin qabağında xeyli dayandı. Pəncərədən gələn dənizin havası Müzəffərin beyninin ağırlığını bir qədər apardı, gözləri də daha aydın görməyə başladı. Bu zaman gözünə sataşdı ki, dənizin ortasında qoydurduğu fontan işləmir.
Tez yerinə əyləşib üstündə, hələ atası dövründən “gicbala” yazılmış düyməni basdı…
Bir dəfə atasından soruşmuşdu ki, nə üçün məmurların hər birini belə ayamalar ilə çağırır?
Atası gülərək cavab vermişdi ki, bizim işimiz çox gərgindir, mən onlarla məzələnirəm ki, əsəblərim sakitləşsin, yəni stress atıram. İkinci və ən başlıcası onları itaətdə saxlamaq üçün edirəm. Məmurun ələ salınması bir idarəetmə metodudur. Bu, həm də onlar üçün bir sınaqdır, kim dözdü qalır, işləyir, kim dözmür, düşür qara siyahıya. Atası daha sonra demişdi:
Yadına gəlir, mən ilk dəfə Milli Məclisə sədr seçilən kimi hamıya “movqeyini bildir” deyə müraciət etdim və ilkin olaraq öz kadrlarımı və düşmənlərimi seçdim.
Yadında saxla, təhqir məmur üçün narkotik kimi bir şeydir. Birinci dəfə vuranda bir az qımıldanır, yəni guya etiraz edir. Sonradan öyrəşirlər, həm də pul var axı, sonradan hamısı, “peysərə” çevrilirlər, nə qədər təhqir edirsən heç vecinə də almırlar, hətta hərdən mənə elə gəlir ki, bu, onlara bir az ləzzət də eləyir…
Otağı əsgər raportuna bənzəyən bir səs doldurdu.
-eşidirəm, cənab…
– sənə deməmişəm, o dənizin ortasında olan fontan gecə – gündüz işləsin. O, mənim əsəblərimi sakitləşdirir…
– fontan dünəndən xarab olub, cənab…
– nə tez, onu ki, təzə qoydurmuşdum. Hansı şirkət “ustanovka” eləmişdi onu.
– Paşa MMC, cənab…
– hmm… yəqin ki, düz istismar etməmisiniz, onu bu gün düzəltdir.
– baş üstə, cənab…
– dünən axşam evə gedərkən yolda yeni bir “novastroykanın” tikildiyini gördüm…
– onun “razreşenisin” iki ildir alıblar, cənab…
– bəs nə üçün tikmirdilər?
– deyir ki, “fövqəladə” onlara bir summa oxuyub ki, sizə verdiyim onun yanında heç nə idi. Məcbur olub təzədən bankdan kredit götürüb.

– hansı bankdan?

– Paşa bankdan, cənab…
– kimin bankıdır? (məzələnir)
– respublikada olan banklar hamısı bir adamındır da, cənab…
– yaxşı… qudurma, pul ailənin başçısında olmalıdır. De görüm, ulu öndərin ad gününə nə qədər pul yığmışdın, nə qədər xərclərmisən?
– əlli milyon manat yığmışdım…
– üstünə əlli də qoy keçir fonda…
– …
-yadında saxla ki, yığılan və xərclənən pulun hər qəpiyindən mənim xəbərim var. Sənə axırıncı dəfə xəbərdarlıq edirəm, otçot dəqiq olsun. (sonra öz – özünə: ola bilər ki, mən Selsuvan və Talışın ermənilərdə yaxud, bizdə olduğunu dəqiq bilməyim, amma kimin cibində nə qədər pul olduğunu dəqiq bilirəm).
– baş üstə, cənab…
– bir də yadında saxla ki, müəllimimiz eyni olsa da, sənin on il oxuduğun məktəbdə mən düz qırx il oxumuşam. Özü də sən gündə beş – altı saat, mən isə 24 saat oxumuşam.
– başa düşdüm, cənab… başqa qulluğunuz?
– hələlik bu qədər, fond məsələsini unutma! Qulluğum olanda çağıracağam.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın