“Kaş məni satmayaydı”…

 

Uşaq evliliyini dayandırın. Az yaşlı qızları atası yaşında biri ilə evləndirmək, bədəninə 45-50 yaşlı kişinin əlinin dəyməsinə səbəb olmaq, ata-anasından başqa kimsənin öpmədiyi üzünü yad nəfəsə təslim etməkdirmi insanlıq? Mən insan olmaq istəmirəm o zaman. Tək bircə dəfə o körpənin, yəni, uşaq gəlinin gözünə baxmaq lazımdır, çəkdiyi acıları görmək üçün. Tək bircə dəfə söhbət etmək lazımdır onların vəhşətini bilmək üçün. Kürəyinə sarıdığı, bağrına basdığı körpəsinə gəlincik kimi davranması məhv edir insanı. Onun gəlincik əvəzinə körpə oynatması dəhşətdir. Bu dəhşətə səbəb olanlar insandırmı? Mən insan deyiləm onlar insandırsa… Mal-qara satar kimi övladını satan analar, atalar, bir qoyun verib, özünə arvad alan kişilər savab qazanır, eləmi? Din bunun müqabilində Cənnətmi vəd edir onlara? Süd çayının kənarındakı taxtda hurilərlə əyləncəmi gözləyir onları? Tanrı bu şarlatanlara cəza əvəzinə mükafatmı verir? Mənim Tanrım vermir. Mənim Tanrım o uşaq gəlinləri zorlayanlara, zorla satanlara, alanlara ömürlük, milyard illərlə davam edən cəhənnəm əzabı verir. O cəhənnəm bildiyiniz cəhənnəm deyil, yanmaq, qır qazanına düşmək deyil.
O cəhənnəm yaşarkən ölməkdir, o cəhənnəm əlacsız, köməksiz qalmaqdır, o cəhənnəm imdad etmək, amma səsini duyura bilməməkdir. O cəhənnəm biçarə, ümidsiz, əlacsız qalıb, gözlərini böyüklərinin dodağına dikməkdir. “Kaş məni satmayaydı” -deyən və için-için ağlayan uşaq gəlinlərin əzabıdır o cəhənnəm….

Bu cəhənnəm bütün dinlərdəki cəhənnəmlərin milyonlarca artıq əzablısıdır. Körpə gəlinlərin cəhənnəmi qədər insanı yandıran, için-için göynədən cəhənnəm ola bilməz. Qarnı burnunda, əlində gəlincik, həyətdə evcik oynayan gəlin təsəvvür edin. Etdinizmi? Sinəsində gəzən əli, saçlarında, boynunda gəzən nəfəsi təsəvvür edin, gözlərindəki qorxunu, təəccübü, yalvarışı da təsəvvür edin. Etdinizmi? Bax, bu səhnə o valideynlərin övlad “sevgisi”nin səhnəsidir. O səhnə balasını savab qazanmaq üçün, Cənnətə düşmək üçün pulla satan valideynin günah səhnəsidir. Heç bir cəhənnəm əzabı bu səhnənin günahından daha ağır ola bilməz.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın