Kəmaləddin Qafarovdan son yaltaqlıq

Milli Məclisin deputatı Kəmaləddin Qafarova sanki həftəlik iş vermişlər. O, xalqın problemləri ilə maraqlanmaqdansa, hər həftə İlham Əliyev və onun ailə üzvlərinə yaltaqlanmağı üstün tutur. Sanki Kəmaləddin Qafarova Milli Məclisdə bu vəzifə təqdim edilib. İlham Əliyev, Mehriban Əliyevadan sonra indi də Heydər Əliyev haqqında yaltaqlıq nümayiş etdirməkdədir.
Kəmaləddin Qafarov qeyd edib ki, Azərbaycan tarixində ana dilimizin qorunmasının əsas siyasətini Heydər Əliyev 60 – cı illərdən aparmışdır. Onun sözlərinə görə hələ Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən, mərhum sabiq prezident Heydər Əliyev intensiv olaraq dilimizin qorunması üçün mühüm addımlar atmışdır.
Deputat bu gün də ölkəmizdə Azərbaycan dilinin inkişafına görə Heydər Əliyevə borclu olduğumuzu qeyd etmişdir.

Hörmətli Azərbaycan xalqı, yaxşı olar ki, Kəmaləddin Qafarovun bu yaltaq fikirlərinə münasibət bildirək.
İlk öncə Sovetlər Birliyi dönəminə qayıtsaq görərik ki, həmin dövrdə Azərbaycanda bütün əsas sənədlər kiril əlifbası ilə rus dilində yazılırdı. Hətta rus dilini bilməyən və rus – erməni qohunmu olmayan insanların dövlət işində işləməsi problemlər yaradırdı. Əgər belə idisə, niyə həmin zaman Heydər Əliyev öz etirazını bildirmirdi?

Qayıdaq Azərbaycanın indiki dövrünə. Bu gün ölkəmizdə də, eyniliklə həmin ab – hava yaşanmaqdadır. Getdikcə çoxalan rus məktəbləri, şəhərimizdə ən çox danışılan dil siyasəti ana dilimizə böyük zərbələr vurmaqdadır.

Yeni Azərbaycan Partiyasının üzvü olan Kəmaləddin Qafarov yaltaqlıq etmək üçün yersiz ifadələr işlətməkdədir. İlham Əliyev Rusiyanın təsiri altında ölkədə tarixi düşmənimiz olan rus məktəblərinin çoxalmasına şərait yaratmaqdadır. Bu gün Azərbaycanda elə vəziyyət yaranıb ki, adi bir işə rus dilini bilməyən insanları qəbul etmirlər. Bəs hanı Heydər Əliyev və onun davamçısı İlham Əliyev siyasəti?

Görünür, Kəmaləddin Qafarovun yaltaqlıqdan başı açılmır. O bilməlidir ki, Azərbaycanda Türk dilini ilk dəfə olaraq mərhum prezident Əbülfəz Elçibəy tətbiq etmişdir. O, Sovetlər Birliyi zamanı Azərbaycan – Türkcəsinin ölkəmizdə genişlənməsinin əsas təbliğatçılarından biri olmuşdur.
Bu gün adını “millət vəkili” qoyan sifarişlə mandat qazanan Kəmaləddin Qafarov və onun kimilər Rusiyanın yetirməsi olan Heydər Əliyevi təbliğ etməklə xalqı aldada bilməz. Düz 30 ilə yaxındır ki, Heydər Əliyev və İlham Əliyev siyasəti ölkəmizdə ana dilimizə qarşı əks- təbliğat aparmaqdadır. Ən azından dünyada ən çox rusdilli məktəbi olan ölkə Azərbaycandır.
Bu şəraiti yaradan Heydər Əliyev dəst-xətti ilə İlham Əliyev özüdür!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın