Hakimiyyətin niyyəti millətə qənim kəsilməkdir

 

 

Azərbaycanda bu hakimiyyət gənclərin gələcəyini indidən məhv edir. Dövlətin daxili siyasəti o qədər bərbaddır ki, problemlərin həllini hardan, necə başlamaq olar bilmirlər. Problem tədris müəssisələrinin bağlanması və pandemiyanın qarşısını almaqdan gedir. Hakimiyyətə indiki COVID19 oyunu yaman sərf etməkdədir. Bəli-bəli, tam doğru anladınız, söhbət məhv etmək oyunundan gedir. İstədikləri vaxt azaldıb – çoxalda, qanunları sərtləşdirib- yumşalda bilirlər. “Zati Aliləri” ölkəni idarə etməyin ən asan yolunu tapıb.

Kütləni idarə etməkdən ötəri, yəni üsyan, mitinq, aksiyaların qarşısını almaq üçün bircə əmri kifayətdir ki, milləti öz evlərinə həbs etsinlər. Sosial və maddi baxımdan səfalət həyatı yaşayan xalq, gündəlik evinə ruzi gətirmək üçün bütün günü çöllərdə vaxtını itirən valideyn, işsiz gücsüz evdə otursa, kim yardım edəcəkdir? Dövlət ailələrə ayırdığı (hər ailəyə deyil) 190 azn qarşılığında aylığını necə təmin etsin? Ölkəni idarəetmə sistemi o qədər düzgün qurulmayıb ki, qəbul etdikləri qərarlar belə bir-birinə ziddiyət təşkil edir. Məktəbləri bağlamaq qərarı isə çox absurd bir fikirdir. Onlayn təhsil sıfır dərəcədə, çölə çıxma yasaqlığı, sərt karantin rejimi, maska ilə gəzmək ayrı dərd, maskasız ayrı dərd, insanlar öz doğma ölkələrində yaşamaqdan təngə gəlmişlər.

Gənc nəslin beynini indidən məhv etmək nəyə lazım? Pandemiyanın müddəti aylardır ki, davam etsə də hakimiyyət təhsilə olan alternativ planı hələ də hazırlamamışdır. Milyonlar xərcləyib vaksin alaraq, səhiyyə ocaqlarına paylayıb, iki nəfərə bir vaksin vurmağı tapşırır ( bu da ayrı bir dərd). Apteklərdə satılan maskalar keyfiyyətsiz və baha qiymətədir. Vaxtında gənc nəsilə düzgün təhsil və dövlət proqramları təsis edilsəydi, bəlkə də həmin gənclər vaksinləri çoxdan icad etmişdilər. Bax bu cür siyasətlə gənc nəsli, həm bizi, həm də sizi məhv edirlər. Hakimiyyətin niyyəti millətə qənim kəsilməkdir..

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: