Hakimiyyət Elvindən niyə qorxur

 Elvin İsayevin məhkəməsi oldu və yenə təxirə salındı. Məhkəmədə iştirak etmək üçün gələn onlarla insanın heç biri məhkəmə zalına buraxılmadı və polis ora yığılan kütləni müxtəlif istiqamətlərdə dağıtmaq üçün göstəriş aldı. Bu rejim Elvinə görə yığışan kütlədən belə qorxur. Səbəb nədir? Elvin kimdir ki, rejim onu ələ keçirmək üçün milyonlar xərcləyib, başqa ölkənin ərazisində onu oğurlatdırıb. Elvin siyasətçi deyil, bir çoxlarının öyündüyü ali təhsili ya elmi dərəcəsi yoxdur (imkansızlıqdan orta təhsilini də tam ala bilməyib), amma bu sadə oğlan vətəni üçün hər şeyindən keçməyə hazırdır, həqiqətləri deməkdən çəkinmir və bir çoxları kimi pula görə əqidəsini dəyişmir. Müxalifətdə intellekti ilə seçilən, öndə olan çox siyasətçiləri tanıyırıq, hətta Azərbaycanda 3-4 ən ağıllı insanlardan hesab olunan elm adamı var ki, milli məclisdə oturub və xalqın ondan gözlədiyi etimadı doğrultmur. Xalqın (xüsusilə gənclərin) ümid etdiyi başqa birisi- partiya sədri bu hakimiyyətin nüfuzunun qalxmasına xidmət edir, əvəzində mükafat (guya kompensasiya ???!!!) alır və bütün ümidləri puç edir, başqa birisi isə bunların elədiyini malalayır, gözə kül üfürür. Başqa ,,müxalifət” barədə isə heç danışmağa dəyməz: düşmənə xidmət edən bir klanın başında durana vəkillik edənlər bizə arxadan zərbə vuranlardır. Bu sadaladığım ,,müxalifət” dildə yenə müxaliflik edir, yəni rejimi tənqid edir, amma həm də bizi inandırmağa çalışırlar ki, situasiyanı dəyişmək bizdən asılı deyil, cəmiyyət hələ yetişməyib. Vətənimizin, dövlətçiliyimizin təhlükəli bir vaxtında bəzi blogerlər, rejimi tənqid etməklə yanaşı hakimiyyətdə olan klanların düşmənlərimizlə əlaqədə olduğunu və ən əsası da ,,ana müxalifət”in də bu klanlarla əlbir olduğunu aşkar edib bunu efir vasitəsilə xalqa çatdırırlar. (Məhz buna görə o ,,müxalifət” Elvini müdafiə etmir).Hakimiyyətdə çaxnaşma yaradan efirlərdən birincisi Qurban Məmmədovun Azərfreedom kanalıdır ki, dəfələrlə rejim tərəfindən vurulub. Elvin də məhz bu yolu tutdu: 27 ildir xalqı aldadan, onda inam hissini öldürən, torpaqlarımızın azad olması üçün heç bir cəhd belə etməyən, rüsvayçı sülh danışıqlarına hazır olan, bizi dünyada üzüqara edən rejimi və bu rejimin hakimiyyətdə qalmasına xidmət edən ,,müxalifət”i ifşa etməklə yanaşı xalqı öz haqqını tələb etməyə çağırırdı. Rejimlə mübarizə aparmaq üçün tənqidin kifayət olduğunu düşünən xalqın müəyyən qismi artıq bu rejimdən qurtulmaq haqqında düşünməyə başladı. Digər tərəfdən isə müxalifətin əsas qüvvələri hesab olunan partiyalara inam azalmağa başladı. Və xalqın bu təbəqələri arasında hakimiyyəti qorxuya salan BİRLİK təhlükəsi yaranmağa başladı. Nə olursa olsun bu BİRLİYİN qarşısı alınmalı idi. Bu məqsədlə Qurban Məmmədovu gözdən salmaq, Elvini yolundan azdırmaq üçün çoxlu sayda ,,blogerlər” meydana çıxdı. Rejim milyardlarını qoruyub saxlamaq, hakimiyyətinin ömrünü uzatmaq və onun sonunu yaxınlaşdıra biləcək BİRLİYİN qarşısını almaq üçün milyonlarından keçdi və Elvini oğurlatdırıb xalqdan təcrid etdi. Elvinin tutulması xalq arasında şok effekti verdi, bizi çox məyus etdi; hətta bir müddət sonra da Xatirə xanımın ifasında ,,Bir qəribin yuxusu” mahnısını eşidəndə mən məhz Elvinə görə hönkür-hönkür ağladığımı xatırlayıram. İndi isə mən Elvinə aid və başqa bu kimi xəbərləri soyuqqanlılıqla qarşılayıram- ona görə yox ki, laqeydləşmişəm, yox əzizlərim, ona görə ki, bərkimişəm və özümü əvvəlkindən daha qətiyyətli hiss edirəm. Qurban Məmmədov və Elvin İsayev bu rejimin ən çox qorxduğu, yuxusunu ərşə çəkən bir iş görürlər- xalqın inamını özünə qaytarır, xilas olmaq üçün birləşib mübarizə aparmaq lazım olduğunu başa salırlar. Məhz buna görə Elvin İsayev öz intellekti, savadı, elmi dərəcəsi ilə öyünən (,,müxalifət”də beləlıri çoxdur) bir çoxlarından xalqın qanını içən bu rejimə daha çox qorxu yaradır.

Yaqut Xəlilova

Bunu paylaş: