Həyat və riyaziyyat…

 

-Ata, mənə riyaziyyatı öyrət də…

-Kitab, dəftərimi gətirdim. Sən öyrət, mən yazım.
-Ehh… Sən riyaziyyatı bilmirsən.
Bəlkə də müəllimin də bilmir qızım. Atan öyrətsin deyirlər. -Ürəyim gəlmir axı. Riyaziyyat, illərlə birini gözləmək, sonunda topladığın illərin cəm yox, “qismət” -olduğunu görməkdir. Riyaziyyat, bir qocanın aldığı təqaüdü 30 günə bölməkdir. Riyaziyyat, baharın 3 aydan sonra yox, bəlkə də illərlə gəlməyəcəyini bilməkdir. Riyaziyyat, bir xanımın çəkməsinin pulunun, bir ailənin aylıq gəliri ilə müqayisəsidir. Riyaziyyat, bir kişinin barlarda bir saata xərclədiyi pulun, bir müəllimin bir aylıq qazancından çox olmasıdır. Riyaziyyat, xəstə yiyəsinin beynindəki çək-çeviridir. Riyaziyyat, bir qarının oğlunu ən son nə vaxt görməsini hesablamasıdır. Saçlarına həsrətin saldığı dənin hesabıdır. Oğlunun gedişindən sonra hər gününü bir ilə çevirər.

Bu hesabla həsrətin neçə əsrə bərabər olmasıdır. Riyaziyyat, rüşvətlə 2×2=4-ə cavab 5 deməkdir. Riyaziyyat, bir şəhidin 10-15 günə unudulmasıdır. Nəysə… Atan da yaxşı riyaziyyatçı deyil qızım. Geridə qalan illərlə, yaşayacağı illəri ha toplasa da, “ömür” ala bilmədi. Riyaziyyat həyatdır qızım. Bunu sənə nə müəllimlərin öyrədə biləcək, nə də mən. Zamanla, böyüdükcə özün öyrənəcəksən.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın