Hər kəs 20 sentyabr aksiyasını işıqlandırmalıdır

 

“Əsrin cinayətinin” qurbanı olmuş, ağır işgəncələr alaraq əmək və normal yaşamaq imkanını itirmiş şəxslərin bir qrupu sentyabrın 20-də kütləvi şəkildə prokurorluğa ərizələrlə müraciət etməyə hazırlaşırlar. Bundan vahiməyə düşən hakimiyyət onlara qarşı təzyiqlərə başlayıb.

Təzyiqlər də həmişə olduğu kimi polis orqanlarının əlilə həyata keçirilir. Metodlar da ənənəvidir: işgəncələrə, vəhşiliklərə məruz qalmış hərbçilərimizi ən qədim peşə sahiblərinin ənənələrinə uyğun qaydada, kimisə guya döyməkdə, qəza törətməkdə şərləyirlər, hansısa təzyiqlərə məruz qoyacaqları ilə şantaj edirlər.

Burda məqsədim polisin ya hansısa digər bir orqanın ünvanına fikir bildirmək deyil, biz onların hamısını bunsuz da çox yaxşı tanıyırıq. Ona görə də düşünürəm ki, kimisə təəccübləndirəcək yenilik təqdim edə bilmərəm. Məqsədim heç ölkənin ictimai-siyasi kəsimini də Tərtər cinayətinin qurbanlarına dəstək olmağa çağırmaq deyil.

Heç medianı da terror, qətliam qurbanlarının aksiyasını (bəli, bu, həm də aksiyadır) işıqlandırmağa çağırmaq istəmirəm, çünki bunların heç biri baş verən deyil. Bəlkə də xoşbəxtlikdən. Amma ayrı-ayrı vətəndaşlar olaraq hər birimiz 20 sentyabr aksiyasını sosial mediada işıqlandırmalıyıq. Ona görə ki, cinayət təkrarlanmasın.

Ən azı ona görə ki, nəcməddinsadıkovlar, xanlarvəliyevlər, zakirqaralovlar, zakirhəsənovlar və digər cinayətkarlar, qatillər, düşmənlər bir də bu xalqa əl qaldırmağı ağıllarına belə gətirməsinlər. Ona görə ki, onlar törətdikləri vəhşiliklərə görə qorxu, vahimə içində yaşasınlar və insan kimi dünyadan köçə də bilməsinlər.

Ona görə ki, biz xalq olaraq öz gücümüzü duya bilək, özümüzə inamımızı artıraq. Onda daha da güclü olacağıq və onda bizim qarşımıza nə heç bir cinayətkar çətə, nə də hətta güclü bir dövlət belə çıxmağa cürət eləməyəcək. Çünki bu dünyanı iki təbii hiss idarə edir: cəsarət və qorxu, onlar da heç vaxt birlikdə olmurlar.

Odur ki, seçim imkanı və haqqı da özümüzdədir. Ya qorxaq olub gündə min dəfə öləcəyik, ya da cəsarətli olub qalib gələcəyik.
Azərbaycan polisinin “Əsrin cinayətinin” qurbanlarına təzyiqi isə onun göstəricisidir ki, nə hakimiyyət, nə də onun başında dayanan İlham Əliyev bu cinayətin ifşasında maraqlı deyil.

Olmayacaq da, olmalı deyil də, çünki cinayəti törədənlər İlham Əliyevin komandası, onun hakimiyyətidir. Yalnız bir halda Əliyev özünü xilas etmək üçün çətəsindəki cinayətkarları qurban verə bilər: bizim gücümüzdən qorxanda. Əliyev qorxanda və deməli, bizə qalan cəsarət oldu. Odur ki, yaşamaq üçün cəsarətli olmalıyıq.

Başqa yolumuz, başqa seçimimiz yoxdur.

Ərəstun Oruclu.

 

Bunu paylaş:

Bir cavab yazın