Həqiqi Turan birliyi olacaqmı?

 

İstanbulda noyabr ayının 12 – də baş tutan Türkdilli ölkələrin dövlət başçılarının görüşü tarixi bir hadisədir. Son zamanlar dünyada baş verən qlobal dəyişikliklər heç də insanlığın və milli dövlətlərin xeyrinə deyildir. Söz sahibi olan dövlətlər öz gücünü dünyada sülhün, əminamanlığın, ədalətin bərqərar olmasına sərf etmək əvəzinə, daha çox öz imperialist ambisiyalarının həyata keçməsinə sərf edirlər.
Buna misal olaraq, Amerikanın Yaxın Şərqdə, yaxud Rusiyanın öz qonşularına qarşı sərgilədiyi aqressiv siyasətini göstərmək olar.
Belə bir vaxtda öz siyasi, iqtisadi və hərbi sahələrdə olan problemlərini həll etmək üçün regional dövlətlərin müəyyən bir ümumi dəyərlər ətrafında birləşməsi həyati əhəmiyyət kəsb edir. Məhz Türk dövlətlərinin birliyi də bu günün tələblərinə cavab verən bir hadisədir. Birliyin adı, bundan sonra Türk Dövlətlərinin Təşkilatı (TDT) adlanacaq.
TDT – nin nisbətən məhdud maliyyə imkanları olsa da, ekspertlərin fikrincə, əsas problem bu dövlətlərin avtoritar rejimlər tərəfindən idarə olunması olacaqdır. Doğrudan da, Türkiyədən başqa heç bir türk dövlətlərində demokratik idarəetmə mövcud deyil. Zatən bu dövlətlərin zəif inkişafının da əsas səbəbi məhz budur.
Başqa sözlə, əgər həmin dövlətlərdə bu gün mövcud olan avtoritar rejimlər qalacaqsa, xalqın rifahının yüksəldilməsindən danışmağa dəyməz. Öz xalqına zülm edən rejimlər isə əsasən Türkmənistan və Azərbaycandadır. Kırqızıstanda və Özbəkistanda olan rejimlər isə nisbətən xalqa yaxındır.

 

Türkiyə prezidentinin İ. Əliyevə medal verməsi mənə Brejnevin “perepiska” ilə məşğul olan Heydər Əliyevə medal verməsini xatırlatdı. Əcəba, sayın Cümhurbaşqanı R.T. Ərdoğan Azərbaycan xalqına bu rejim tərəfindən olan zülmü görümürmü?
Yoxsa güvəndiyimiz dağlara qarmı yağdı?
Ümid edək ki, TDT, türk diktatorları təşkilatına (tdt) çevrilməyəcək. Bu həm də hər birimizdən asılıdır. Doğrudan da, hər bir xalq öz hüquqlarını özü müdafiə etməlidir.
Başqa sözlə, hər bir xalqın hüququ onun özü imkan verdiyi qədər pozulur.

Şahin Şirvanlı.

Bunu paylaş: