Həkim məsləhəti: hamıya çip qoyulsun!

 

Nəhayət, uzun müddət davam edən tərəddüddən sonra mən də COVİD 19 – dan peyvənd olmağa qərar verdim və dünən ilk peyvəndi vurdurdum.
Doğrusu, həkim olduğum üçün, peyvəndin və immunitetin yaranması mexanizminə bələd olduğum üçün, bir yandan da pandemiyanın törədicilərinin Çin labaratoriyalarından qəsdən yayılması haqqında “mötəbər” mənbələrdən ( məs. Donald Tramp)
məlumatlar yayıldığı üçün doğrudan da beynimdə fikirlər qarışmışdı.
Bir yandan da, Bill Qeytsin maliyə dəstəyi ilə insanlara “çip” qoyulması və sonradan bu “çiplər” vasitəsilə insanların robot kimi bir komanda ilə idarə edilməsi haqqında şaiyələr də çox yayılmışdı. Hətta Azərbaycanda “cipləri” pandemiya vaxtı taxılan maskalar üzərində “görənlər” də olmuşdu.
Etiraf edim ki, mənim peyvənd etdirməyimə əsas səbəb elə bu “çip” məsələsi oldu.
Uzun illərdir Avropada yaşayan insan kimi, deyə bilərəm ki, burada yaşayan insanlar elə cip qoyulmuş, proqramlaşdırılmış robot kimidirlər. Məsələn, hamı robot kimi növbəyə durur, heç kim bir – birinin işinə burnunu soxmur, tanımadığı adamın gözünün içinə zillənmir, heç kim seçkiləri saxtalaşdırmır ( proqramda yoxdur axı) və s.
Hamı adam balası kimi, təminatlı, əsəbləri sakit yaşayır.
Baxmayaraq ki, nə yerin altından havayı çıxan, xaricə valyuta ilə satılan neftləri var, nə də qazları.

Heç bizim Daşkənddə, Kəlbəcərdə olduğu kimi qızıl yataqları və digər təbii sərvətləri yoxdur.

Burada ən qiymətli sərvət insandır, insan!
Bütün bu saydıqlarımın və saymadıqlarımın hamısının əksi isə bizdə vardır.
Bütün bunlardan aydın olur ki, bizim nəyimizsə çatmır – ç i p i m i z.
Bəli, bizim hamımızı bir yerə toplayıb bütün naqisliyə qarşı mübarizəyə istiqamətləndirən çipimiz çatışmır.
Odur ki, bir həkim kimi bütün xalqımızı kütləvi şəkildə “peyvənd” olmağı məsləhət görürəm.
“Peyvənd” olmaq üçün “həkim” İlham Aslanoğluya müraciət edin tel. 050 332 50 38.
Kabinet: Azərbaycan Xalq Hərəkatı Təşkilat Komitəsi (AXH TK).
Koranavirus boş şeydir, əsas çipdir, çip.

PS: Son aldığımız məlumata görə Rusiyada koronavirus tüğyan edir.
Gündəlik ölənlərin sayı 800 – ə yaxındır. Bu bir gündə 44 günlük Qarabağ müharibəsində verdiyimiz itkidən 16 dəfə çoxdur.
Odur ki, həqiqi peyvənd olmağı da unutmayın, əziz həmvətənlərimiz.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın