Gənc yazarın ürək sözləri

 

Salam Aleykum. Hər kəsə aid deyil. Yazırsan ki, taksi sürücüsü yol boyu sənə ədalətdən danışır, amma 3 manatlıq yola 10 manat pul istəyir. O saat taksi sürücüləri şərhə tökülüb, səni təhqir edir. Yazırsan ki, müəllim ölkədə savadsızlıqdan şikayət eləyir, amma hədiyyə verməyənə, yanına hazırlığa getməyənə təhsil vermir. O saat müəllimlər şərhə tökülür, səni qınaqlarla qanına bələyir. Yazırsan ki, din, elm olsa da, əsil müsəlmanlar azdır. Çox şəriət ölkələri göz önündə. İnsan qanı sudan ucuz, uşaq var, uşaqlıq yox. O saat virtual dindarlar şərhə tökülür, sənə qarğış yağdırırlar. Yazırsan ki, fahişəlik azadlıq deyildir, feministlər səni sürüyür. Yazırsan ki, bu Bayram Nurlu kimilərini az reklam edin, 5 il sonra oğlunuz Bayram Nurlu kimi bəzənəndə başınıza döyəcəksiz. O saat (ifadəmə görə üzr istəyirəm), geylər, translar şərhə tökülüb, səni tənqid, təhqir edirlər.

Yazırsan ki, normal ölkələrdə vaynerlər problemləri işiqlandırır, bizdə isə cana ziyan enerji içkilərini reklam edirlər. O saat vaynerlər şərhə tökülüb, səni səhv çıxarmağa çalışırlar. Yazırsan ki, həyatda özünü apara bilməyən insanlar efirə çıxıb veriliş aparırlar, o saat aparıcılar səni polislə hədələyirlər. Yazırsan ki, müğənnilər səsi ilə deyil, açıq sinəsi ilə məşhurluq qazanıb özünə müğənni, sənətçi deyir. O saat müğənnilər sənə təzminat davası açırlar. Yazırsan ki, gəncliyimiz məhvə gedir. O saat heç bir savadı, kreativ düşüncəsi olmayan, kitabxanadan başqa bütün xanada olan, gəncliyi avaralanmaqdan, bildi-bilmədi hər şeyə fikir bildirməkdən ibarət olan hərşeyşünas avara gənclər səni şərhlərdə tənqid atəşinə tuturlar. Yazırsan ki, jurnalistlər yaltaqlıqdan başqa heç nə etmir. O saat jurnalistlər səni sözləri ilə daş-qalaq edir, polisə şikayət edirlər. Qısacası, qadın azadlığından yazsan, kişilər, evdar qadından yazsan, feministlər, qəlyandan yazsan, qəlyan çəkənlər, dindən yazsan, inandığı kitabı oxumayan dindarlar, təhsildən yazsan, müəllimlər, jurnalistdən yazsan, ağız dolusu söz azadlığından bəhs edən jurnalistlər, səhiyyədən yazsan, həkimlər, səviyyədən yazsan, səviyyəsizlər səni şərhdə “ağ yuyub, qara sərəcəklər”. Ay başınıza dönüm, mən manıs deyiləm, zakaz alam sizdən, siz istəyən havanı çalam. Bu, mənim şəxsi səhifəmdir. Və mən içimdən gələnləri, gördüyüm neqativləri yazıram. Mən sizin kimi yaltaqlığı bacarmıram, sizin kimi soxulcantək “girənliyi” bacarmıram. Bundan bir neçə ay əvvəl 54 min izləyicisi olan bir instagram səhifəm var idi. Yazdığım statlara görə məni qınaq atəşinə tuturdular. Amma mən bir az xəsis adamam.

Heç vaxt yeyə bilmədiyim yeganə şey SÖZÜMDÜR. Mən kütləyə tərs gedirdim. Şikayət edə-edə səhifəmi sildirdilər. Niyə axı? Əslində, niyəsini bilirəm. Başa düşürəm, paylaşılan yazılarda özünüzü görürsüz. Tamam. Amma sizə güzgü tutana əsəbləşib, daş atmaqdansa, güzgüyə baxıb, yanlışınızı düzəldin, fikirlərinizi təhqirsiz, mübahisəsiz bölüşün, bir-birinizə anlayışla davranın. Yox, bunları bacarmırsınızsa, səhifəmi blok edin, yazılarım qarşınıza çıxmasın, əks halda mən sizi səhifəmdən uzaqlaşdıracam. Həqiqətən də, sən nə qədər dürüst, nə qədər sədaqətli, nə qədər niyyəti saf olursan, ol, ətrafdakı insanlar bunu öz düşüncə tərzlərinə görə incələyirlər. Məhz bu səbəbdən “kiməsə görə dürüst olma, özünə görə: dürüst ol” devizi ilə yaşayıram. Janna Dark da niyyətində saf idi, xalqın rifahını istəyirdi, qarşısında formalaşmış cəmiyyət görmək istəyirdi, nə olsun? Sonradan elə xidmət etdiyi xalq, onun fikirlərilə sonradan cəmiyyət quranlar onu meşədə ağaca bağlayıb, yandırdılar. Bəli, insanlar belədir, öz düşüncə tərzlərinə görə davranırlar və sənin düşüncələrin onlar üçün absurddur. Əziz gənclərimiz, niyə sizə şeirlər yazanın qələmini əlinə batırırsınız? Niyə əllərinizi kəsənə qollarınızı uzadırsınız? Axı məhv etməyə çalışdığınız gənclik sizi heç vaxt bağışlamayacaq…

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın