Gürcüstan görüşündən nəticə gözləməyə dəyməz

Gürcüstanda baş tutan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan XİN Ararat Mirzoyanın görüşü başa çatdı. Görüş zamanı Azərbaycan tərəfi birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş 4000 – ə yaxın vətəndaşını, Zəngəzur dəhlizinin açılmasını, Ermənistan ordusunun torpaqlarımızdan çıxarılmasını və 10 noyabr bəyanatına əməl edilməsinin vacibliyini vurğulamışdır.
Erməni tərəfi isə, hər zaman olduğu kimi Qərbdən dəstək almaq üçün ATƏT-in Minsk qrupu çərçivəsindən yenidən danışıqların başlamasını istəyir.

Təbii ki, rəsmi Bakı bu qrupun səriştəsiz fəaliyyətindən sonra ondan imtina etmişdir. Hələlik tərəflərin rəhbərliyi Gürcüstan görüşü ilə bağlı hər hansı bir açıqlama verməmişdir. Demək olar ki, dəyişən bir şey yoxdur.
Hər zaman olduğu kimi, Ermənistan işğalçılıq siyasətini davam etdirməkdə maraqlıdır. Bu görüşdə yalnız bir yenilik olmuşdur ki, tərəflər üçüncü tərəf olmadan danışıqlar aparmışlar.

Bu görüşdən bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan və Rusiyaya xəbərdarlığını yəqin ki, rəsmi İrəvan izləmişdir. XİN-nin danışıqlarından əvvəl ölkə başçısının sözləri təsadüfi deyildir. Əgər Gürcüstanda heç bir nəticə əldə edilməsə, Azərbaycanın cavabı sərt olacaqdır.

Azərbaycan məcburdur 44 günlük müharibədə imzalanmış 10 noyabr bəyanatına öz gücü vasitəsi ilə cavab versin. Təbii ki, ölkəmizin yenidən anti-terror əməliyyatları aparması real görünür. İlham Əliyev də qeyd etdiyi kimi, iki ilə yaxındır Ermənistan tərəfi götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Beləliklə, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü sonuncu ola bilər. Hər şey bir daha qeyd etdiyimiz kimi, rəsmi İrəvanın seçimindən asılıdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın